Vaxt.Az

«Dağıdıcı olacaq»


 

Tramp: «ABŞ Şimali Koreya ilə münasibətdə hərbi seçimə tam hazırdır»

«Dağıdıcı olacaq» ABŞ prezidenti Donald Tramp administrasiyasının nüvə və raket fəaliyyətləri ilə əlaqədar olaraq Pxenyana qarşı yeni sanksiyaları elan etdiyi bir vaxt Birləşmiş Ştatların Şimali Koreya ilə münasibətdə hərbi seçimə tam hazır olduğunu deyib.

«Biz üstünlük vermədiyimiz ikinci varianta tam hazırıq, amma biz bu variantı seçsək, bu, dağıdıcı olacaq. Mən sizə deyirəm, Şimali Koreya üçün dağıdıcı olacaq. Buna hərbi variant deyilir, əgər bunu seçməli olsaq, bunu edəcəyik», Tramp bildirib.

Ağ Evdə İspaniyanın baş naziri Mariano Rahoyla birgə mətbuat konfransında danışan Tramp bildirib ki, Şimali Koreyanın «bütün dünyanı təsəvvür olunmaz həyat itkisi ilə hədələməsinə bundan sonra imkan vermək olmaz».

ABŞ prezidenti İspaniya və Çin kimi ölkələrə Şimali Koreya rejiminin təcrid olunması istiqamətində atdığı addımlara görə təşəkkürünü bildirib.

«Bütün ölkələr rejimin tamamilə nüvəsizləşdirilməsinə əmin olmaq üçün hərəkət etməlidir», Tramp bildirib.

ABŞ administrasiyası çərşənbə axşamı günü Şimali Koreyanın səkkiz bankına və 28 bank işçisinə qarşı sanksiyalar tətbiq edib.

«Mən bu günlər bu qanunsuz rejimlə biznes quranlara qarşı yeni sərt sanksiyalar tətbiq etmişəm və Çinin bu yaxınlarda Şimali Koreya rejimi ilə ticarətin məhdudlaşdırılması istiqamətində fəaliyyətini alqışlayıram», prezident Tramp bildirib.

 





27.09.2017    çap et  çap et