Lakin Ermənistan Müdafiə Nazirliyi bu ilin fevralında Qor Xudinyanın ölümü ilə bağlı tamam fərqli versiya açıqlamışdı. Məlumatda üstəlik o, kapitan kimi yox, «müddətdən artıq xidmət keçən hərbi qulluqçu» kimi təqdim edilmişdi. Müdafiə Nazirliyi əvvəlcə bildirirdi ki, 1991-ci ildə anadan olmuş hərbi qulluqçu Xudinyan naməlum şəraitdə ölüb. Daha sonra hərbçinin ona təhkim olunmuş xidməti silahda «nasazlığın yaranması», yaxud «avtomatın lüləsində ilişib qalan patronun partlaması» nəticəsində aldığı qəlpə yarasından öldüyü açıqlandı.
Həmin vaxt Xudinyanın Azərbaycan ordusunun açdığı atəşlə öldürüldüyü gizlədilmişdi, çünki Ermənistan Müdafiə Nazirliyi döyüş itkilərini ya gizlədir, ya da bunların bir çoxunu «intihar», «silahla ehtiyatsız davranma» kimi səbəblərlə rəsmiləşdirir. Üstəlik ölən hərbçilər zabitdirsə onların rütbələri göstərilmir, yaxud «müqavilə əsasında xidmət keçən hərbi qulluqçu» adı ilə təqdim olunur. Belə hallar əvvəllər dəfələrlə üzə çıxıb. Məsələn, ilin əvvəllərində Ağdərə istiqamətində erməni ordusunun mühəndis-istehkam qoşunlarının polkovnik-leytenantı Geqam Manukyan və baş leytenant rütbəli digər zabiti Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində öldürüləndə Ermənistan Müdafiə Nazirliyi onların «müddətdən artıq xidmət keçən hərbi qulluqçular» olduğunu açıqlamışdı. Daha sonra isə Manukyanın ailəsinə kompensasiya veriləndə onun polkovnik-leytenant olduğu rəsmən təsdiqləndi.