Vaxt.Az

Makron və Şvartsenegger Trampa qarşı birləşib?


 

Fransa hökuməti yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir

Makron və Şvartsenegger Trampa qarşı birləşib? «The İndependent» yazır ki, Fransa yeni neft və qaz yataqlarının kəşfiyyat və inkişaf etdirilməsinə lisenziya verilməsini dayandırır.

Başqa sözlərlə Emanule Makronun (Emmanuel Macron) ətraf mühitə ziyansız enerji sahələrinin inkişaf etdirilməsinə kurs götürmüş hökuməti yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir.

«Ekoloji keçid» naziri Nikolas Hulot (Nicolas Hulot) deyib ki, bu barədə yeni qanun payızda qəbul ediləcək.

«Karbohidrogenlərin kəşfiyyatı üçün bundan sonra lisenziyalar verilməyəcək», - nazir BFMTV kanalına açıqlamasında deyib.

Əvvəllər də Fransada özünün ekoloji fəallığı və təbiət haqqında sənədli filmləri ilə tanınan nazir bunu da deyib ki, dizel yanacağına izafi vergilərin qoyulması tullantıların azalmasına yol açacaq.

Özünün seçki kampaniyası ərzində Makron deyib ki, Fransanın kənar ərazilərində, xüsusilə də Fransa Qviyanasında qaz yataqlarının kəşfiyyatının əleyhinədir.

Bununla belə, cənab Hulot deyib ki, kəskin qadağan enerji şirkətlərinin məhkəmələrə şikayət müraciəti ilə nəticələnə bilər və buna görə də dəyişikliklər tədricən həyata keçirilməlidir.

Hazırda Fransada elektrik enerjisinin 75 faizini nüvə elektrik stansiyaları verir. Bu sahədə dövlət enerji şirkəti EDF-in 200 min işçisi var.

Ötən il qəbul edilmiş qanunda nüvə enerjisinin payının 2025-ci ilədək 50 faizə endirilməsi nəzərdə tutulub. Bu, 20-dək nüvə reaktorunun bağlanmasına və işsizliyin artmasına səbəb ola bilər.

Makron bu qanunu dəstəklədiyini desə də, onun icrasının dəqiq vaxtını dilə gətirməkdən çəkinir.

Bundan başqa prezident Fransa evlərində enerji istehlakının azaldılması üçün geniş yeniləndirmə proqramının tətbiqinə hazırlaşır. Bu proqram enerjinin istehlakının, karbon qazı emissiyalarının, enerji yoxsulluğunun azaldımasını və iş yerlərinin yaradılmasını nəzərdə tutur.

Makron və Hulot bərpa olunan enerji layihələrini ölkədə qonaq olan keçmiş Kaliforniya qubernatoru və aktyor Arnold Şvartseneggerlə (Arnold Schwarzenegger) müzakirə ediblər.

Şvartsenegger bundan əvvəl demişdi ki, o, cənab Makronla görüşərək birlikdə «təmiz enerjili gələcək» layihələrini müzakirə etməsindən qürur duyur.

Onun əynindəki maykada «Gəlin planetimizi yenidən qüdrətli edək» yazılmışdı.

Təhlilçilər bunu ABŞ prezidenti Donald Trampın «Gəlin Amerikanı yenidən qüdrətli edək» şüarına cavab kimi qiymətləndirirlər.

Fransa Donald Trampın ABŞ-ın Paris İqlim Sazişindən çıxması qərarını elan etməsini ən kəskin tənqid edən ölkə olmuşdu.

 





27.06.2017    çap et  çap et