Vaxt.Az

Mosul qaçqınları evlərinə dönməyə tələsmir


 

Bağdad isə ilin sonunadək düşərgələri bağlamaq istəyir

Mosul qaçqınları evlərinə dönməyə tələsmir İraq rəsmilərinin dediyinə görə, ölkənin şimalındakı Mosul şəhəri İslam Dövləti militantlarından azad edildiyinə görə Bağdad ilin axırınadək ölkədəki qaçqın düşərgələrinin qapılarını bağlamaq niyyətindədir.

İraqın qaçqınlar naziri Dərbaz Məhəmməd bu açıqlamanı Mosul yaxınlığındakı Xəzer qaçqın düşərgəsini ziyarət edərkən verib. İraq rəsmiləri Mosul uğrunda 9 ay davam edən döyüşlər zamanı şəhəri tərk etməyə məcbur olan bir milyon insandan 200 minə yaxınının artıq evlərinə döndüyünü bildirib.

İraqın şimal bölgəsində yerləşən Kürdüstanın paytaxtı İrbil yaxınlığındakı Baharka düşərgəsində 4 minə qədər köçkün yaşayır. Bu, regionda Mosulda gedən döyüşlərdən qaçan insanların yerləşdirildiyi 10-dan çox düşərgədən biridir. Lakin Baharkada məskunlaşan qaçqınlardan bəziləri geri, evlərinə dönməyə tələsmir. 25 yaşlı Nadiya Əlinin 4 uşağı var. O, həyat yoldaşını Mosul münaqişəsində itirib. «Orada mənim evim yoxdur. Mən təhlükəli bir şəhərə dönmək istəmirəm, burada qalmaq istəyirəm» deyə, Nadiya bildirir.

Bağdad Mosulu İslam Dövlətindən azad etmək qərarı verdikdən sonra bu insanların çoxu aİlə üzvlərini və qohumlarını itirdi. Lakin bunu başa düşməyən uşaqlar evlərinə dönmək istəyir. Yaşlılar isə təhlükəsizliyi təmin edilməyən, yaşayış şəraiti və ərzağı olmayan şəhərə dönmək istəmir. Mosul qaçqını: «İraqın baş naziri "geri gəlin" deyir. Əgər mənim pulum yoxdursa mən necə geri dönüm, yalnız əynimdəki paltarla?»

Bir sünni ərəb İraq hökumətini şiələrin idarə etməsindən çox narazıdır və özünü artıq iraqlı saymadığını deyir.

Bu kimi düşüncələr Bağdadın bu ilin sonuna qədər bütün düşərgələri boşaltmaqla bağlı məqsədinə nail olmasını çətinləşdirə bilər.

 





19.07.2017    çap et  çap et