Vaxt.Az

Baqratyanın nağılları


 

Sabiq baş nazir Ermənistanın nüvə silahı haqda nələr danışdı?

Baqratyanın nağılları Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən bəyan edib ki, Ermənistan nüvə silahına malikdir. Bunu o, Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forum zamanı virtualaz.org-un müxbiri ilə söhbətində deyib.

Xatırladaq ki, Qrant Baqratyan əvvəllər də bir neçə dəfə Ermənistanda nüvə silahının mövcudluğunu bildirib. Siyasətçi bu barədə danışarkən deyirdi ki, Ermənistanda bu silah keçən əsrin 70-ci illərindən var. Baqratyan izah edirdi ki, Ermənistanda nüvə silahının mövcudluğu «Azərbaycan və Türkiyəni saxlayan faktor kimi» lazımdır.

Virtualaz.org-un əməkdaşı ilə söhbətində Q.Baqratyan, onun bəyanatlarının böyük hay-küy yaratmaq üçün səsləndirildiyi barədə iddiaları rədd edib və bir daha vurğulayıb ki, nüvə silahı Ermənistana sovet vaxtlarından qalıb.

«Bəli bizdə nüvə silahı var və mən bunu açıq deyirəm», - o əlavə edib.

Əməkdaşımızın «qorxmursunuzmu ki, belə bəyanatlardan sonra Ermənistanı sanksiyalar baxımından Şimali Koreyanın taleyi gözləyə bilər» sualının cavabında isə Baqratyan deyib: «Ermənistan özünü Azərbaycandan necəsə müdafiə etməlidir».

Qeyd edək ki, 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, 1993-cü ildə müdafiə naziri vəzifəsini icra etmiş general-leytenant Norat Ter-Qriqoryans əvvəllər Ermənistanın atom silahı almaq arzusu haqda açıq bəyan edirdi. Eyni zamanda, Ermənistanın yüksək vəzifəli digər şəxsləri də bir neçə dəfə hərbi arsenalda «çirkli bombaların» mövcudluğuna işarə etmişdilər.

 





06.09.2017    çap et  çap et