Vaxt.Az

«Gələndə mühafizəçilərini gətirmə»


 

Almaniyadan Ərdoğana embarqo

«Gələndə mühafizəçilərini gətirmə» Almaniya istəyir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ikən əlbəyaxa döyüşdə iştirak edən mühafizəçiləri «G20» zirvəsi vaxtı ölkəyə gəlməsin.

Hökumət sözçüsü deyib ki, liderlər gələn həftə keçiriləcək Hamburqdakı sammitə öz mühafizəçilərini gətirə bilər, lakin qanuna hörmət edilməlidir.

Zirvəyə qatılacaq Türkiyə heyətinin tərkibində ötən ay Vaşinqtondakı davada iştirak edənlərin olduğu da bildirilmişdi.

ABŞ prokurorları may ayında baş verən hadisə ilə bağlı Ərdoğanın 12 mühafizəçisinə qarşı ittihamlar irəli sürüb.

Vaşinqton polisi Türkiyə təhlükəsizlik əməkdaşlarının nümayişçilərə «vəhşi hücum» etdiyini bildirib.

Ankara isə Türkiyə səfirliyi önündə yer alan qarşıdurmaya görə YPG və PKK-nın məsuliyyət daşıdığını hesab edir.

«ABŞ ədliyyəsi tərəfindən ittiham edilən bu insanların, «G20» zirvəsi də daxil olmaqla Almaniya torpağına gələcəkdə ayaq basmamasını gözləmək üçün əsasım var», - Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Skifer Martin Schaefer deyib.

Almaniya mediası cənab Ərdoğanın 50 nəfərlik heyət siyahısında Vaşinqtondakı davaya qatılanların olduğunu da bildirir.

«Die Welt» qəzeti yazır ki, Almaniya hakimiyyəti həmin təhlükəsizlik işçilərinin ölkəyə gəlməməsini istəyib. Rəsmilər 7-8 iyulda keçiriləcək zirvə vaxtı böyük etiraz aksiyalarının baş verəcəyini gözləyirlər. Sammitdən əvvəl Hamburqa 15 minədək təhlükəsizlik əməkdaşının yerləşdirilməsi planlaşdırılır.

 





27.06.2017    çap et  çap et