Vaxt.Az

«Başına dolanım Urmiya gölü»


 

Azərbaycanlı cütlük bu şüarla yola düşüb...

«Başına dolanım Urmiya gölü» Güney Azərbaycanda cəmiyyətin müxtəlif ictimai təbəqələri Urmiya gölünü böhrandan qurtarmaq üçün simvolik hərəkətlərə əl atırlar.

Bu dəfə azərbaycanlı cütlük gölün ətrafını velosipedlə (doçərxə) gəzəcək. Ətraf-mühit tərəfdarları Əli Həsən Niya və Saray Qasimi gölün ətrafında 7 gün pedal çevirməyi planlaşdırır.

Cütlük «Başına dolanım Urmiya gölü» şüarı ilə yola çıxıb, Urmiya, Salmas, Şərəfxana, Sofiyan, Təbriz, Əcəbşer, Binab və Sulduz şəhərlərindən keçərək 600 kilometr yol qət edəcəklər.

Adını çəkdiyimiz cütlük ötən aylarda «Su böhranını kontrola almaq və Meşginşəhrin turizm imkanlarını tanıtdıqmaq» şüarı ilə 1000 kilometrlik məsafəni velosipedlə qət edərək «Bəndər Türkmən»dən Meşginşəhrin məşhur asılı körpüsünə səfər etmişdilər.

Qeyd edək ki, dünyanın ikinci ən böyük şor gölü olan Urmiya gölü bir neçə ildir qurumaq təhlükəsi ilə üzləşib, böhran getdikcə dərinləşir. İran rəsmiləri isə hələ də sözdə elmi araşdırmalardan əməli işlərə keçməyə tələsmir. Bütün bunlar bölgə əhalisinin kəskin etirazı ilə müşayiət olunur.

 





03.06.2017    çap et  çap et