vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
11:05 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa avrozonanın dağılmasına hazırlaşır?

Ekspertlər qitədə iqtisadi, siyasi, və hərbi nizamın pozulacağından narahatdırlar

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il Avropanın, daha dəqiq ifadə etsək, avrozonanın tarixində əhəmiyyətli, kritik il kimi nəzərdən keçirilir. Qərbin aparıcı nəşrləri, analitik mərkəzlərinin gəldiyi qənaət budur ki, sentyabr ayına kimi bir sıra ölkələrdə - Niderland, Fransa və Almaniyada Avropanın vahid valyuta ailəsi - avrozonanın taleyini müəyyən edə biləcək seçkilər keçiriləcək. Bundan əlavə, İtaliyada da ilin sonuna kimi seçkilərin keçiriləcəyi ehtimalı güclüdür. Belə bir qeyri-müəyyən vəziyyətdə avrozonanın əsas oyunçuları gələcəkdə özlərini baş verə biləcək gərginlikdən qorumaq üçün ən müxtəlif planlar üzərində baş sındırırlar. Avrozonanın hansı səbəblərdən dağıma riski qarşısında qalması və onun dağılmasının Avropaya necə təsir edəcəyi barədə ekspertlər Birləşmiş Ştatların nüfuzlu «Stratfor» kəşfiyyat-analitik mərkəzinə öz mövqelərini bölüşüblər.

Beləliklə, ilk olaraq İtaliyadan başlanılıb. Burada hakimiyyətin tükdən asılı vəziyyətdə olduğu və hər an dağıla biləcəyi vurğulanıb. Ölkədə növbədənkənar seçkilərin nə vaxt keçiriləcəyi bəlli olmasa da, elektoratın böyük əksəriyyətinin avrozonanı tərk edən partiyaları müdafiə etməsi beynəlxalq maliyyə bazarlarını təhlükəli vəziyyətə salıb. Narahatçılıq isə durmadan artacaq - belə ki, İtaliyanın sol-mərkəzçi Demokrat Partiyasının üzvləri bəyan ediblər ki, yeni siyasi partiya yaradıblar. Yeni qurumu isə hakim partiyanın avroskeptik əhval-ruhiyyəli «Beş ulduzların hərəkatı»nı məğlub etmək iqtidarında olduğu vurğulanır. Fransada isə hələ ki, vəziyyət fərqlidir və hər şey bazar günü keçiriləcək seçkilərlə müəyyən ediləcək. Analitiklər qeyd edir ki, əgər Marin Le Pen qalib gələrsə, onda ölkənin avrozonada qalıb-qalmayacağı barədə referendum gündəmə gətirilə bilər. «Stratfor»da hesab edirlər ki, Yunanıstanın Avropa İttifaqından çıxma təhlükəsi xeyli güclənib. Afina qurumdan yeni kredit tranşı almaq üçün ölkədə iqtisadi islahatlar keçirəcəyini vəd edib. Lakin problem ondadır ki, bir sıra islahatlarda sosial məsələlər də öz əksini tapıb. Söhbət pensiya və əmək qanunvericiliyindən gedir. Onların reallaşması isə ölkədə siyasi gərginliyə və sosial iğtişaşlara gətirib çıxara bilər.

Nəzərə alsaq ki, Yunanıstanda koalisiya hökuməti elə də ciddi yerə malik deyil, belə olan halda, hökumət istənilən an dağıla bilər. Növbədənkənar seçkilərin isə ölkədə avrozona ilə bağlı referendumun keçirilməsinə gətirib çıxarma ehtimalı var. Bir sözlə «Brexit»in ardınca «Grexit»in da yaşanma ehtimalı güclüdür. Beş il bundan öncə, Avropa İttifaqı Yunanıstanın qurumdan çıxmasına yol vermədi. Aİ hesab etdi ki, Yunanıstanın qurumdan çıxarılması, gələcəkdə İspaniya və İtaliyanın da təşkilatdan çıxmasına gətirib çıxara bilər. Bu səbəbdən də yunanlara külli miqdarda kredit verdi. Qeyri-müəyyənlik valyuta zonasının üzvlərini ən müxtəlif variantları nəzərdən keçirməyə vadar edib. Məsələn, Niderland avro ilə «münasibətlər»i öyrənmək üzərində iş aparır. Hətta müvafiq bir tədqiqat da aparılıb. Nəticələri gec bəlli olacaq tədqiqatda Niderlandın hansı yollarla avrozonanı tərk edə biləcəyi yollarına da aydınlıq gətirilir. «Strafor» yazır ki, belə tədqiqat partiyaların və hökumətin avrozonanın iflasa uğrayacağına necə ciddi yanaşdığını göstərəcək.  Bu tədqiqat avroskeptik tərəfdarı olan «Azadlıq» partiyası tərəfindən deyil, mərkəzçi partiyalar - xristian demokratlar tərəfindən aparılıb. Bununla həm də siyasi qurumlar öz seçicilərinə vahid valyuta və fiskal siyasətin ölkə iqtisadiyyatına necə təsir edəcəyi barədə mesaj göndərirlər.

Holland siyasətçilər bununla yanaşı, vahid valyuta məkanının gələcəyindən narahat olduqlarını gizlətmirlər. Və onlar bilmək istəyirlər ki, avrozona böhranı baş verərsə, hansı addımlar atılacaq. Fransa, İtaliya və yaxud Yunanıstanda  referendumla bağlı təhlükəni nəzərə alsaq, hollandların ehtiyatlanmaları əsaslandırılıb. Niderland Şimali Avropada əhəmiyyətli oyunçudur. Onun avrozona ilə bağlı mövqeyi Almaniya ilə üst-üstə düşür. Almaniyaya gəldikdə, bu ölkə ilə bağlı vəziyyət mürəkkəbdir. Analitiklər hesab edirlər ki, Almaniya Fransa və İtaliyada hansı qüvvələrin hakimiyyətə gəlməsini prioritet götürəcək. Yəni siyasətini bu nəticələr üzərində quracaq. «Stratfor» qeyd edir ki, avrozona yaradılanda əsas məqsəd Fransa və Almaniyanı maksimal dərəcədə bir-birinə yaxınlaşdırmaq olub. Yəni, tərəflər bir-birinə o qədər yaxınlaşmalı idilər ki, heç bir vaxt müharibə etməyə can atmasınlar, bunu mənasız iş hesab etsinlər. Mövcud vəziyyət isə bu ideya tərəfdarlarını çətin duruma salır. Əgər avrozona dağılarsa, onda onun dağılması ən çox Almaniya və Fransa arasında problemlərə yol açmış olacaq. Xüsusən də qitədə iqtisadi, siyasi, və hərbi nizamı pozmuş olacaq. Digər tərəfdən, əgər avrozona fəaliyyətini davam etdirərsə və seçicilər arasında narazılıq yaratmaqda davam edərsə, bu hal hökumətləri və maliyyə bazarlarını daima şübhə altında saxlamaqda davam edəcək. Daimi təhlükə öz növbəsində Avropanın iqtisadiyyatına ziyan gətirmiş olacaq və gələcəkdə radikal və populist siyasi hərəkatların daha da fəallaşmasına zəmin yaradacaq.