Vaxt.Az

Müharibə həyəcanı artır


 

ABŞ və Şimali Koreya orduları hazır vəziyyətdə!

Müharibə həyəcanı artır Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb. APA TV-nin NBC telekanalına istinadən məlumatına görə, Sakit okeandakı Quam adasında ABŞ-ın «Andersen» hərbi hava və «Apra-Harbor» hərbi-dəniz bazası yerləşir.

«B-1B Lancer» bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.

Pxenyan isə bir neçə günə həmin adadakı ABŞ hərbi bazalarına zərbələr endirmək üzrə planını başa çatdıracaq.

Hərbi plan dörd «Xvason-14» orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Planın həyata keçirilib-keçirilməməsinə dair qərarı ölkə lideri Kim Çen In verəcək.

Bu arada Rusiya tərəfləri gərginliyi azaltmağa və dialoqa çağırıb. Lakin rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqu mümkünsüz sayır: «Tramp kimi düşüncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız güc təsir edə bilər», - deyə, Şimali Koreya rəsmisi bildirib.

Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib: «Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər», - deyə, D.Tramp bəyan edib.

 





10.08.2017    çap et  çap et