Vaxt.Az

«Qəbələ» iddialıdır


 

10-cu qələbənin astanasında

«Qəbələ» iddialıdır Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 33 qarşılaşma 2 gün ərzində keçiriləcək.

Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi «Qəbələ» sabah meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan «Panatinaikos»u ilə görüşəcək.

Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdı. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan «Qəbələ» pley-offa yüksəlmək üçün ən azı 2 top fərqilə sevinməlidir.

Qapısını toxunulmaz saxlasa, komandamıza minimal hesablı qələbə isə görüşün penaltilər seriyasına qədər sürməsi üçün yetərli olacaq. Lakin oyunsonrası lotereyada bəxtini sınamamaq üçün 2 top fərqli qələbə zəruridir.

2 il əvvəl «Panatinaikos»u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) «qırmızı-qaralar» evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Son 8 ev matçını qolsuz tərk etməyən «Qəbələ» afinalıların da qapısına yol tapmağa iddialıdır. Son iki mövsümdə qonaqların quru oyun keçirməsinə imkan verməyən təmsilçimiz qol vurmaqla yanaşı, qapısının toxunulmazlığını da düşünməyə məcburdu. Çünki buraxılacaq qol komandanın işini xeyli çətinləşdirəcək.

Qazanılacaq qələbə də «qırmızı-qaralar» üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadır. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir adım da yaxınlaşacaq.

Qeyd edək ki, sabah baş tutacaq «Qəbələ» – «Panatinaikos» görüşü saat 21:00-da başlayacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. «Qəbələ» (Azərbaycan) – «Panatinaikos» (Yunanıstan)

İngiltərəli hakimlər briqadası

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend 

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1

 





02.08.2017    çap et  çap et