Vaxt.Az

«Təzə bazar»ın təzə sahibi


 

Bakının məşhur və qalmaqallı bazarı rusiyalı milyarderə satıldı

«Təzə bazar»ın təzə sahibi Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən «Təzə bazar» MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.

Bəs «Təzə bazar» MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?

Virtualaz.org məsələni araşdırıb və məlum olub ki, «Təzə bazar» bu yaxınlarda mülkiyyətçisini dəyişib, bazar Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarderə satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil.

«Təzə bazar»ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki - «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.

İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.

Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şayiələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.

Virtualaz.org bazarın keçmiş sahibi Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışıb. Məlum oldu ki, bazar satılandan sonra iş adamı telefon nömrələrini dəyişib və «əhatə dairəsində» deyil.  Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmadı.

Xatırladaq ki, «Təzə bazar» 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. «Təzə bazar» Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.

Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.

 





04.07.2017    çap et  çap et