vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
11:22 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevin musiqi paytaxtı olmasına bir həftə qaldı

Mayın 9-da «Eurovision 2017» mahnı müsabiqəsinin, Azərbaycan təmsilçisinin də çıxış edəcəyi ilk yarımfinalı keçiriləcək

Xəyalə RƏİS

Ötən il İsveçin paytaxtı Stokholmun «Qlobe» arenasında keçirilən «Eurovision 2016» mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Cəmalə olmuşdu. 1944-cü ildə Stalin repressiyaları zamanı Krım tatarlarının taleyindən danışan «1944» mahnısı ilə birinci yerin sahibi olan ukraynalı təmsilçi ifası ilə «Eurovision 2016»-nın qalibiyyətini məhz Ukraynaya aparmışdı. Onun bu ifası bir çox söz-söhbətlərə səbəb olsa da, nəhayət, builki müsabiqənin məhz Ukrayda keçirilməsi təqsdiləndi.

Beləliklə, «Eurovision 2017» mahnı müsabiqəsinin yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində keçiriləcək. Sözügedən yarışmaya 43 ölkə, o cümlədən Azərbaycan qatılacaq. Diana Hacıyeva Azərbaycanı «Skeletons» (Skeletlər) mahnısı ilə təmsil edəcək. Onun  ilk yarımfinalda 8-ci çıxış edəcəyi gözlənilir.


Diana Hacıyeva kimdir?


Bu yarışmada ölkəmizi təmsil edəcək D.Hacıyeva caz musiqiçisi, «Bəri bax» kollektivinin solistidir. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva «Eurovision» mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda altıncı yerdə qərarlaşıb. 2011-ci ildə onun «Find Yourself» adlı klipi çəkilib.

Gənc müğənni 2009-cu ildə gitaraçı Əli Nəsirovla ailə həyatı qurub. Onların 2014-cü ilin noyabr ayında qız övladları dünyaya gəlib. Son bir neçə ayda bir çox təlimlərdə iştirak edən Diananın artıq müsabiqədə nümayiş etdirəcəyi klipi və səhnə performansı hazırdır. Belə ki, təmsilçimiz ötən gün Kiyev səhnəsində ilk məşqini edib. «Skeletons» mahnısı üçün hazırlanan səhnə şousu avropalıların sevgisini qazanıb. Ekspertlər bildirib ki, birinci yarımfinalda ən uğurlu çıxış.

Portuqaliya (Salvador Sobral) və Azərbaycan (Dihaj) təmsilçilərinindir. Diananın final gecəsi münsiflərdən xalı çox olmasa da, tamaşaçı səsverməsində ön pillələrdə yer alacağı deyilir.

Diananın səhnə şousunun xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Səhnədə ümumilikdə 6 nəfər yer alıb. Diana və at başlı gənc əsas, digər 4 nəfər isə köməkçi obrazlardır. Səhnədə sinif otağı qurulub və yazı taxtasında şüarlar qeyd edilib. «Təxəyyül», «hissiyyat», «hazırcavab», «pis oğlan» kimi sözlər yazılıb. Diananın sağında pilləkən yerləşdirilib və üzərində başında at təsviri olan rəqqas yer alıb. Belə təsəvvür olunub ki, oğlan özünü yüksəkdən tutur və Diananın fikirlərinə önəm vermir.

Diana isə ona sinif otağında sevgini fəlsəfi baxımdan başa salmağa çalışır və onu öz səviyyəsinə endirməyə cəhd edir. Hətta rəqs zamanı Diana emosional şəkildə «maskalı pis oğlan»a etirazını bildirir. Lakin, at başlı gənc dikbaşlığını qoruyur, pencəyini düzəldir və onun fikirlərini önəmsəmir.

Şoudan görünür ki, sonra oğlan yavaş-yavaş pilləkənlərdən aşağı düşür. Hacıyevanın fəlsəfi hissləri onu aşağı düşməyə məcbur edir. Lakin artıq sinif otağı dağılır, Diana otağı sökənlərə etiraz edir. Səhnəcikdən başa düşülür ki, Diana rəqqası öz səviyyəsinə endirə bilir, amma gec olduğunu anladır. Təmcilçimiz səhnədə sadə bir geyimdən istifadə edib.  O, səhnəciyin sonunda üst geyimini yerə atır və şou başa çatır.

Müsabiqə nömrəsinin quruluşçu rejissoru Nailə Məmmədzadə «Eurovision 2012» interval aktlarını və 2015-ci ildə Avropa Oyunlarının bağlanış mərasimini də həyata keçirib. N.Məmmədzadə musiqinin janrı və formatından asılı olaraq müğənninin özünü rahat hiss etdiyi, kiçik teatr tamaşası tərzində maraqlı və alternativ səhnə şousu hazırlayıb.

Diana Hacıyeva çıxışı ilə bağlı təəssüratlarını bölüşüb: «Skeletons» mahsının quruluşunda teatr yanaşması istifadə edilib. Xoşbəxtəm ki, bizim nümayəndə heyəti səhnədə məhz bu nömrəni təqdim etmək qərarına gəldi. İş təkcə super effektlərdə və ya texnologiyalarda deyil, onun mənim üçün böyük əhəmiyyəti var. Şou müxtəlif emosiyalar yaradır və ümid edirəm ki, tamaşaçılar biganə qalmayacaq».


Yarımfinal və finalda kimlər iştirak edəcək?


Bir həftədən sonra, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümayəndələri mahnılarını təqdim edəcək: 1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya, 5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10. Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16. Ermənistan, 17. Sloveniya, 18. Latviya.

Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq: 1. Serbiya, 2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8. Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San Marino, 12. Xorvatiya, 13. Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19. İsrail. Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradıcı üzvləri birbaşa finala vəsiqə qazanır.


Erməni təxribatları davam edir


Azərbaycan təmsilçisinin ifa etdiyi «Skeletons» mahnısı ilə bağlı da söz-söhbətlər, qalmaqallar bitib tükənmir. Belə ki, bu mahnının digər ölkələr tərəfindən daha çox sevildiyini və bəyənildiyini görən Ermənistanı ötən il «Eurovision» mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Diananın ifa etdiyi «Skeletons» barədə iddia irəli sürmüşdü. Həmin iddianı eschalley.com «Eurovision» xəbər saytı dərc etmişdi. Məqalədə qeyd olunmuşdu ki, Almaniyada yayımlanan «Eurovision» proqramında İveta qonaq qismində çıxış edib, müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir bildirib. İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu və Azərbaycan təmsilçisinin oxuduğu «Skeletons»un birinci onun üçün yazıldığını söyləyib: «Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orda idim. Hər şeyi bərabər hazırladıq».

Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin «Drip drop», Səmra Rəhimlinin «Miracle»,  Ell and Nikkinin «Running scared», Səbinə Babayevanın «When the music dies» mahnılarının söz yazarıdır.


Müsabiqənin qalmaqallı məsələləri


Avropa Yayım Şurası rəsmi olaraq bəyan edib ki Rusiya «Eurovision 2017» musiqi yarışmasında iştirak etməyəcək. Bu bəyanat musiqi müsabiqəsinin rəsmi saytında yerləşdirilib.

Təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Bu mövzu ilə bağlı «Eurovision»un saytında qeyd edilib ki, Rusiyaya müxtəlif variantlar təqdim olunub: «Rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi edilib. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi də təklif edib. Lakin hər 2 variant Rusiyanın Birinci kanalı vasitəsi ilə rədd edilib. Kanalın rəhbərliyi qeyd edib ki, «Eurovision 2017» mahnı müsabiqəsi yayımlanmayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək. Biz bütün 43 ölkənin müsabiqədə iştirak etməsi üçün əlimizdən gələni etdik».

Məsələ burasındadır ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y.Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.

Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub.

Y.Samoylova müsabiqədə «Flame is Burning» mahnısı ilə çıxış etməyi planlaşdırırdı. Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.


«Eurovision 2017»nin ən maraqlı iştirakçıları


Hər il olduğu kimi, hər kəs bu yarışmanı səbirsizliklə gözləyir. Çünki bu müsabiqədə maraqlı ifalarla bərabər, həm də maraqlı iştirakçılar olur. Müsabiqə bitsə belə, orada yaşanan hadisələr ən azı bir neçə ay müzakirə obyektinə çevrilir. Ona görə də bu müsabiqədə iştirak etmək hüququ qazanan ölkələr çalışırlar ki, daha maraqlı iştirakçılarını göndərsinlər. Bu baxımdan qeyd edim ki, «Eurovision 2017»nin ən gənc iştirakçısı Bolqarıstanı təmsil edəcək Kristian Kostovdur. 17 yaşlı Kristian Rusiyada anadan olub. Kostovun atası bolqar, anası isə qazaxdır. 2000-ci ildə Moskvada dünyaya gələn müğənni müsabiqədə «Beautiful Mess» mahnısı ilə çıxış edəcək.


Müsabiqənin favoritləri


Bukmekerlər mahnı müsabiqəsinin iştirakçıları arasında ilkin favoritlərini açıqlayıblar. Bu barədə Eurovisionworld.com saytı məlumat verib. Proqnozlara görə, birinci yeri «Occidentali`s Karma» mahnısı ilə italiyalı iştirakçı Françesko Qabbani tuta bilər.

Bolqarıstandan olan Kristian Kostovun «Beautiful Mess» mahnısı ilə müsabiqənin ikincisi olmaq ehtimalı yüksəkdir. Üçüncü yerə isə bukmekerlər «I can`t go on» mahnısı ilə İsveçin nümayəndəsi Robin Benqsstonu layiq görüb.