Vaxt.Az

Qonşuluqda daha bir NATO təlimləri...


 

Yenə Ermənistan var, Azərbaycan yoxdur

Qonşuluqda daha bir NATO təlimləri... NATO-nun Gürcüstanda növbəti təlimləri olacaq. İşğalçı Ermənistan bu dəfə də hərbi tədbirdə iştirak etdiyi halda, Azərbaycan yenə də atılmır. «Bu təlimlərə qatılmaqla nə əldə edilir ki» deməyin. Bu təlimlər NATO-ya, onun standartlarına uyğunlaşmaq, böyük mənada isə müasir dünyaya açılmaq deməkdir. Təkcə hərbi yox, siyasi mahiyyəti var. Zatən NATO özü də sadəcə hərbi deyil, həm də siyasi ittifaq və çağdaş dəyərlər ətrafında toplaşan dövlətlərin uğurlu birliyidir.

Biz Ermənistanı və erməniləri ələ salmağa, aşağılamağa adət etmişik. Amma mən son zamanlar Ermənistanın siyasətində bir strateji ağıl, uzunmüddətli planlama sezirəm. Ermənilər axmaq deyil. Prosesləri izləyir və düşünürlər ki, təkcə Rusiyaya ümid bağlamaqla etibarlı və dayanıqlı gələcək qurmaq olmaz. Rusiyanın ayağının büdrəməsi və orta-uzun vədədə bu bölgədən çəkilməsi ehtimalına qarşı indidən alternativ yol hazırlayırlar ki, qəza anında hansı qapıdan çıxacaqlarını bilsinlər.

Şübhəsiz ki, Ermənistanın addımlarından Rusiyanın xəbəri var, əminəm ki, Sərkisyan NATO təlimlərinə qatılacaqları barədə qabaqcadan Moskvaya məlumat verir. Rusiya təbii ki, istəsə buna imkan verməyə bilər, amma Ermənistanı aciz kölə kimi təqdim etməyin həqiqətə uyğun olmadığını düşünürəm, çünki onların da Rusiyaya qarşı özünüməxsus təzyiq vasitələri mövcuddur. Ölkədə antirusiya əhval-ruhiyyəsi son vaxtlar artmaqdadır və bəhs etdiyim həmin o «üst ağıl» şərait yaradır ki, bu əhval-ruhiyyənin təmsilçiləri İrəvanın mərkəzində kütləvi aksiyalarla özlərini ifadə etsinlər. Eyni zamanda, Rusiyanın inteqrasiya proyektlərində iştirakın məqsədəuyğunluğu məsələsi də Ermənistan ictimaiyyəti, mediası tərəfindən açıq şəkildə sorğulanır, müxalifətə imkan verilir ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə parlamentdə məsələ qaldırsın.

Hələlik bəxtimiz onda gətirib ki, indiki Ermənistan erməni xalqının gerçək potensialı ilə tamamilə tərs mütənasib olan inkişaf səviyyəsinə malikdir. Qərbin və Latın Amerikasının biznes və elmi-intellektual çevrələrində xeyli sanballı erməni var, lakin Rusiya amili onların Ermənistana nüfuz etməsini əngəlləyir. Yəni Rusiya əslində Ermənistanı da bədbəxt edib və ermənilər bunu yaxşı anladıqları üçün gələcəyə hesablanmış alternativ yol xəritəsi hazırlamağa çalışırlar. Onların NATO təlimlərinə qatılmasına bu aspektdən baxmaq lazımdır.

Azərbaycan isə yerində sayır, hətta reqres əlamətləri göstərir, müasir dünyadan özünütəcrid mənasına gələn addımlar atır. Bu yanlış yoldan bir an öncə dönmək gərəkdir, çünki çox vaxt itirmişik və itirməyə də davam edirik...

 





29.08.2017    çap et  çap et