Vaxt.Az

Sabah sürpriz yaşana bilər


 

Qutudan rejimin maraqlarını təmin edəcək namizəd çıxacaq

Sabah sürpriz yaşana bilər Bu gün İranda prezident seçkisi ilə əlaqədar sükut günüdür. Bu siyasi kampaniyada 4 namizəd-hazırkı Prezident Həsən Ruhani, keçmiş bədən tərbiyəsi naziri Mustafa Haşimi-Taba, İmam Rza Fondunun indiki sədri İbrahim Rəisi, keçmiş mədəniyyət və islami irşad naziri Mustafa Mirsəlim iştirak edir.

Qeyd edək ki, mayın 19-da İranda keçiriləcək prezident seçkisi sayca 12-cidir. İran İslam Respublikasında ilk ikisi istisna olmaqla, prezidentlər, yaxud hökumət başçıları iki dönəm seçiliblər.

Bununla belə, Həsən Ruhaninin prezident olmaq şansı daha çoxdur. Əvvəla, o, ali rəhbərə sədaqətli olub, yaxud onunla belə davrana bilib.

Həsən Ruhani 1948-ci il noyabrın 12-də İranın şimalinda yerləşən Semnan əyalətinin Sorxe şəhərində anadan olub. İlk ruhani təhsilini İranın Qum şəhərində alıb. 1972-ci ildə Tehran Universitetinin məhkəmə hüququ fakültəsini bitirərək bakalavr dərəcəsinə yiyələnib. 1995-ci ildə Şotlandiyanın Qlazqo şəhərində Kaledon Universitetində «İranın timsalında hakimiyyətdə İslam qanunları təcrübəsi» mövzusunda magistr olub. Rus, ərəb, fransız, alman və ingilis dillərini bilir.

O, hakimiyyətdaxili islahatçı xəttin təmsilçisi sayılır. O, bununla belə hakimiyyətdaxili hər iki xəttin, islahatçı və mühafizəkarların ortaq nümayəndəsi də sayıla bilər. Başqa sözlə, Xamənei 2013-cü ildə ona xeyir-dua verib. Ötən 4 ildə isə onun ali rəhbərlə elə bir ciddi ixtilafının olması haqqında xəbər yayılmayıb.

Onu da qeyd edək ki, Həsən Ruhani uzun müddət İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində işləyib. Gəncliyində isə inqilabın lideri sayılan ayətullah Ruhullah Xomeyniyə yaxın gənclərdən olub.

Keçmiş və indiki fəaliyyəti, beynəlxalq güclər tərəfindən tanınıb, qəbul edilən olması baxımından onun yenidən prezident olacağı istisna edilmir. Bundan başqa, İranda 20 milyondan çox hərbçi və dövlət qulluqçusu var. Bir qayda olaraq, bu elektorat seçkinin taleyini həll edir. Başqa sözlə, hakimiyyətin məsləhət bildiyi namizədə səs verilir. Ona görə də qutudan, adətən, rejimin maraqlarını təmin edəcək namizəd çıxır.

Qeyd edək ki, İranda seçicilərin ümumi sayı 56 milyondan bir az çoxdur.

Əslində, namizədlərin qeydiyyata alınması mərhələsində bu məsələ həll edilir. Yəni hakimiyyət üçün problem yaratmayacaq namizəd və ya namizədlər qeydiyyata alınır.

Bu baxımdan ən etibarlı və sınaqdan çıxan namizəd Həsən Ruhani sayılır.

Seçki prosesinin legitmliyini və demokratik keçdiyini nümayiş etdirmək üçün qeydə alınan daha 5 zərərsiz namizəd də var idi.

Onlardan ikisi - Tehranın meri Məhəmmdbağır Qalibaf İbrahim Rəisinin, prezidentin müavini İshaq Cahangiri isə Həsən Ruhaninin xeyrinə namizədliklərini artıq geri götürüb.

İmam Rza Fondunun indiki sədri İbrahim Rəisi ayətullah Xomeyninin dövründə hakimiyyətə müxalifətdə olanları cəzalandıran komitənin azsaylı üzvlərindən biri sayılır. O, dünya ictimaiyyəti üçün yeni fiqur kimi görünür. İ.Rəisi hakimiyyətdaxili mühafizəkar xəttin ən əsas namizədidir. Sərt xətt tərəfdarı olan keçmiş komitə üzvü ABŞ-a münasibətdə deyib: «Amerikalılar İrandan qorxur. Ən düzü budur. Biz geri çəkilməməliyik. Onları geri çəkilməyə məcbur etməliyik».

İ.Rəisi prezidentliyə namizəd olandan sonra bildirib ki, İsrail istisna olmaqla, bütün dövlətlərlə əlaqə saxlamağın tərəfdarıdır. Onu keçmiş fəaliyyətinə görə həm islahatçı, həm də cəmiyyət üçün daha sərt namizəd olaraq göstəriblər. Başqa sözlə, İ.Rəisi islahatçıların nümayəndəsinin dəstəklənməsi üçün alternativ təzyiq vasitəsi olaraq təqdim edilə bilər.

İ.Rəisi 1960-cı il dekabrın 14-də Məşhədin Noqan rayonunda anadan olub. 5 yaşında ikən atasını itirib. 15 yaşı olanda Qumdakı dini məktəbə daxil olub. Şəhid Mütəhhəri adına Universitetin İslam hüququnun əsasları üzrə doktorluq dərəcəsini müdafiə edib.

İ.Rəisi İranın yeni sürpriz prezidenti də ola bilər. Qeyd edək ki, 2005-ci il prezident seçkisində İslam Respublikası bir dəfə belə bir sürpriz edib. Onda beynəlxalq siyasi arenada tanınmayan Mahmud Əhmədinejat prezident oldu.

Mustafa Haşimi-Taba İranın islahatçı siyasətçilərindən sayılır. 1946-cı il mayın 22-də İsfahanda anadan olub. Əmir Kəbir adına Texnologiya Unversitetini bitirib. İranın bədən tərbiyəsi naziri olub. Milli Olimpiya Komitəsinə başçılıq edib. O, Qurucular Partiyasının aparıcı fiqurlarından sayılır. 2001-ci ildə prezidentliyə namizəd olub. Mustafa Haşimi-Taba dövlətin bir sıra qurumlarında çalışıb.

Mustafa Mirsəlim 1982-1989-cu illərdə ölkənin indiki ali rəhbərinin ofisində, 1993-1997-ci illərdə Haşimi Rəfsəncaninin prezidentliyi dövründə mədəniyyət və islami irşad naziri, prezidentin müşaviri işləyib. İslam Respublikaçıları Partiyasının üzvüdür. 1947-ci il iyunun 9-da Tehranda anadan olub. Həm mühafizəkar, həm də islahatçılarla münasibətinin olduğu ehtimal edilir. Bu isə daha çox onun həm də elə ciddi fiqur olmadığını göstərir.

Onun tərcümeyi-halı ilə bağlı olan ən qeyri-adi hal həyat yoldaşının fransız olmasıdır.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli bildirib ki, seçkinin nəticələri hissə-hissə deyil, bir dəfə özü elan edəcək.

Beləliklə, İranda mübarizənin daha çox Həsən Ruhani ilə İbrahim Rəisi arasında gedəcəyi ehtimalı daha çoxdur.

 





18.05.2017    çap et  çap et