Vaxt.Az

«Low-cost» nədir?


 

Dünyanı ən ucuz gəzməyin yolları...

«Low-cost» nədir? Gənclərlə görüşlərim zamanı ən çox verilən suallardan biri də - səyahətləri necə qənaətli etmək, o cümlədən «low-cost» (aşağı qiymət – oxunması rahat olsun deyə yazı boyu bu sözü lou-kost yazacağıq) deyilən aviaşirkətlərdən necə düzgün və faydalı istifadə etmək.

Cavab verirəm, #oralarməsləhət, #oralarmeslehet layihəsi çərçivəsində.

Lou-kost nə deməkdir, konsepsiyası nədir?

Lou-kostun dərdi-səri, həyatda yeganə arzusu bizim arzularımızdan fərqlənmir – xərcləri necə azaltmaq.

Ona görə də, lou-kost reysdən sonra salonun təmizliyinə pul vermir, bələdçilər özləri tez bazar töküntüləri yığırlar, lou-kost hava limanlarında bir çox hallarda stereskopiк keçidlərə büdcə ayırmır, avtobusla gedəsi olursan, biletin kağızına pul vermir, hər şey internetdən alınır, alternativ olanda, ikinci dərəcəli uzaq aeroportlardan istifadə edir və bütün xidmətləri pullu göstərir, qeydiyyatdan tutmuş, təyyarədə limonada qədər.

Üstəlik, lou-kost şirkətləri zavoddan təyyarə sifariş edəndə, onun salonunu yığcam sifariş edirlər, məsələn, bunda 150 nəfər gedə bilərsə, buna 170 nəfər yerləşir. Kresloların arasında olan məsafəni azaldırlar, biznes-klass olmur və s.

Yəni, lou-kostı klassik aviaşirkətlərdən ayıran bunlardır. Və geniş büdcəsi olmayanlar üçün çim yağdır lou-kost. Bəs nə etməli?


1. Ən əsası, əvvəlcədən bileti almaqdır. Məsələn, mən 6 ay əvvəl aldığım biletlə Sinqapurdan Kuala-Lumpura 25 dollara uçmuşam. Yaxud, Bakıdan Budapeştə və geri 70 avroya uçmuşam, Brüsseldən Londona 30 avroya və s. Nə qədər tez alsanız, bir o qədər ucuz olacaq;


2. Mütləq qaydada əvvəlcədən qeydiyyatdan keçin şirkətin saytında. Əgər bunu hava limanına saxlasanız, orada reysə qeydiyyat pullu olacaq;


3. Lou-kost əl baqajının ölçülərinə və çəkisinə ciddi nəzarət edir. Adətən bu 8-10 kilo cıvarında balaca çanta-çamadan olmalıdır, xüsusi çərçivəyə sığmasa, problemdir.

Yalnız yuxarıda göstərilən əl baqajı salona pulsuz buraxılır. Bir balaca böyük olsa, pul ödəməlisən.

Ona görə, əl baqajınızı əvvəlcədən evdə ölçün və tərəzidə çəkin. Əgər əşyanız çoxdursa, həmin saytdan əlavə baqaj yeri ala bilərsiniz. Ya salon üçün, ya da baqaja veriləcək çamadan üçün.

Bunu saytdan etməsəniz, yəni əlavə baqaj üçün pul ödəməsəniz, aeroportda bu daha baha olacaq.


4. Lou-kost salonda yeri göstərmir. Qaçaqaçdır, kim birinci minsə, yer onundur. Siz görəsiniz bu «ingilisdilli ziyalı» avropalılar necə qaçırlar təyyarənin enməsində, bir sözlə dəhşət! O bunu itələyir, bu onu yumruqlayır, basabas «qonaqlığı».

Ona görə, pul azdırsa, siz də qaça bilərsiniz, amma bir balaca simiclik etməsəniz, yeri də əvvəlcədən saytdan almaq olur.

Birinci sıra bu qiymətə, qəza çıxışında bu qiymətə və s. Və bunu da salonda etmək olur, həmin pullu yerlər boş olsa, stüardessalar onları təklif edirlər. Amma bu sərf etmir, çünki əvvəlcədən yer almağının mahiyyəti odur ki, yerdən başqa, əminlik alırsan ki, tutan olmayacaq və bəy balası kimi təyyarəyə axırıncı minirsən.


5. Lou-kostun konsepsiyası odur ki, onlar uzaq məsafələrə uçmurlar. Düzdür, son zamanlar eksperiment kimi bəziləri tətbiq edir transatlantik uçuşları, amma bütövlükdə vəziyyət belədir.

Çünki lou-kost nisbətən ucuz təyyarələr alır, orta-magistral, o zırıltı «Boing» və «Aerobus»lar olmur onlarda. Ya «Boing 737», ya «Aerobus 320» və ya Braziliyanın istehsalı olan «Embrayer»lər. Yəni, dediyim odur ki, acından ölmək olmur, uzağı 3-4 saatlıq uçuş olacaq.

Amma əgər sizin aclığa dözümünüz yoxdursa, özünüzlə buterbrod götürün, qaynadılmış toyuq da gedər. Çünki lou-kost yeməyi pulla verir. Ya əvvəlcədən saytdan sifariş edirsən, ya uçuş zamanı bələdçilərdən alırsan. Yalnız su verirlər pulsuz.


6. Bütün bu əməliyyatlar üçün bank kartı lazımdır.


7. Lou-kostun saytında olan məlumatları DİQQƏTLƏ OXUYUN! Xüsusilə bileti alanda son düyməyə basıb ödəniş etməzdən qabaq! Bu çox vacibdir!!!

Çünki sonra gəlib aeroportda hansısa şərtin olmasına təəccüblənməyin faydası yoxdur. Ay mən bilməmişəm baqaj belə olmalıdır, ay mən bilməmişəm hava limanında qeydiyyat pulludur - bunlar keçmir və lou-kost heç kimin nazı ilə oynamır.


8. Sizə iyi uçuşlar!

 





14.07.2017    çap et  çap et