Vaxt.Az

«Range Rover»lə qadını öldürüb qaçıb


 

İcra başçısının I müavini cinayətkar oğlunu müdafiə etdi: «Ölümü avtomobil qəzasıyla bağlamaq olmaz»

«Range Rover»lə qadını öldürüb qaçıb Nərimanov rayon İcra başçısının I müavini maşınla adam öldürməyi cinayət saymır. Hər halda Şahmar İbadovun, oğlu Elmir İbadovun ağır yol qəzası törətməsi barədə mətbuata açıqlamasından belə çıxır.

A24.az-ın verdiyi məlumata görə, Şahmar İbadov həmin açıqlamasında deyib: «Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq».

Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Elmir İbadov idarə etdiyi «Range Rover» markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.

Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.

Atası isə hesab edir ki, qadın Elmir İbadovun maşınıyla toqquşaraq, öz əcəliylə ölüb.

Atasının açıqlamasına baxanda Elmir İbadov həqiqətən günahkar görünmür. Zənnimizcə, əsl günahkar bu cür xəstə düşüncəyə malik valideyndir ki, hələ də Bakı rayonlarından birini idarə edir.

 





28.08.2017    çap et  çap et