Vaxt.Az

Dəvədən tük də qənimətdir...


 

... yaxud, bu gün qazanaq, sabaha Allah Kərimdir təfəkkürü

Dəvədən tük də qənimətdir... İndi isə gəlin bir az turizmin inkişafından danışaq. Tfu, tfu, göz dəyməsin, ölkədə bu sahə ilə məşğul olan kifayət qədər qurum var, Turizm Nazirliyi var, Milli Büro var, Assosiasiya var, onlara da verə biləcəyimiz məsləhətlərimiz var, ehtiyac duyub eşitmək istəsələr, amma bu gün mən özümüzdən danışmaq istəyirəm.

Bir neçə misal. Rayonların birinə gedirik, bir dəstə xaricilərlə, yekə avtobusdur.

Sürücü gah siqaret çəkməyə cəhd göstərdi, gah kondisioneri söndürdü ki, maşın diki qalxmır, sonra sərnişinlərin biri ilə bu barədə mübahisəyə etdi, istədiyi yerdə saxladı, uzun sözün qısası, hər cür nümayiş etdirirdi ki, siz mənə maraqlı deyilsiniz, pulumu almışam, «paşlı na fiq».

Daha bir misal. Bakıya dönməliyik əcnəbilərlə, oteldə özəl transfer sifariş etdik.

Küçədə maşın danışsan, 50 manata aparacaqlar, hələ yalvaracaqlar ki, mənimlə gedək. Demək istədiyim odur ki, növbəyə düzülən avtomobili özün seçəcəksən.

Otel isə 5 ulduzlu oteldir, fikirləşdik ki, əcnəbilərdi, qoy yüksək səviyyədə olsun hər şey, şübhəsiz ki, otelin müqavilə bağladıqları maşınlar hamısı yoxlanılıb.

Sizdə Bakıya transfer neçəyədir? 120 manat, yəni demək olar ki, 3 dəfə baha. Oldu, biz razı.

Nəticədə nə görsək yaxşıdır? Maşın gəldi həm də necə maşın. 10 ilin avtomobili, qabaq şüşəsində çat, xarici görünüşü üzücü, cızıqlar, əziklər, görünür ki, maşının həyatı mənim həyatım kimi mürəkkəb olub.

Sürücüdən soruşuram ki, necə sürürsünüz, yavaş, yoxsa bərk? Müəllim, necə desəniz, elə də sürəcəyəm. Dedim, yavaş sür, dedi oldu.

Nəticədə, yolda iki dəfə sərt tərzdə iradımı bildirdim, təhlükəli sürdüyünə görə.

Dedim, ay qardaş, mənim tələsən yerim yoxdur, mən salamat çatmaq istəyirəm, doğmalarım var, əzizlərim var, başıma bir iş gəlsə, gör nə qədər xərcə düşəcəklər Təzə Pirdə israfçılığı dəstəkləyən «dindar" qüvvələri daha da zənginləşdirmək üçün.

Və daha bir misal. Gəlmişik bir rayona, sonuncu hissədə yol pisdir, yerli sürücülərin biri ilə danışdıq ki, bizi aparıb-gətirəcək getdiyimiz yerə və 15 manat alacaq. Getdik, qayıdanda sürücü başladı ağlamağa ki, həyat çətindir, bunu 20 manat edin.

Əsəbiləşdim ki, axı biz şərt kəsmişik!

Sözümü nəyə gətirirəm. Turizmin inkişafı yalnız rəsmi qurumlardan asılı deyil. Düzdür, məsələn Vikipediyada Qəbələ haqda rus dilində olan məlumatı yenilətmək bizim işimiz deyil, amma sadaladığım səviyyədə biz özümüz hazır olmalıyıq turistik buma.

Bu sahədə xidmət göstərən hər bir insan, hər bir obyekt bilməlidir ki, onun gələcək uğuru xidmət göstərdiyi andan başlayır və bu uğur müştərinin məmnunluğundan asılıdır.

Məsələn, qeyd etdiyim insanlar məni kimi əhatəsi çox olan bir müştərini itirdilər. Kimə pislik etdilər?

Düşünmədilər ki, yaxşı servis göstərsələr, dalı gələcək.

Hər il Roqaşkaya gedirəm müalicəvi su içməyə, orada həm taksi sürücüm var tanış, həm başqa sahələrdə lazım ola biləcək adamlar.

Çünki sınamışam, xoşuma gəlməyənin telefonunu silmişəm, bəyəndiklərimi saxlamışam, istifadə edib xeyir verirəm onlara.

İndi olsun, bu an olsun, sonrası Allah Kərimdir - bu psixologiyadan qurtarmaq lazımdır...

 





07.07.2017    çap et  çap et