Vaxt.Az

«Zarafat eləmişəm»


 

Hətta respublikaçılar da Trampın hərəkətini «qeyri-vətənpərvər» adlandırdı

«Zarafat eləmişəm» ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsini «zarafat» adlandırıb. Tramp Putinin Moskvadakı ABŞ diplomatlarının sayını kəskin şəkildə azaltmaq planlarına təşəkkürlə reaksiya verərəkən bütün media bunu tamamilə ciddi bəyanat kimi qəbul etmişdi.

Buna görə prezidentin ünvanına sərt tənqidlər səslənmişdi.

Həm demokratlar, həm də Trampın öz partiyasının üzvləri - respublikaçılar arasında bunu «qeyri-vətənpərvər» hərəkət kimi qiymətləndirənlər olmuşdu.

Tramp demişdi ki, «Mən ona təşəkkür etmək istəyirəm, çünki biz maaş xərclərini azaltmaq istəyirik. Mən ona çox minnətdaram ki, o çox sayda adamın işdən çıxmasına kömək edib, çünki bizim indi maaş üçün büdcəmiz kiçikdir. Onların ora qayıtmasına heç bir real ehtiyac yoxdur…Biz çoxlu pula qənaət edəcəyik».

Putin göstəriş verib ki, ABŞ-ın Rusiyadakı səfirlik və konsulluq işçilərinin sayı 1200 nəfərdən 450 nəfərə endirilsin.

Bu, ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalar qoymasına cavabdır.

Konqres Rusiyanı ABŞ-dakı ötənilki prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb və buna görə Kremlə qarşı sanksiyaların sərtləşdirilməsinə səs verib.

Tramp qanunu tənqid etsə də, imzalayıb.

Donald Trampın təşəkkürü həm də ona görə birmənalı qarşılanmadı ki, o, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin xərclərinin təxminən 30 faiz azaldılması haqqında təklif vermişdi.

Üstəlik də seçki məsələsində Kremllə gizli işbirliyi ilə bağlı iddialar elə Trampın öz komandasına qarşı yönəlib.

Hazırda Federal Təhqiqat Bürosu bu məsələni aydınlaşdırmaq üçün araşdırma aparır.

Seçki dövründə Trampın qərargahının mühüm fiqurlarından olmuş Pol Manafortun evində bu günlərdə axtarış da aparılıb.

ABŞ prezidenti bildirir ki, o heç zaman Putinin adamları ilə seçki mövzusunu müzakirə etməyib və onun seçki kampaniyası şəffaf olub.

 





12.08.2017    çap et  çap et