Vaxt.Az

«Dayım məni öldürmək istəyir...»


 

Xristian olmaq üçün Gəncədən Almaniyaya qaçan Aliyənin hekayəsi

«Dayım məni öldürmək istəyir...» Azərbaycanlı ailə Almaniyanın Putsbrun şəhərində kilsədə xaç suyuna çəkilib və xristian dininə qəbul olunub. Virtualaz.org Almaniya mənbələrinə istinadən xəbər verir ki, 37 yaşlı Aliyə iki uşağı və əri ilə birlikdə iki il əvvəl Gəncədən Almaniyaya mühacirət edib. Mühacirət səbəbi kimi qadın bildirib ki, o, dinini dəyişib xristian olmaq istəyir, lakin dayısı buna qarşıdır və onu öldürmək istəyir. Lakin Almaniyanın miqrasiya məsələləri üzrə Federal İdarəsi gəncəli qadının bu hekayəsinə inanmayıb və bildirib ki, Azərbaycanda xristianlar üçün təhlükə yoxdur.

Kilsədə xaç mərasimi zamanı keşiş Karl Stoker Aliyədən soruşub: «Necə hesab edirdiniz, siz bu mərasimdən sonra özünüzü təhlükəsiz şəraitdə hiss edirsiniz?». Qadın buna başını yırğalamaqla cavab verib. «Lakin gözlərindən görünür ki, o, həmin sözlərin mənasını tam başa düşmədi»-bu xaç mərasimi barədə alman mediasında dərc edilmiş məqalədə qeyd olunur.

Bildirilir ki, Aliyə və ailəsi Gəncədən Münhenə qədər 4 min kilometrə qədər məsafəni mikroavtobusda gedib. Aliyə iddia edir ki, dayısı onu öldürmək istədiyi üçün Almaniyaya qaçıb. Çünki dayısı onu və uşaqlarını öldürmək istəyirdi. Səbəb isə Aliyənin dini dəyişib xristian olmaq istəməsidir.

Aliyə deyir ki, dayısının onun dalınca Almaniyaya gedib yaşadığı yeri tapacağından və onları öldürəcəyindən qorxur. Qadın deyir ki, xristian dininə marağı hələ uşaq yaşlarından balaşlayıb. Onun danışdığına əsasən babası gənc yaşlarında Ukraynaya gedib və orada evlənib, daha sonra Azərbaycana qayıdıb. Və uşaq yaşlarından Aliyə xristian nənəsinə bağlanıb . Nəhayət nənəsi yaşlanıb və günlərin birində nəvəsinə « mənsub olduğu din haqda» danışıb. Guya Aliyənin nənəsi hər bazar günü kilsəyə qorxa-qorxa gedirmiş.

Aliyə deyir ki, onun nənəsi üçün də Azərbaycanda çətin idi. Çünki ölkədə əhalinin cəmi 3 faizi xristiandır. Aliyənin dediyinə görə, o ilk dəfə 15 yaşında nənəsi ilə Bibliyanı oxuyub. 18 yaşında isə ilk dəfə kilsəyə gedib. Özü də gizlicə. Sonra o, ərə gedib. Qadın iddia edir ki, əri onun xristian olduğunu biləndə «sevgisinin təsirindən» özü də dinini dəyişib, xristian olub. Və onlar hər axşam uşaqlarına Bibliyadan oxuyurlarmış. Qadının danışdığına görə onların xristian olmasından başqaları xəbər tutmamışdı, ancaq günlərin birində oğlu məktəbdə bu haqda danışıb. Və həmin gündən onların problemləri başlayıb. Oğlunu məktəbdə daşa basıblar, bazarda onlara mal satmaqdan imtina ediblər və Aliyənin dayısı onları öldürməklə hədələyib.

Guya qadın başına gələnlər haqda polisə şikayət edib, ancaq şikayətinə məhəl qoyan olmayıb. «Polisdə mənə dedilər ki, sənin beynində Şeytan var», - Aliyə deyir.

Nəhayət ailə iki il əvvəl Almaniyanın Münhen şəhərinə, oradan Putsburna gedir. Qadın aerportda süpürgəçi işinə düzəlib, əri Münhendə özəl mühafizə şirkətində işləyir, oğulları məktəbə gedir. Birlikdə onlar hər bazar günü kilsəyə gedirlər. Xaç mərasimindən əvvəl ailə bir neçə həftə hazırlıq keçib. «Biz onlardan başlarına gələnlər haqda soruşuruq, nəyə görə xristian olmaq istdiklərini öyrənirik və araşdırırıq ki, görək niyyətləri səmimidirmi», - keşiş Ştoker deyir.

Almaniyada katlik kilsəsi qaçqınları xaçlama məsələsində həmişə ehtiyatlıdır. Kilsə pamfletlər dərc edir və göstərir ki, müsəlmanı dinini dəyişdirib xristian olmağa məcbur etmək olmaz. Və belələrinə xəbərdarlıq etmək lazımdır ki, dinini dəyişəndə sonra köhnə dostlarını, hətta ailə üzvlərini itirə bilərlər. «Və biz xəbərdarlıq edirik ki, xaç mərasimi hələ Almaniyada qalmağa təminat vermir», - keşiş deyir.

Lakin dini dəyişmək məsələsi Almaniyada qaçqınlara sığınacaq verilməsi məsələsində həmişə nəzərə alınır. Bununla belə qaçqınlar üzrə Federal İdarə bildirir ki, mühacir öz vətənində dini baxışlarına görə təqib olunduğunu əsaslandırmalıdır. Habelə qəbul etdiyi yeni din haqda bilməli, bu dində nəyin onun xoşuna gəldiyini göstərməlidir.

Aliyə və onun ailə üzvlərinə gəldikdə isə federal hökumət onları Azərbaycanda təhlükə gözlədiyinə inanmır. Bu səbəbdən ailənin sığınacaq barədə müraciətinə rədd cavabı verilib. Buna baxmayaraq Aliyə və ailəsi təslim olmur, onlar vəkil vasitəsilə qərardan şikayət veriblər.

 





30.08.2017    çap et  çap et