Vaxt.Az

«Qeyri-adi bir şey yoxdur»


 

Birinciləri məktəbə necə hazırlamalı?

«Qeyri-adi bir şey yoxdur» Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Bu il ilk dəfə məktəbə gedəcək uşaqlar arasında yeni həyata hazır olmayanları da var. Onların ilk günlərdə mühitə adaptasiya ola bilməməsi isə valideynləri narahat edən məsələlərdəndir.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz psixoloq Təhminə Çələbi APA TV-yə açıqlamasında bildirib ki, uşağın məktəbə uyğunlaşması üçün psixoloji hazırlıq vacibdir: «Hər bir halda uşaqlar istənilən yeniliyə qarşı psixoloji hazırlanmalıdırlar. Uşaq üçün bu, yeni bir həyata başlanğıcdır və evdən bütün oyunlarından, vərdişlərindən uzaqlaşaraq yeni həyata başlayır».

Mütəxəssisin sözlərinə görə, uşaqları birdən-birə vərdişlərində ayırmaq da düzgün deyil, bu, onlarda müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər: «Bəzən uşaq özü kənarda qalır, valideynlər o qədər təşvişdə olurlar ki, necə olacaq, mənsiz qalmayacaq və s. Bu kimi fikirləri kənara qoyub, yəni qeyri-adi bir şey yoxdur. Uşaq, sadəcə, təhsil almağa gedir və təhsilin onun üçün nəyə görə lazım olduğunu, onun böyüməkdə olduğunu başa saldıqları halda, heç bir problem ortaya çıxmayacaq».

Təhminə Çələbi məktəbə yeni qədəm qoyan uşaqlarla ilk aylar necə rəftar etməyin lazım olduğunu da açıqlayıb: «İlk vaxtlarda ən azı 6 ay uşağı oyunlardan lap çox ayırmaq olmaz, çünki uşaq tamamilə yeni bir həyata başlasa, bu, uşaqlarda əsasən 7 yaş böhranına gətirib çıxara, uşaqda özünəqapanma baş verə bilər. Zəifləmə, qaytarma, bəzən qarın ağrıları olar ki, valideynlər bəzən bunu başqa xəstəliklərlə səhv salır və onu müalicə etməyə çalışırlar. Halbuki bu, sadəcə, stressdən və depressiyadan ola bilər. Ona görə uşağa oyun üçün də müəyyən vaxt ayırmaq lazımdır ki, yeni vərdişləri yavaş-yavaş öyrənməyə başlasın».

Pediatr Vaqif Qarayev də yeni dərs ilinin başlanması ilə əlaqədar sosial şəbəkədə valideynlərə müraciət edib. Həkimin sözlərinə görə, adaptasiya mərhələsini keçənə qədər uşaqlara qarşı anlayış göstərmək lazımdır. Xüsusilə onları yükləmək, dərslərini edərkən yol verdiyi nöqsanlara görə təzyiq göstərmək məsləhət deyil. Evə gələn kimi dərs oxutmaq mənasızdır. Hər gün gündüz 2-2,5 saat yatsa, yaxşıdır. Axşamlar saat 21.30-dan gec olmayaraq yatağa girməlidir.

Uşağın qidalanmasına xüsusi fikir vermək lazımdır. Məktəbin bufetində satılanları yox, özünüzün hazırladığınız buterbrod və s. kimi yeməkləri yesə, yaxşıdır. Qida rasionunda meyvə-tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə (şirə kimi yox) qəbul eləsin! Gündəlik menyuda ət yeməkləri də olmalıdır. İlk günlərdən uşağa düzgün oturma vərdişləri aşılanmalıdır.

Həkim uşaqların çantalarının ağırlığı məsələsinə də toxunaraq bildirib ki, 6 altı yaşlı uşaq üçün çanta ağırlığı 2-2,5 kq olmalıdır. Uşağın gözü ilə dəftər-kitab arasında məsafə təqribən 30 sm olmalıdır. Yoxsa qamətində deformasiya yaranacaq.

Bütün bunlara əməl edə bilsək, uşağın həm psixikasını, həm də xəstəliklərə qarşı müqavimətini qorumuş olarıq. Yeni dərs iliniz mübarək!

 





13.09.2017    çap et  çap et