Vaxt.Az

İspaniyada tutuldu, Bakıya gətirildi


 

Haker Danila Dorin Azərbaycan bankından 3.7 milyon manat oğurlayıb

İspaniyada tutuldu, Bakıya gətirildi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin kommersiya banklarından birindən milyonlarla manat oğurlayan xarici ölkə vətəndaşı hakerin İspaniyada həbsi və Bakıya ekstradisiyası barədə rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycandan  kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib.  Pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlanıb.

Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib. Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub.

Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. DTX bildirir ki, kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

 





25.07.2017    çap et  çap et