Vaxt.Az

Bakı-Tiflis-Qarsın yolunu kəsən kimdir?


 

«Rus barmağı» şübhəsi: «Kreml təzyiq edib Gürcüstan üzərindən Ermənistana da dəmir yolunu bərpa edə bilər»

Bakı-Tiflis-Qarsın yolunu kəsən kimdir? Bakı-Tiflis-Qars dəmir yolu xəttinin iyul ayında istifadəyə veriləcəyi barədə əvvəlcədən elan olunan rəsmi məlumatlar təsdiqini tapmadı. Artıq ayın sonuna sayılı günlər qalıb, ancaq Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik olan, iki qütbü birləşdirən bu iri layihənin istifadəyə verilməsi gecikir.

Artıq sahə bilicilərinin qəti şübhəsi yoxdur ki, bu layihənin tormozlanmasının iqtisadi deyil, siyasi səbəbləri var. Ötən saylarımızda Gürcüstan və Rusiya maneələri barədə məlumatlar verilmişdi. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirmişdi ki, hazırda Bakı-Tiflis-Qars dəmir yolu xətti sınaq mərhələsindədir. «İyun ayında istismara veriləcəyi təqdirdə, Çindən yola salınan qatar Türkiyə üzərindən Londona qədər fasiləsiz olaraq hərəkət edəcək.

Bununla əlaqədar Türkiyə Çinlə danışıqlar aparıb və növbəti ildə Türkiyə üzərindən 30 mlrd. dollarlıq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulur», - deyə N.Zeybekçi əlavə etmişdi. Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan isə demişdi ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti iyun ayının sonunda istifadəyə veriləcək. «Layihə uğurla icra edilir. BTQ iyunun sonunda istifadəyə veriləcək. Həm Çindən, həm də Qazaxıstan və Türkmənistandan xüsusilə də Azərbaycan və Gürcüstan üzərindən Mərkəzi Asiyadakı yük hərəkəti Qarsdan Türkiyənin qərbinə və oradan da Avropaya gedəcək. Bu hərəkətin orta dəhlizini tamamlayacaq olan Bakı-Tiflis-Qars layihəsi bizim üçün çox vacib idi», - deyə nazir bildirmişdi.

Lakin qeyd etdiyimiz kimi, gözlənilənlər baş vermədi, indi də xəttin ilin sonunadək istifadəyə veriləcəyi anons edilir. Maraqlısı budur ki, layihəyə önəm verən ölkələr gecikmənin səbəbləri barədə rəsmi açıqlama vermirlər.

İqtisadçı ekspert İlham Şaban «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, Türkiyədə olarkən məsələ ilə bağlı hansısa məlumat almaq istəsə də, bu, mümkün olmayıb: «Nə KİV-ləri bir şey yazır, nə də rəsmiləri bir söz deyir. Ümumiyyətlə, hesab edirəm ki, Qarsın valisinə rəsmi müraciət ünvanlamaq gərəkdir. Desinlər, onlar bilirlərmi ki, öz torpaqlarında nə iş gedir? Digər tərəfdən, Azərbaycan dəmir Yolları İdarəsi bu ilin əvvəlində anons etmişdi ki, Bakı-Qars dəmir yolu istifadəyə veriləcək, qatarlar və lokomotivlərin ilk partiyası 2017-ci ilin iyununda Bakıya gətirilməli idi. Elə isə nə baş verdi? Şəxsən məndə əlavə məlumat yoxdur, araşdırmaq lazımdır ki, dəmir yolu harada ilişib qalıb? İndi də qış deyil ki, qar yağmasını əsas gətirib başlarından etsinlər. Mart ayından qar yoxdur - nə dağda, nə düzdə. Özü də bu il qış mülayim keçib axı».

İ.Şabanın fikrincə, dəmir yolu açılsa, kiminsə siyasi arzularının əksinə proseslər cərəyan edə bilər: «Yəni açıq desək, Rusiya aktivləşə bilər. Kreml təzyiq edib Gürcüstan üzərindən Ermənistana da dəmir yolunu bərpa edə bilər. Rusiya onsuz da Gürcüstana həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqini 2008-ci ilin avqust hadisələrindən sonra azaltmayıb, əksinə, gücləndirib. Bunun nəticəsidir ki, Cənubi Osetiyanın cənub sərhədlərini daim Gürcüstanın içərilərinə doğru çəkir. Yəni bu, təzyiqin ən yüksək formasıdır. Hazırkı Gürcüstan hakimiyyəti çalışır ki, vəziyyəti gərginləşdirməsin. Son zamanlar görünür ki, rəsmi Tiflis heç də Rusiyanın təzyiqləri qarşısında sona qədər tab gətirə bilmir. Məsələn, bir ilə yaxın Moskva ilə gedən danışıqlar onunla nəticələndi ki, Ermənistana ötürülən qazın əvəzində Gürcüstan artıq təbii qaz deyil, pul ekvivalenti alacaq. Lakin əvvəllər 10% həcmində tranzit haqqı alırdı və bu, kifayət qədər yaxşı məbləğ idi».

Ekspert xatırlatdı ki, Rusiyanın Qafqazdakı öz hərbi-siyasi müttəfiqi olan Ermənistanla quru yolu ilə əlaqələrini Gürcüstan üzərindən bərpa etmək niyyəti heç kəsə gizli deyil: «Bu məsələ daim rəsmi və qeyri-rəsmi gündəmdədir. Ancaq bir məsələ var ki, Rusiya Ermənistanla dəmir yolu əlaqələrini Gürcüstandan faktiki işğal etdiyi Abxaziya üzərindən həyata keçirmək niyyətindədir. Buna da rəsmi Tiflis etiraz edir, daha doğrusu, iqtisadi əlaqələrin bərpasını bu bölgə üzərində əvvəlki kimi suveren hüquqlarının bərpasından sonra mümkün sayır. Tam məntiqli də tələb qoyur ortaya. Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu əlaqəsi isə heç kəsin maraqlarına toxunmur, əksinə, iqtisadi əlaqələrin möhkəmlənməsi, ticarət əlaqələrinin genişlənməsi və hətta üçüncü ölkələrin yükdaşımalarının bu ərazilərdən keçməsi hesabına əlavə dəyərə sahib olunmasına şərait yaradır. Yəni situasiya tam fərqlidir. Ona görə də Rusiyanın »dişlərini qıcaması» belə region ölkələrinin marağında olan bir infrastrukturun illər boyu təxirə salınmasına qurban verilə bilməz və əgər belə bir şey varsa, hər üç ölkə bunu açıq-aşkar həm Kremlin diqqətinə çatdırmalı, həm də beynəlxalq müstəvidə belə bir məsələni ictimailəşdirməlidir».

 





19.07.2017    çap et  çap et