Vaxt.Az

Hoqlanddan dəstək


 

Amerikalı həmsədr faktiki Azərbaycanın təklif etdiyi variantı irəli sürüb

Hoqlanddan dəstək Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənin həlliylə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin «mərhələli həll» variantını ehtiva edir.

Birincisi, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır.

İkincisi, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməlir. Bu da çox vacib bənddir. Çünki geri qayıdan azərbaycanlılar təhlükəsizliklərinə təminat almalıdırlar.

Üçüncüsü, Hoqland Dağlıq deyib ki, Qarabağa aralıq status verilməlidir. Rəsmi Bakı bu təklifə də etiraz etmir.

Ancaq ən başlıcası amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyə qədər həll olunmaması məhz bu detalla bağlıdır. Amerikalı diplomatın sözlərindən belə başa düşdüm ki, o yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir. Azərbaycan buna etiraz etmir. Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqında danışmaq olar. Problem ondadır ki, İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır, bu da danışıqları hər zaman dalana dirəyir. İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun. Buna Azərbaycan heç bir halda razılaşa bilməz. Bu sonrakı müzakirələrin predmetidir.

Əlbəttə, amerikalı həmsədrin «mərhələli həll» planını dəstəkləməsi sevindirici haldır. Bunu ondan əvvəlki amerikalı həmsədr Ceyms Uorlik də deyirdi. O da bir neçə dəfə söyləmişdi ki, ilkin olaraq işğal altındakı torpaqlar boşaldılmalıdır. Problem ondadır ki, bu deyilənləri İrəvana kim qəbul etdirəcək? Vaşinqton Qarabağ problemi ilə sıx məşğul olmur, Kreml isə «mərhələli həll» planına Ermənistan hakimiyyətinin prizmasından yanaşır.

Bu arada, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Endryu Şofer olacaq. O bir neçə gündən sonra işə başlayacaq. Bu illərdə Minsk Qrupu həmsədr ölkələrindən onlarla diplomat bu vəzifədə çalışdı, yığışdılar, ildə bir-iki dəfə bölgəyə səfərlər etdilər. Nəticə ortadadır. Əslində bir diplomatın üzərinə düşən missiyanı yerinə yetirə bilməməsi onun karyerasına mənfi təsir etməlidir. Həmsədrlərin içində ən fəalı amerikalı diplomat Metyu Brayza idi, münaqişənin səbəb və nəticələri haqqında son dərəcə bilgili idi, işinə fəal başladı, ancaq o da bacarmadı. Çünki, münaqişənin həllinin sürətləndirilməsi üçün onlar rəhbərlərindən gərəkli təlimatlar almalıdırlar.

 





25.08.2017    çap et  çap et