Vaxt.Az

Avropa Türkiyə ilə heç cür dil tapa bilmir


 

İttifaqa üzvlüklə bağlı danışıqlar ləğv olunsa da, rəsmi baxımdan hələ də davam edir

Avropa Türkiyə ilə heç cür dil tapa bilmir «Financial Times» yazır ki, Türkiyə, Avropa İttifaqında (Aİ) artmaqda olan həyəcanlara rəğmən, «dırnaqarası jurnalistləri və dırnaqarası insan haqları fəallarını terror ittihamları ilə mühakimə etmək haqqının olmasında israr edib».

Ankaranın Aİ ilə münasibətlərində əsas nümayəndəsi olan Ömər Çelik bu bəyanatı Brüsseldə Türkiyə və Avropa İttifaqı rəhbərlərinin ikitərəfli dialoq kimi qiymətləndirilən görüşündən bir neçə saat sonra verib.

Məqalədə deyilir ki, Aİ-nin xarici işlər komissarı Federika Moqerini (Federica Mogherini), habelə Türkiyə ilə dalana dirənmiş danışıqlara cavabdeh olan Coannes Hahnla (Johannes Hahn) Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında keçirilmiş danışıqlar uğursuzluqla nəticələnib.

Aİ prezident Rəcəb Tayyib Ərdoğanın 2016-cı ilin iyulunda baş vermiş çevriliş cəhdindən sonra başlatdığı repressiyalardan narahatdır.

Bu danışıqlarda ortaq məxrəcə gəlinməsi mümkün olmasa da, cənab Çelik Aİ-ni Türkiyə ilə ittifaq üzvlüyünə dair yeni danışıqlar dövrəsinə dəvət edib.

Lakin bu çağırış Moqerini və Hahn tərəfindəın rədd edilib.

«Ötən ilin dekabrında üzv ölkələr bəyan etmişdilər ki, hazırkı şəraitdə danışıqların yeni fəslinin açılması qeyri-mümkündür. Lakin Aİ üzvləri eyni zamanda Türkiyə ilə danışıqların dayandırılması təklifini də rədd ediblər», - deyib cənab Hahn.

«Financial Times» yazır ki, Türkiyənin Aİ-yə qəbuluna dair danışıqlar ləğv olunsa da, rəsmi baxımdan hələ də davam edir.

Məqalədə deyilir ki, Aİ və Türkiyə Erdoğanın çevriliş cəhdinin ardınca həyata keçirdiyi repressiyalara görə qarşıdurma vəziyyətindədir.

Türkiyədə iyul çevrilişi cəhdindən bəri 100 min dövlət qulluqçusu vəzifəsindən uzaqlaşdırılıb, 50 min hərbçi, polis, hakim, alim və jurnalist həbs olunub.

«Financial Times» xatırladır ki, bundan başqa Avropa və Türkiyə arasında, Ankaranın Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız gediş-gəliş imkanı verilməsi tələbinə görə də gərginlik yaşanıb.

Avropa İttifaqı bildirimişdi ki, Türkiyə onun standartlarına cavab vermir.

Məqalədə deyilir ki, Ankara və Avropa arasında gərginlik cənab Erdoğan konstitusiya dəyişikliklərinə dair referendumda cüzi səs çoxluğu ilə qalib gəldikdən sonra daha da artıb.

Bu referendum Ərdoğana bir prezident kimi geniş səlahiyyətlər verib.

Avropa Türkiyədə demokratik standartların aşınmasından narahat olsa da, Çavuşoğlu israr edib ki, Ankara qanunun aliliyi prinsipini möhkəmləndirib.

Lakin Avropa İttifaqının xarici işlər komissarı Mogherini Çavuşoğlunun bu bəyanatına rəğmən deyib ki, Ankara Aİ standartlarına uyğunlaşmaq üçün konkret addımlar atmalıdır.

Komissar bildirib ki, söhbət ilk növbədə Türkiyədə qanunun aliliyi, insan haqları və media azadlığının vəziyyətindən gedir.

«Mən diqqəti daha çox sözlərə yox, əməllərə yönəltmək istərdim», - deyib Moqerini.

Bu arada Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyanın xarici işlər naziri Siqmar Qabriel (Sigmar Gabriel) investor və turistləri Türkiyə hökumətinə xeyir verməkdən çəkinməyə çağırıb.

Qabriel bu sərt bəyanatları Türkiyədə alman insan haqları fəalı Peter Studtner (Peter Steudtner) və «Die Welt» qəzetinijn müxbiri Dəniz Yücelin həbs olunması ilə əlaqədar səsləndirib.

Lakin Türkiyə nazirləri israr edirlər ki, həbs olunanlar hökumətin terrorçu adlandırdığı Fethullah Gülen təşkilatı ilə bağlı olanlardır.

«Biz bu məsələyə aydınlıq gətirməliyik, - deyib Çavuşoğlu, - Əgər dırnaqarası jurnalist özünün jurnalist vəsiqəsindən istifadə edərək Türkiyədəki hərbi qışlaların giriş və çıxışlarının şəkillərini çəkirsə və sonradan onun smartfonundan Türkiyə hərbi bazalarının şəkilləri tapılırsa, siz razılaşarsınız ki, belə şəxsə qarşı müəyyən ölçü götürülməlidir».

Nazir deyib ki, Fətullah Gülən təşkilatı ilə eyni aplikasiyadan istifadə edən «dırnaqarası insan haqları fəallarına» qarşı da ölçü götürüləcək.

Brüsseldə gedən danışıqlar əsnasında Erdoğan yenə də özünün anti-Almaniya ritorikası ilə çıxış edib. O parlament qarşısında etdiyi çıxışında deyib ki, «xarici casuslar Türkiyədə sərbəst şəkildə qaynaşır».

O həmçinin Almaniyanın iki dünya müharibəsindəki roluna da diqqət çəkib.

«Birinci və ikinci dünya müharibələri zamanı dünyanın ən amansız, ən qanlı və ən dəhşətli qətiamlarını həyata keçirənlər bizə insaniyyət barədə mühazirə oxumamalıdırlar», - deyib Ərdoğan.

«Carnegie Europe» araşdırmalar mərkəzinin eksperti və Aİ-nin Türkiyədəki missiyasının keçmiş başçısı Mark Pierini (Marc Pierini) deyib ki, Avropa və Ankara arasında gərginlik Türkiyənin öz daxilindəki böhranla eyni vaxta təsadüf edib.

Pierini bildirib ki, burada söhbət nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyən hökumətdən gedir.

«Türkiyə aşkar şəkildə avrokratik bir yol tutub və eyni zamanda Aİ-yə üzvlük danışıqlarının davam etdirilməsini istəyir», - deyib Pierini.

O bildirib ki, Türkiyənin tutduğu yoldan geri çəkiləcəyinə inanmır.

 





26.07.2017    çap et  çap et