Vaxt.Az

Orxan Pamuk Bakıda nəyə təəssüfləndi?


 

«... Bu cür yerləri qoruyub saxlamaq lazımdı»

Orxan Pamuk Bakıda nəyə təəssüfləndi? «Bakının məşhur qonaqları» layihəsi davam edir. Burada şəhərimizdə qonaq olan dünya məşhurları barəsində xatirələrə yer ayrılır. Lakin elə anlar da olur ki, bizim öz ədəbi, mədəni, ictimai xadimlərimiz, idmançılarımız xaricdə səfərdə olarkən, getdikləri yerlərin məşhur simaları ilə görüşürlər. Sonradan bu görüşlər maraqlı xatirələrə çevrilir. Məsələn, ABŞ-da Məhəmməd Əli, İngiltərədə Devid Bekhem, başqa bir yerdə Stiven Siqalla görüşən məşhurlarımız var. Siyahını təbii ki, uzatmaq olar.

Amma bu yazıda Nobel mükafatı laureatı, bütün dünyanın tanıdığı yazıçı Orxan Pamukdan danışacağıq. Yazıçı –tərcüməçi Nəriman Əbdürrəhmanlı Orxan Pamukun İstanbulun Nişantaşı adlanan ərazidə yerləşən ofisində onunla görüşüb.

N.Əbdürrəhmanlı bu görüş barəsində Modern.az-a bunları danışır: «O zaman «Qanun» nəşriyyatında çalışırdım. Orxan Pamukun «Mənim adım qırmızı» romanını oxumuşdum və taleyinin necə olacağını bilmədən romanı Azərbaycan dilinə çevirməyə başladım. Çünki əsərin bəhs olunduğu tarixi dövr - XVI əsr, baş verən hadisələr, miniatür sənət, rəssamlıq, dövrün ab –havası, yazıçının dili məni o qədər tutdu ki, tərcümə etməyə başladım. 

2004-cü ildə tərcüməni bitirdim və Orxan Pamukla romanın Azərbaycanda çapına icazə almaq üçün əlaqə yaratmağa çalışdım. Uzun müddət əlaqə yarada bilmədim. İnternet ünvanına yazdım, lakin cavab almadım. Amma həmin il Azərbaycan Yazıçılar Birliyinin qurultayına Orxan Pamuk qonaq qismində gəldi. Bu da mənim üçün bir fürsət idi ki, görüşüm və romanın çapına icazə alım. Görüşdük. Romanın tərcüməsinin çapı üçün ondan icazə istədim. Dedi, «bir şərtlə icazə verərəm ki, tərcüməni mənə yollayasınız, bizim ekspertlər ona baxsın. Tərcümənin səviyyəsi həm onları, həm məni qane etsə, çap edərsiniz və əvəzində heç qonorar da istəmirəm. Çünki romanın Azərbaycanda çapı mənim üçün də yaxşıdır».

Sonra xeyli söhbətləşdik. O mənə, mən ona kitablarımızı bağışladıq. Romanın tərcüməsini e-mail ünvanına yolladım. Təxminən, iki həftədən sonra cavab gəldi ki, «ekspertlərimiz tərcüməyə baxıb və çapına etirazları yoxdu».

Elə oldu ki, çap işləri gecikdi. 2006-cı ildə romanı çapa hazırlayanda Orxan Pamuk Nobel mükafatı laureatı oldu. Bu da romanın çapı üçün aradakı bütün maneələri qaldırdı. Elə həmin ildə də Azərbaycan dilində çap olundu. Ancaq o zaman nəşriyyatın texniki imkanları zəif olduğundan birinci nəşrdə bəzi səhv olmuşdu. Mən bu səbəbdən, romanın ikinci nəşrini hazırladım. Həmin vaxt ölkə başçısının sərəncamı ilə «150 cildlik dünya ədəbiyyatı kitabxanası» seriyası hazırlanacaqdı. Plana Orxan Pamukun kitabı da daxil edilmişdi. Orxan Pamukun seçilmiş əsərilərinin tərtibini sağ olsunlar ki, mənə etibar etdilər. Mən də onun yeganə  hekayəsi «Pəncərədən baxmaq», esseləri ilə birlikdə «Mənim adım qırmızı» romanını daxil etdim. Ön söz də yazıdım və kitab həmin seriayadan çap olundu.

Daha sonra yolum İstanbuldan düşdü. Artıq Orxan Pamukun ofisinin ünvanı məndə var idi. Onun Nişantaşındakı ofisinə getdim. Birinci gün qrafiki çox sıx idi. İkinci gün görüşdük. Bir saata yaxın vaxt ayırmışdı. Kitabları təqdim etdim, geniş söhbət etdik. Dünya ədəbiyyatı,  Azərbaycan ədəbiyyatı, onun dünya ədəbiyyatındakı yerindən danışdıq. Bu barədə xeyli söhbətimiz oldu. Elə həmin vaxtda «Məsumiyyət muzeyi»ni yazmaq haqqında düşünürdü. Muzey haqqında da maraqlı söhbətlər danışdı. İki görüşümüz oldu. Daha sonra Orxan Pamukun daha bir romanını «Beynimdə qəribəlik»i çevirdim. Ötən il yenidən İstanbula gedəndə Orxan Pamukla görüşüb yeni kitabları ona təqdim etmək istədim. Amma səhv etmirəmsə, o ərəfədə Hindistanda idi».

Nəriman Əbdürrəhmanlı məşhur yazıçı ilə görüşdə toxunduqları məsələlərdən də danışdı. Sən demə, Azərbaycan və onun ədəbiyyatı ilə əlaqəli xeyli maraqlı müzakirələri olub:

«O, Azərbaycana Yazıçılar Birliyinin qurultayında iştirak üçün Bakıya gəlmişdi. Ümumiyyətlə, Azərbaycan ədəbi mühiti Orxan Pamuka qəribə təsir bağışlayırdı. Ədəbiyyatı təmsil edən qurumun olması, onun dövlət tərəfindən maliyyəşməsi Orxan Pamuk üçün maraqlı idi. Çünki Türkiyədə belə şeylər yoxdur. Orada ədəbi həyat çox sərbəstdir. Orada ancaq dərnək tipli qurumlar, agentliklər var. Məhz onlar yazıçı ilə əlaqə saxlayıb onun əsərlərini çap edir, yaxud onu xüsusi hüquqi müqavilə ilə dünyada təmsil edirlər. Ona görə də Yazıçılar Birliyinin tarixi ilə bağlı mənə çoxlu suallar verdi. Daha sonra Azərbaycan yazıçılarını xəbər aldı, onların dünyaya çıxması üçün hansı çətinliklərinin olduğunu soruşdu. Azərbaycan ədəbi nümunələrinin Türkiyə türkcəsinə çevrilməsi barəsində söhbətlər etdi».

Amma Bakıdan gedəndə Orxan Pamuku təəssüfləndirən bir məsələ də olub. Elə bu barədə də müsahibimizə danışıb: «Bakının gözəlliyi barəsində danışdı. Amma Bakıdakı tarixi yerlərin get-gedə azalmasına çox təəssüfləndi. Buradan gedərkən Bakının foto qlavürlərini almışdı. Deyirdi ki, bu cür yerləri qoruyub saxlamaq lazımdı. Həm də o vaxt mən bilən, «İstanbul: xatirələr və şəhər» bioqrafik romanı haqqında düşünürdü. İstanbulun tarixiliyi həmin anda onun üçün ən aktual məsələ idi. Bu səbəbdən Bakıdakı tarixiliyin necə qorunmasına da diqqət edirdi».

 





03.06.2017    çap et  çap et