«6-7-ci siniflərdə Ankarada təşkil olunan musiqi yarışlarında birinci dərəcəyə» layiq görünən Yaşar Əhmədizadə hər gün musiqi ilə məşğul olmaqla bərabər musiqiçi atasının təşkil etdiyi orkestr tərkibində də fəaliyyət göstərdiyini deyir.
O, musiqi sahəsində fəaliyyət göstərmək istəyən uşaqlar üçün mövcud olan fürsətlər baxımından Türkiyə və İrandakı şəraiti müqayisə edir. «Burada musiqi təlimi, xüsusilə klasik musiqi təlimi yetərsizdir. Amma musiqi təliminin önündə bir maneə yoxdur. Amma Güney Azərbaycanda yaşadığım dönəmdə buradakı qədər dəstəklənmədim. Orada musiqini toplum içində çox görmədim», deyə sənətçi söyləyir.
O əlavə edir, «mənim Güney Azərbaycanda musiqi fəaliyyətinə başlamağımın səbəbi babamın musiqiçi olması idi, yoxsa başlaya bilməzdim. Türkiyədə ən azından məktəblərdə musiqi dərsi vardır. Çox əhatəli deyil, amma var. İranda heç yoxdur».
Yaşar Əhmədizadə musiqi təhsilini davam etdirmək və Türkiyə, ya da digər ölkələrdə Konservatoriyaya girmək istədiyini deyir.
O, həmçinin tərkibində fəaliyyət göstərdiyi orkestrin auditoriyasını genişləndirmək istiqamətində klasik musiqidən əlavə digər janrlarda da proqramlar planlaşdırdığını bildirir.
«Musiqi, xüsusilə klassik musiqi sadəcə elitist bir iş deyil. Hamının həyatında olması gərəkən bir şeydir. Həyata yeni bir baxış açısı qazandırar», deyə gənc sənətkar əlavə edir.