Vaxt.Az

«Neftçi»ni necə xilas etmək olar?


 

Qara günlü «ağ-qaralar» nəinki qələbə qazanıb, heç qol vura bilməyib

«Neftçi»ni necə xilas etmək olar? Son illərdə «qara zolaq»dan çıxa bilməyən «Neftçi» yeni mövsümə də uğursuz start verdi. «Ağ-qaralar» Azərbaycan Premyer Liqasının ilk 4 turunda qələbəyə həsrət qalıb. Ölkənin ən titullu klubu hazırda 1 xalla «Kəpəz»lə birgə son iki pilləni bölüşür. Maraqlıdı ki, «ağ-qaralar» yeni mövsümdə nəinki qələbə qazanmaq, hətta qol belə vura bilməyib. Komandanın qol xanasındakı «1» isə «Qarabağ»ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin «hədiyyə»sidi.

İlk iki turda «Qarabağ» və «Səbail»ə məğlubiyyətlərin ardından baş məşqçi Elxan Abdullayev istefaya göndərildi. Ancaq ötən mövsümdə də oxşar hadisənin (Vəli Qasımovun istefaya göndərilməsindən sonra Elxan Abdullayev baş məşqçi postuna gətirilmişdi) yaşandığını və nəticələrin dəyişmədiyini nəzərə alsaq, baş məşqçi dəyişikliyinin çıxış yolu olmadığını görərik. Bəs «Neftçi»ni hazırkı vəziyyətdən kim və ya nə xilas edə bilər?

Komanda.az futbol ictimaiyyətinə bu sualla müraciət etdi: Sizcə, «Neftçi»ni necə xilas etmək olar?

Vüsal Mahmudov, «Futbolinfo.az» saytının baş redaktoru: «Neftçi»ni xilas etmək üçün onu marketoloqlardan alıb, futbolu bilən insanlara vermək lazımdı. Klubun böyük uğurlar qazanması üçün hər şeyi - ən başlıcası, sabit maliyyəsi var. Sadəcə, idarəçilikdə ciddi islahatlar lazımdı. Məşqçi, futbolçu - bunlar da vacibdi, amma onların ən layqlilərini yalnız yaxşı rəhbərlər seçə bilər».

Mahir Rüstəmli, «Futbol+» qəzetinin baş redaktoru: «Məncə, «Neftçi»də problemlərin sırası genişdi. Söhbət həm ümumilikdə «Neftçi» brendində uyğun olmayan idarəçilikdən, həm «sükan arxasında» xarizmatik fiqurun yoxluğundan, həm də hansı formanı geyindiyini dərk etməyən futbolçuların məsuliyyətsizliyindən gedir. Bütün bunların üzərinə «Qarabağ»ın son illərdəki daimi uğurlarını da gələndə, faktiki «Neftçi» bu gün bütün sevgi dayaqlarını itirən yetim uşağa bənzəyir. Şəxsən mən «Neftçi»nin indiki heyətinin turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmaq dərəcəsində aşağı potensiala malik olduğunu düşünmürəm. İndiki məqamda ən qaçaraq çıxış yolu komandanın konkret böhrandan çıxış proqramı olan baş məşqçiyə tapşırılmasıdı. İkinci addım isə rəhbərlikdə dəyişikliklər, yəni «Neftçi»yə futbolda uğur qazanmağın yolunu bilən adamların gətirilməsi olmalıdı».

Tahir Süleymanov, «Neftçi»nin sabiq vitse-prezidenti: «Son illər «Neftçi» tarixinin ən uğursuz dönəmini yaşayır. Adına, nüfuzuna yaraşmayan anti-rekordlar müəyyənləşdirilib. Üç mövsümə Müşahidə Şurası, prezident səlahiyyətlərinə malik iki icraçı direktor, idman direktoru, prezident idarə-üsuluna qayıdılması, 5-6 baş məşqçi, saysız-hesabsız yerli, əcnəbi köməkçilər, 50-dən çox yerli, legioner futbolçu dəyişib. Mətbuat xidməti, tərcüməçi, mühafizə, operator, aşpaz, sürücü və s. işçiləri demirəm. Nəticələr isə getdikcə daha da pisləşir. Hər gələn dövlət, xalqın vəsaiti ilə maliyyələşən «Neftçi»ni özünün özəl şirkəti hesab edir. Futbol qalıb kənarda, öz dost-tanışlarını yerbəyer etməklə sponsor tərəfindən ayrılan pulu ata malı kimi xərcləyirlər. Bunun bir adı var: yarıtmaz klub idarəçiliyi. Bunlar gözlənilən idi. Fikirlərimi illərdi bildirirəm. Klub futboldan dərin anlayışı olmayan naşı insanlar tərəfindən zəbt olunub və bu günə kimi havadarlarının qoltuğu altında gizləniblər. Hər altı aydan bir özlərini qorumaq üçün məşqçi, futbolçular dəyişdirilir, ictimaiyyəti aldadaraq yağlı vədlər verilir. Elə bu mövsüm də istisna deyil. «Bizim komanda deyil» adıyla azarkeşlərin, ictimaiyyətin aldadıldığı ilk turlardan bəlli oldu. Klub tarixinin ən biabırçı startı, yenə baş məşqçi istefası, dəyişikliyi...

Düşmən belə, «Neftçi»ni bu günə sala bilməzdi ki, futboldan bixəbərlər yığını bunu etdi. Futbolu bilməyənlər ağır yükə malik «Neftçi»ni idarə edə bilməz. «Neftçi»nin dirçəlməsi üçün yeganə bir yol var: klubda köklü dəyişiklik. «Neftçi»ni məhv edən havadarlar əlaltıları ilə birgə klubdan əl çəkməli, uzaqlaşdırılmalıdı. 

Onlar bunu öz xoşları ilə etməyəcəklər. Rəqabətsiz çempionatda 3-cü büdcə ilə 7-ci yeri tutub yeni mövsüm üçün vaxt istəyən rəhbərlikdən mənəvi tellərin oyanmasını gözləmək sadəlöhvlük olar. Dörd tura 1(!) xal toplayan «dahilər» ictimaiyyətdən gizlənməklə, yenə də məşqçi dəyişikliyi ilə klubdakı talançılığını uzadırlar. Azarkeşlərin, mətbuatın haqlı narazılığı fonunda yeni havadar(lar) axtarışındadılar...

Onları «Neftçi» yox, vəzifələri, yağlı tikələri maraqlandırır. «Neftçi»nin alçaldıcı məğlubiyyətlərinin dözülməz səbəbləri bunlardı. «Neftçi»nin təsisçi və sponsorları qəti, düzgün addımlar atmasa, tarixi klubun keçmiş əzəməti, çempionluq, kubokları, Avropada uğuru olmayacaq».

İlqar Həmzəyev, azarkeş: «Bu gün kimdən soruşsaz, deyəcək ki, problem idarəetmədədi. Bir qədər şablon çıxsa da, bu, doğrudan belədi. Sadəcə, araşdırmaq lazımdı ki, bu idarəetmə sistemini bizə yeridən kimdi? Kim bu idarəetmə sistemini «Neftçi»yə sırıyıb? Bundan öncə - Sadıq Sadıqovun dövründə «Neftçi» normal komanda idi. Düzdü, «Xəzər Lənkəran»la müəyyən qalmaqallar yaşanmışdı. Lakin bu, Avropanın bütün ölkələrində olur. Mən hazırkı rəhbərlikdə günah görmürəm. Sadəcə, klublarda bu sistemi yaradanlarda günah görürəm. Axı bu idarəetmə sistemləri, müşahidə şuraları kimə lazımdı? Burda nə məşqçilərdə, nə də futbolçularda günah yoxdu. Qeydə alınmış nəticələrə görə cavabdeh şəxs olmalıdı. Heç kim araşdırmır ki, «Neftçi»nin Müşahidə Şurasının üzvü olmuş Bəhram Bağırzadə, məşqçilər niyə küsüb gedir? Mən vəziyyətdən çıxış yolunu Sadıq Sadıqovun və Tahir Süleymanovun «Neftçi»yə qayıtmasında görürəm».

Ceyhun Əliyev, «Sport24.az» saytının baş redaktoru: «Hər dəfə «Neftçi» adı gələndə qəribə hisslər yaşayıram. Bu komanda 80 il ərzində nə edib ki, indi hansısa fiaskodan danışaq? SSRİ dövründə bir «bürünc» - məgər bu, uğurdu? Yoxsa Avropa Liqasının qrupuna düşdükdən sonrakı mövsüm «Skenderbeu»dan alınan rüsvayçı məğlubiyyət stabillik nümunəsi idi? Yəqin heç kəs «Koper»ə evdəki 1:2 hesablı məğlubiyyətdən sonra Sadıq Sadıqovun «yuxumda görmüşəm ki, onları səfərdə 2:0 udacağıq» münəccimliyini də unutmayıb... Bu komandanı digərlərindən fərqləndirən ancaq yaşıdı. Uğurlarına görə «Qarabağ»dan da, «Qəbələ»dən də geri qalır «Neftçi». Ölkədaxili uğurlar isə heç vaxt prioritet olmayıb. O ki qaldı «Neftçi»nin turnir cədvəlinin «zirzəmi»sindən çıxması məsələsinə, burda başlıca problemi müxtəlif istiqamətlərdən bir neçə əlin «ağ-qara» qazan»a müdaxilə etməsində görürəm. Zənnimcə, Rövnəq Abdullayev səviyyəsində müdaxilə olmalı və barmaq silkələnməlidi. Əks təqdirdə, həmin əllərin «yorğan davası» heç vaxt bitməyəcək. Qalib gələn tərəf də olmayacaq. Uduzan isə «Neftçi» olacaq».

 





11.09.2017    çap et  çap et