Vaxt.Az

Türkiyə 15 iyul şəhidlərini anır


 

Rəcəb Tayyib Ərdoğan: «Bizim üçün Çanaqqala şəhidləri nədirsə, 15 iyul şəhidləri də o deməkdir»

Türkiyə 15 iyul şəhidlərini anır Bu gün Ankarada - Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində kütləvi informasiya vasitələri nümayəndələri ilə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın görüşü olub. Tədbirdə Mətbuat və İnformasiya Baş İdarəsinin (Basın-Yayın və Enformasyon Genel Müdiri) rəhbəri Mehmet Akarca çıxış edərək, 2016-cı ilin 15 iyul tarixində Türkiyədə bir qrup hərbçinin xarici qüvvələrin təsiri altında dövlət çevrilişinə cəhd etməsindən, lakin onların xalqın iradəsi qarşısında məğlub olmasından söhbət açıb. Qeyd olunub ki, fətullahçı terror təşkilatı vasitəsilə Türkiyə əleyhinə yönələn bu xain hücumun qarşısı sadə türk vətəndaşları, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon vasitəsilə xalqa müraciətindən sonra küçələrə çıxan vətənsevər insanları tərəfindən alınıb.

M.Akarca bildirib ki, həmin gecə Türkiyə xalqı dövlət çevrilişinə qarşı ciddi dirəniş göstərib. Ölüm təhlükəsinə baxmayaraq, əliyalın şəkildə tankın, hərbi texnikanın, silahlı şəxslərin qarşısını kəsiblər, demokratiyanı, milli dövlətçiliyi, ölkəni müdafiə ediblər. Bununla da xalq dövlətçiliyə, qanuni yolla seçilmiş prezidentə öz dəstəyini nümayiş etdirib. M.Akarca deyib ki, həmin gecə qırıcı təyyarələr vasitəsilə bir sıra obyektlər, o cümlədən Türkiyə Böyük Millət Məclisi də bombalanıb. Hansı ki, həmin vaxt tribunada ədliyyə naziri B.Bozdağ çıxış edib və bu hücum onu çıxışından çəkindirməyib. Sona qədər o və digər millət vəkilləri xalqla bərabər olub, fətullahçı terror təşkilatına, xain hücumlara qarşı həmrəylik, dirəniş göstəriblər, demokratiyanı müdafiə ediblər.

Ədliyyə naziri B.Bozdağ Türkiyədə baş verən hadisələrin, həqiqətlərin dünyaya çatdırılmasında medianın mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, 15 iyul 2016-cı il tarixdə Fətullah Gülənin təlimatı əsasında Türkiyədə dövlət çevrilişinə cəhd, dövlətçiliyə, xalqın milli iradəsinə qarşı xain hücum olub. Onun sözlərinə görə, dövlət çevrilişinə cəhd zamanı 249 türk vətəndaşı şəhid olub, 2200-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alaraq, sağlamlığını itirib, qazi olub. Nazir deyib ki, bu proseslər zamanı milyonlarla türk vətəndaşı yaralanmasalar, xəsarət almasalar belə, şəhid olmağı göz önünə aldıqlarına, fədakarlıq, cəsarət nümayiş etdirdiklərinə görə onlar da millətin qazi övladları sayılırlar.

B.Bozdağ bildirib ki, 15 iyul gecəsində xüsusi təyinatlıların olduğu məkan, cümhur başkanlığı, parlament, İstanbul və Boğaziçi körpüləri, həmçinin bir çox yerlər bombalanıb, insanlara qarşı silah işlədilib: «Terrorçubaşı Fətullah Gülənin təlimatı əsasında dövlət çevrilişinə cəhd edən terrorçular Türkiyə vətəndaşlarına, sivil insanlara qarşı silahdan istifadə ediblər. Mərhəmətsizcə yüzlərlə insanımız həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Türkiyə Böyük Millət Məclisi qurulduğu tarixdən indiyə qədər ilk dəfə terrorçular tərəfindən bombalandı. Həmin vaxt bir çox millət vəkilləri ilə bərabər millətin iradəsini nümayiş etdirən orqanın işini davam etdirir, bu məclisi bağlaya bilməyəcəklərini göstərirdik. Tribunada çıxış etdiyim zaman məclisin üzərinə bir bomba atıldı. Təxminən 5-10 dəqiqə sonra ikinci dəfə bomba atıldı. Məclisin binası ciddi zərər gördü, ətraf toz-dumana büründü. Lakin məclis milli iradəyə, demokratiyaya, insan haqlarına, hüquqi dövlətə və konstitusiya sahib çıxma yolundan çəkinmədi. Beləliklə də qurtuluş savaşından sonra məclis ikinci dəfə qazilik ünvanına çevrildi. Dövlət çevrilişinə cəhdin uğursuzluğa düçar olmasına gəlincə, buna səbəb Prezident Rəcəb Tayyib Ərdoğanın, baş nazir Binəli Yıldırımın xalqın içində olması, milli iradəni, demokratiyanı müdafiə etmək üçün xalqı meydanlara səsləməsi, Türkiyə vətəndaşlarının da onlara səs verməsi, dəstəkləməsi oldu. Dövlət çevrilişinə cəhdin taleyi prezidentin xalqa müraciətindən sonra həll olundu. Türk xalqı meydanlara axışdı, qanuni hakimiyyəti, dövləti, demokratiyanı qanı və canları bahasına müdafiə etdi».

B.Bozdağ bildirib ki, Prezident R.T.Ərdoğan demokratiyaya, milli iradəyə, insan haqlarına, qanuni yolla seçilmişlərə, millətin əmanətinə sahib çıxmaq üçün xain zərbəçilərə, terrorçulara meydan oxuyub, hətta öz həyatını təhlükəyə ataraq, heç nədən çəkinmədən həmin vaxt xalqın arasına, İstanbula gəlib. Bununla da o, xalq ilə bərabər dövlət çevrilişinə cəhd edənlərə qarşı mübarizə aparıb: «Demokratiyanı, insan haqlarını, seçilmişləri yox etmək, zorla, şiddətlə iqtidarı ələ keçirmək istəyənlərə qarşı xalqı ilə birlikdə mübarizə aparan, amma dünya birliyi tərəfindən meydanda yalnız buraxılan liderdir Rəcəb Tayyib Ərdoğan. Dövlət çevrilişinə cəhd olunan günlərdə nə Avropa ölkələri, nə də Amerika bu xain hücumları, qanuni hakimiyyəti zor yolu ilə devirmək istəyənləri qınayan hər hansı açıqlama vermədi. Xarici kütləvi informasiya vasitələri də susdu. Terrorçuların hücumlarının qarşısı alındıqdan, dövlət çevrilişinə cəhdlər uğursuzluğa düçar olana qədər onlar gözləmə mövqeyində qaldılar. Yalnız terrorçuların qarşısı alındıqdan sonra həmin dövlətlərin rəsmiləri açıqlamalar verdilər. Halbuki, həmin dövlətlərin rəsmiləri hər zaman demokratiyadan danışır, hakimiyyətə gəlməyin yeganə yolu kimi yalnız demokratik seçkiləri vacib sayırdılar. Amma bir qədər əvvəl dediyim kimi, Türkiyədə demokratiyaya, seçkilərə, milli iradəyə, insan haqlarına xain zərbə vurulduğu zaman susdular. Fürsətcil şəkildə dövlət çevrilişinə cəhdin uğurlu olub-olmayacağını gözlədilər. Demokratik prinsiplərlə idarə olunan qərb ölkələrinin heç birindən həmin vaxt səs çıxmadı. Biz bundan təəssüf hissi keçirdik».

B.Bozdağ 15 iyul hadisəsindən ötən müddət ərzində də Türkiyəyə qarşı qərəzli münasibətin sərgilənməsindən söhbət açıb. Bildirib ki, terrorçubaşı Fətullah Gülənin təlimatı əsasında Türkiyədəki qanuni hakimiyyətə, dövlətə qarşı çıxan, sivil vətəndaşlara atəş açan şəxslərin məsuliyyətə cəlb olunmasından, qanun qarşısına çıxarılmasından sonra bəzi qərb dairələri beynəlxalq təşkilatlar, media vasitəsilə Türkiyə üzərinə basqılar edirlər: «İddia edirlər ki, göz altına alınan, həbs olunan terrorçulara qarşı şiddət, zor, qanundankənar davranış tətbiq edilir. Bunların hamısı yalandır. Göz altına alınan, həbs olunan heç bir şəxsə qarşı işgəncə tətbiq edilməyib. Buradan onlara səslənirəm ki, Türkiyəyə qarşı adil və obyektiv olun».

B.Bozdağ dövlət çevrilişində iştirak edən terrorçuların bir qisminin Yunanıstan üzərindən digər xarici ölkələrə, o cümlədən Almaniyaya sığınmasına da toxunub. Bildirib ki, Fətullah Gülən və onun əmrlərini yerinə yetirərək türk vətəndaşlarına qarşı silah işlədən şəxslərin Türkiyəyə gətirilməsi, hüquq qarşısına çıxarılması üçün zəruri işlər görülsə də, nə ABŞ, nə də digər dövlətlər terrorçuları təhvil vermir, prosesi yubadırlar. O, qeyd edib ki, ABŞ və Avropa üçün Üsəma Bin laden nə məna daşıyırsa, Türkiyə və türk xalqı üçün də Fətullah Gülən o anlam kəsb edir.

Ədliyyə naziri ilə görüşdən sonra xarici media mənsubları AKP Genel Mərkəzində «15 iyul Milli İradənin Zəfəri» kitabının təqdimat mərasimində olublar. Mərasimdə AKP millət vəkilləri, rəsmi şəxslər və dövlət çevrilişinin qarşısının alınmasında iştirakçı olan, şəhid ailəsi üzvləri çıxış edərək fikirlərini bildiriblər.

Baş nazir Binəli Yıldırım 15 iyul hadisələrindən söhbət açaraq baş verənləri demokratiyaya, milli iradəyə vurulan zərbə kimi dəyərləndirib, bütün bunların türk xalqı tərəfindən şiddətlə qınandığını söyləyib. Bildirib ki, həmin vaxt terrorçular, xain zərbəçilər demokratiya, milli iradə qarşısında məğlub olublar. Baş nazir belə bir xalqın övladı olmağından qürur duyduğunu dilə gətirərək, şəhidlərin qoyub getdiyi əmanətlərə sahib çıxmağın şərəf borcu olduğunu vurğulayıb.

Baş nazirin çıxışının ardınca 15 iyul hadisələrini özündə əks etdirən video film izlənilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. O, 15 iyul hadisələrindən danışaraq, Türkiyənin, türk xalqının ölkəni gözləyən böyük bir müsibətin öhdəsindən gəldiyini, bundan sonra da bu yolda inamla addımlayacağını deyib. Bildirib ki, dövlət çevrilişinə cəhd zamanı İstanbul və Ankarada şəhid və qazi olanların xatirəsi hər zaman uca tutulacaq. Baş verənlərdən dolayı ana müxalifətin sərgilədiyi mövqeyi sərt tənqid edən Türkiyə prezidenti onları ağacı deyil, tikanı sulayan, bununla da zülmə dəstək verən şəxslər adlandırıb. O deyib ki, Türkiyədə sonuncu terrorçu zərərsizləşdirilənə qədər mücadilə davam etdiriləcək.

R.T.Ərdoğan Türkiyədə demokratiyanın, azadlığın qarantının AKP iqtidarı olduğunu da vurğulayıb. Bildirib ki, Türkiyə və türklər üçün Çanaqqala şəhidləri nədirsə, 15 iyul şəhidləri də o deməkdir. Prezident deyib ki, 15 iyul 2016-cı il tarixdə türk millətinə, türk xalqına, sivil vətəndaşa silah tuşlayan, onlara atəş açan, yaxud belə bir əmr verən hər bir şəxs kimliyindən asılı olmayaraq qanun çərçivəsində məhkəmə qarşısında mütləq cavab verəcək, layiq olduğu cəzanı alacaq. Türkiyənin inkişafından danışan dövlət başçısı deyib ki, 2023-cü ilə qədər qarşıya qoyulan bütün hədəflərə çatılacaq. O, Türkiyə Silahlı Qüvvələrinin daha da gücləndiyini dilə gətirərək, ordunun maddi-texniki bazasının gücləndirilməsində, müasir silah-sursatla, hərbi texnika ilə təminatında daxili resurslardan istifadə edildiyini diqqətə çatdırıb. Bunun bəzi xarici dairələrdə böyük narahatlıqla qarşılandığını vurğulayıb. Çıxışının sonunda «tək millət, tək bayraq, tək dövlət, tək Vətən» deyən Türkiyə prezidenti onu da əlavə edib ki, ürəklərdəki imanla, əllərdəki ay-ulduzlu al qırmızı bayraqla dövlət və xalq üçün mübarizə aparılıb, bundan sonra da aparılacaq.

 





13.07.2017    çap et  çap et