Avropa İttifaqının xüsusi nümayəndəsi daha sonra Ermənistanda keçirilən seçkilərə də toxunub. Onun sözlərinə görə, heç kim Ermənistanda keçirilən seçkiləri keyfiyyətli, tam saya bilməz: «Ermənistanın can atdığı demokratik standartlara çatdığını söyləmək olmaz. Bu, hələ prosesdir. Biz deyə bilərik ki, yolun yarısındayıq. Bu məqsədə çatmaq üçün 25 il gərək oldu». Avropalı diplomat onu da qeyd edib ki, gələcəkdə keçiriləcək seçkilərin standartlara cavab verəcəyini söyləmək çətindir.
Diplomatın daha bir hədəfi hüquq-mühafizə sistemi olub. O bildirib ki, Ermənistanın hüquq-mühafizə sistemi müstəqil və yaxud neytral sistem kimi nəzərdən keçirilmir. Belə olan halda, heç kim onu insanların ictimai maraqlara uyğun hərəkət etdiyinə inandıra bilməz. «Hüquq-mühafizə sistemi dövlətin bir hissəsi olsa da, siyasi elitanın maraqlarına xidmət edən qurum kimi qəbul edilməlidir. İctimai qəbuletməni dəyişmək gərəkdir», - deyə Avropa İttifaqının Ermənistandakı missiya rəhbəri bildirib. Onun qənaətincə, əsas diqqəti seçki məntəqələrindən kənarda baş verənlərə yönəltmək gərəkdir: «Biz seçicilərin pulla ələ alınması, rüşvətin paylanması, hədə-qorxu, seçicilərin yönləndirilməsi hallarına bilirik. Hətta tibb müəssisələrində həkimlərin xəstələrin yerinə səs vermələri barədə fotolar var. Bu kimi hallar seçki prosesinə ciddi təsir edib». O, əlavə edib ki, məktəblərdə hansı mənəvi böhranın yaşandığı barədə kütləvi informasiya vasitələrində çoxsaylı materiallar gedib - pul paylanılması, insanlara fiziki təzyiqlər göstərilməsi, ümumiyyətlə, biabırçı hallar kifayət qədərdir: «Özəl müəssisələrin əməkdaşları səs əldə etmək üçün ən çirkin hərəkətlərə yol veriblər». Diplomat bundan əlavə, bu kimi halların hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılmamasına toxunub: «Halbuki, bütün faktlar ortada olub». Xüsusi elçi bütün bunlardan irəli gələrək qeyd edib ki, ermənilər dərin demokratiyaya möhtacdırlar.
Maraqlıdır ki, seçki sistemi ilə bağlı keçirilən konfransa iştirak edən Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan diplomata heç bir cavab verə bilməyib.
Avropalı diplomatın fikirləri Ermənistan hakimiyyətində kəskin narazılıq doğurub. Hakim partiya - Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Avropa İttifaqının xüsusi nümayəndəsini ölkəsinin daxili işlərinə qarışmamağa və siyasi korrektəni saxlamağa çağırıb. Parlamentin vitse-spikeri vəzifəsində çalışan Şarmazanov Petr Svitalskinin diqqətinə çatdırıb ki, Ermənistan suveren dövlətdir. «Biz etiraf edirik ki, Avropa İttifaqı üzrə tərəfdaşlarımız təkliflər verə, qiymətləndirmələrlə çıxış edə bilərlər. Lakin bu təkliflər və iradlar korrekt, diplomatik dillə ediləndə daha yaxşı olur. Hərdən insanlar yaddan çıxararlar ki, Ermənistan suveren dövlətdir və Mərkəzi Seçki Komissiyasının tərkibi ilə bağlı məsələ, reytinq sistemi, seçkilər Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələrinin monopoliyasıdır». O, Avropa İttifaqının azad, şəffaf və əhalinin etimadını doğruldan seçkilərin keçirilməsi üçün hakimiyyətə milyonlarla dollar verməsinə də toxunub: «Bu, «musiqini çalınmasına kim pul verirsə, o da haqlıdır» məsələsi deyil».
Vitse-spikerlər yanaşı, ədliyyə naziri də Svitalskini kəskin tənqid edib. Nazir onu Ermənistanın daxili işlərinə qarışmaqda günahlandırıb. «Seçki prosesi barədə səfirlər deyil, bu sahə üzrə mütəxəssislər danışmalıdır. Bu sahə üzrə ən nüfuzlu qurum Venesiya Komissiyasıdır və o da bizim sistemə müsbət rəy verib», - deyə nazir fikrini tamamlayıb.