Vaxt.Az

Rəsul Rəzəvi azadlıqda...


 

... Fars molla rejimi Nasir Xülusiyə xüsusi «diqqət» ayırıb

Rəsul Rəzəvi azadlıqda... Türk fəal Rəsul Rəzəvi məhkum olduğu 13 aylıq həbs müddətini tamamladıqdan sonra Təbriz zindanından sərbəst buraxılarkən, digər türk fəal Nasir Xülusinin Urmiya məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum olunduğu bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portallarının məlumatına görə, Nasir Xülusi keçən fevral ayında nəzarət altına alınıb və Sepah həbsxanasında 3 həftədən artıq sorğu-sual edildikdən sonra 500 milyon tümənlik (155 min dollar) zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.

«Araz News» Xülusinin «milli təhlükəsizliyi pozmaq» və «rejimə qarşı təbliğat» aparmaq ittihamı ilə mühakimə edildiyini bildirib.

Rəsul Rəzəvinin məhkum olduğu 13 aylıq həbs müddətini tamamladıqdan sonra Təbriz Mərkəzi Zindanından azadlığa buraxıldığına dair məlumat Günaz TV tərəfindən yayımlanıb.

Rəzəvi dəfələrlə müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri, Urmiya Gölü ilə bağlı aksiyalar və «anti-irqçilik» nümayişlərinə qatıldığı zaman nəzarət altına alınmış və məhkəmədə həbs hökmü ilə qarşılaşmışdır.

Yayılan məlumata görə, türk fəalın bu günlərdə tamamladığı 13 aylıq həbs hökmü onun 2015-ci ilin noyabr ayında keçirilən «anti-irqçilik» nümayişləri ilə əlaqəli çıxarılmışdı.

2015 ilinin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan «Fitilə» adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldıran kütləvi etirazlar zamanı və ondan sonra bir çox milli fəal İran Azərbaycanının müxtəlif şəhərlərində nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edildilər.

 





01.07.2017    çap et  çap et