Vaxt.Az

Siyamək Mirzayi aclıq aksiyasına başladı


 

Fars-molla rejimi güneyli fəaldan 1 milyard tümən girov istəyir

Siyamək Mirzayi aclıq aksiyasına başladı 10 il həbs və iki il sürgün cəzasına məhkum edilmiş və hazırda Tehranın Evin həbsxanasında nəzarətdə saxlanılan türk fəal Siyamək Mirzayi məhkəmə dosyesi ilə bağlı qanunsuzluqlara etiraz olaraq iyunun 17-də aclıq aksiyasına başlayıb.

Keçən ilin iyul ayından bəri nəzarətdə olan milli fəal həbsxana məsullarına ünvanladığı bir məktubda tələbləri yerinə yetirilənə qədər aksiyaya davam edəcəyini bildirib. Məhbusun məsullara müraciətinin mətni sosial media və İran Azərbaycanına dair xəbər yayan saytlarda dərc edilib.

Mirzayi məktubda müxtəlif bəhanələr ilə təxirə salınan apellyasiya məhkəməsinin təşkilini və müvəqqəti azadlığı üçün tələb olunan bir milyard tümənlik (təqribən 300 min dollar) zəmanət məbləğinin azaldılmasını tələb edib.

Milli fəal keçən ilin iyulunda təhlükəsizlik qüvvələri tərəfindən İran Azərbaycanının Muğan bölgəsində nəzarət altına alınsa da, daha sonra Tehranın Evin həbsxanasına köçürülüb.

Tehran vilayətinin Baharistan şəhərinin İnqilab Məhkəməsi bu ilin yanvar ayında onu 10 il həbs və əlavə olaraq, iki il Cənubi Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.

Türk fəal may ayında da bir məktubla Tehran prokuror müavini Hacı Muradiyə müraciət etmişdi. O, müraciətində tutulma, nəzarət müddəti, sorğu-sual, və mühakimə proseslərində qanunsuzluqlar ilə üzləşdiyini, ailə üzvlərinin isə təhlükəsizlik qüvvələrinin basqı və əziyyətlərinə məruz qaldığını açıqlayıb.

Baharistan şəhərinin İnqilab Məhkəməsi Siyamək Mirzayidən əlavə dörd digər türk dil haqları fəalını da 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib. Bu fəalların hamısı daha əvvəl Dünya Ana Dili Günü tədbirləri ilə bağlı nəzarət altına alınıblar.

Mirzayi 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər üzündən həbs, mühakimə və ali təhsilini davam etdirməkdən məhrum edilmə kimi basqılara məruz qalıb.

O, 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

 





20.06.2017    çap et  çap et