Vaxt.Az

Qəzzafinin oğlu həbsxanadan çıxdı


 

Seyf əl-İslam azad olunsa da, hələ də üzərində bəzi ittihamlar qalır

Qəzzafinin oğlu həbsxanadan çıxdı «The Telegraph» yazır ki, Liviya diktatoru polkovnik Müəmmar Qəzzafinin Britaniya təhsilli oğlu Seyf əl-İslam həbsxanadan azad edilib.

O, 2011-ci ildə Tripolidən qonşu Nigerə qaçmağa cəhd göstərərkən Əbubəkr əs-Sadiq briqadası tərəfindən həbs edilmişdi.

Ötən il Qəzzafi ölüm hökmünə layiq görülsə də, azad edilməsi barədə xəbərlər çıxmış, lakin bu məlumatlar təsdiq olunmadı.

Seyf əl-İslamın azad edilməsi ölkənin şərqinə nəzarət edən parlamentin qərarı ilə ötən cümə günü mümkün olub.

İndi belə başa düşülür ki, Qəzzafi əl-Bayda qiyamçıları ilə bir yerdədir və ölkəyə müraciətlə çıxış edəcək.

Bundan əvvəl briqadanın komandanı Ajmi əl-Ətiri Qəzzafinin azad olunmasının izahatı ilə çıxış edəcək.

Öldürülmüş diktatorun övladları arasında ən fəalı olan Seyf əl-İslam vaxtilə Londondakı İqtisad Məktəbində (London School of Economics) təhsil alıb.

Onu Londonda yaxşı tanıyırdılar və onun tanışları arasında lord Mandelson və memar Norman Foster də vardı.

Qərb diplomatları onu atasının potensial varisi kimi qəbul edirdilər və düşünürdülər ki, o ölkə üçün çox vacib olan siyasi və iqtisadi islahatları həyata keçirəcək.

Lakin Seyf əl-İslamın mötədil imici o atasının qəddar rejiminin müdafiəsinə qalxıb qiyamçıları diz çökdürməyə çalışanda əriyib getmişdi.

«The Telegraph» yazır ki, o indi həbsxanadan azad olunsa da, Beynəlxalq Cinayətlər Məhkəməsinin bəşəriyyətə qarşı cinayətlər ittihamı hələ də üzərində qalır.

 





11.06.2017    çap et  çap et