Vaxt.Az

Daha bəsdirin...


 

... Yazmayln belə dərsliklər

Daha bəsdirin...

36,6


Ay uşaqlar, işlərim

Yaman düşübdür tərsə.

Hazırlaşa bilmədim,

Düzü, sabahkı dərsə.

Barı xəstələnəydim,

Qalxaydı hərarətim.

Qurtaraydı canımı

Sabahkı dərsdən mənim.

Təlaşla, həyəcanla

Termometrə baxıram.

Hanı mənim qızdırmam?

Niyə azarlamıram?

Qarnım da heç ağrımır,

Sağlamam, nə bəladır?

Yenə də hərarətim

Otuz altı, altıdır.


Orta məktəb dərsliklərinin problemlərindən çox danışılıb. Düşünülə bilər ki, danışmağın xeyri yoxdur. Mən də eyni qənaətdəyəm. Sadəcə onu da düşünürəm ki, bu məsələ Elza Zeyidcahanın şerləri deyil ki, barəsində fikir bildirməyəsən. Məncə, nə qədər xeyri olmasa da, bu barədə demək-danışmaq və yenə də demək-danışmaq lazımdır. Ən azından ona görə ki, bu dərslikləri yazanlar millətin övladlarını kor qoyduqlarını yaşadıqları, nəfəs aldıqları hər gün görsünlər. O kitabları yazmaq üçün aldıqları məvacibin piltim-piltim burunlarından gəlib düşməli olduğunu bilsinlər. Bilsinlər ki, kitablarla yaratdıqları gələcək vətəndaş obrazı kimdir. Həmin obrazlardan biri üçün xarakterik olan xüsusiyyət yuxarıdakı «Otuz altı altı» şerindədir. Müəllifi Sergey Mixalkov, tərcümə edəni G.Orucova olan bu şer 3-cü sinfin «Azərbaycan dili» dərsliyindədir.

Mən başa düşürəm, hamımız uşaq olmuşuq, dərsə getməmək üçün bəhanələr uydurmuşuq, dərsdən qaçmaq üçün min cür yollara əl atmışıq. Bu, tənbəllik düşüncəmizin epizodik məhsulu olaraq meydana çıxıb. Bizə heç bir kitabda öyrədilməyib ki, etdiyimiz məqbuldur. Ancaq bir şer uşaq təxəyyülünün alt qatındakı hiylənin təfərrüatlarına həsr olunursa, bunun dərslikdə yer alması nə dərəcədə düzgündür?


Demək, səhər səkkizdə

Məktəbə getməliyəm.

Nahara qədər orda

Gör nələr etməliyəm.

Lövhə önündə susub

Pörtüb qızarmalıyam.

Heç nə bilmirəm axı,

Nədən danışmalıyam?

Yenə də hərarətim

Otuz altı, altıdır.


Bəli, qızdırması 36,6 olan uşaq düşünür ki, sabah dərsə gedəcək, müəllimə cavab verə bilməyəcək. Beləcə şer davam edir. Uşaq min bir oyundan çıxaraq termometrin civəsini yuxarı qaldırır və valideynlərini xəstə olduğuna inandıra bilir və istəyinə çatır - MƏKTƏBƏ GETMƏYƏCƏK. Alın, bu da gələcəyin vətəndaşı!!! Bizə məktəbə getmək istəməyən uşaq lazımdırmı?! Bu gün belə aldadan sabah daha böyük miqyaslı yalanlar danışmayacaqmı?! Danışan onsuz da danışacaq, ancaq niyə bunu dərslikdən öyrənməlidir? Yalan danışmaq nəyə görə hansısa formada şüura yeridilməlidir?! Yəqin dərsliyə o şeri daxil edən hər kimdirsə, övladını bu cür yarıtmaz görmək istəyir.

Həmin dərslikdə müəllifi Rafiq İsmayılov olan «Eşitmək və dinləmək» adlı bir zırramalıq məhsulu da var. Deməli, övlad atasından eşitməklə dinləməyin fərqini soruşur. Ata izah edir. Nə isə aralarında müəyyən dialoq olur. Söhbətin bir yerində uşaq atadan soruşur ki, bəzən evdə vıyıltı səsi gəlir, o səs nə səsdir. Sən demə bu səs pəncərənin qırağından evə daxil olan küləyin səsidir. Məlum olur ki, ata hansısa səbəbdən pəncərəni düzəltmir. Uşaq mətbəxdən anasının səsini də eşitdiyini deyir və ataya qayıdır ki, anası qabyuyan maşınının olmadığı üçün deyinir.

Təsəvvür edin, bir hekayəfason şeydə uşaq ATA-ya iki dəfə sataşdı. Bunun nəticəsində atanın eşitməklə dinləməyi övladına izah etməsi məsələsinə tüpürüldü. Əslində isə övladın gözündəki ATA obrazına adi məişət çatışmazlığı müstəvisində iki zərbə vurulmuş oldu. Üstəlik əlindən bir iş gəlmədiyi, maymaq, fərasətsiz çıxarılmış ata axırda bezir və başqa nöqsanlarının üzə çıxmasından yayınmaq üçün övladına deyir: «Elşən, daha bəsdir. Dərslərinlə məşğul ol».

Daha bəsdirin də!!! Yazmayın da belə dərsliklər!!!

 





20.09.2017    çap et  çap et