Vaxt.Az

Sursat anbarı PUA ilə partladılıb


 

Ukrayna xüsusi xidmət orqanları uçan «qəribə obyekti» tutmağa çalışıb

Sursat anbarı PUA ilə partladılıb Ukraynanın Vinnitsa şəhəri ətrafında ötən gecə silah-sursat anbarının partladılması hadisəsinin diversiya olduğu rəsmən təsdiqlənib. Virtualaz.org xəbər verir ki, prezident Petro Poroşenko sosial şəbəkələrdə bu haqda bildirib və xüsusi xidmət orqanlarının hadisədən əvvəl sursat anbarı üzərində uçan «qəribə obyekti» tutmağa çalışdıqları haqda məlumat verib. Prezidentin müşaviri Yuri Biryukov isə bildirib ki, sursat anbarı pilotsuz aparatla partladılıb.

«Hərbi hissənin postlarından birində növbə çəkən əsgər səmadan qəribə səs eşitdiyini məruzə etməyə imkan tapıb. Bir neçə saniyə sonra açıq meydançada partlayış baş verib. Hərbi hissənin perimetri etibarlı qorunurdu, ona görə də bəli, belə görünür partlayışı pilotsuz aparatla törədiblər. Və bu da doğrudur ki, Ukrayna Təhlükəsizlik Xidməti həmin pilotsuz aparatı tutmağa çalışıb, qeyri-rəsmi dediklərinə görə hətta bu ərəfədə kimisə tutublarmış», - prezidentin müşaviri bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti artıq rəsmən elan edib ki, sursat anbarında törədilmiş partlayış diversiyadır. Ukrayna Baş prokurorluğu da hadisə ilə bağlı «diversiya» maddəsi ilə cinayət işi qaldırıldığını açıqlayıb. Diversiyanı kimin təşkil etdiyi haqda hələ danışılmır, lakin Ukraynada şübhə etmirlər ki, bu, Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) əməlidir. Ukraynada son iki ildə bir-birinin ardınca silah-sursat anbarları partladılıb. Bu ilin mayından etibarən isə artıq üçüncü anbar partladılır.

 





27.09.2017    çap et  çap et