Vaxt.Az

Şənbə gününün «kabusu» yenə baş qaldırdı


 

Devalvasiya olacaqmı?

Şənbə gününün «kabusu» yenə baş qaldırdı Mərkəzi Bankın sonuncu qərarı əhali arasında «devalvasiya olacaq» şayiəsinin yayılmasına səbəb olub. Belə ki, Mərkəzi Bank tərəfindən banklara məktub göndərilib və orada qeyd olunub ki, Şənbə günü milli ödəniş sisteminin iştirakçısı olan banklar işləyəcək.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin adından göndərilən məktubda deyilir: «Milli ödəniş sisteminin iştirakçılarına! Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixli yeni əməliyyat günü hesab edilir».

AMB-nin bu tapşırığı cəmiyyətdə birmənalı qarşılanmayıb. Qərarın səbəbi məktubda izah edilsə də, əhali bunu növbəti devalvasiya xəbərdarlığı kimi qiymətləndirib.

Məsələyə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov da münasibət bildirib: «Bu gün çoxlu sayda vətəndaşlarımız mənə müraciət edərək sabah manatın yenidən devalvasiya edib-etməyəcəyini soruşurlar. Səbəb isə sabah şənbə günü olmasına baxmayaraq bir sıra banklara iş başında olmaları göstərişidir.

Konkret olaraq, sabah devalvasiya olacaqmı? Cavab Mərkəzi Bankdadır. Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var».

Onun sözlərinə görə, Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə, növbəti dövrdə və aylarda kursun necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daimi bölüşməlidir: «Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil.

Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığı söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valyutaya tələbin necə deyişməsidir.

Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi. Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır».

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu göstərişin səbəbi ayın sonunun şənbə gününə düşməsi və müəyyən hesabatların alınması ilə əlaqədardır: «Bu baxımdan banklar üçün rəsmi iş günü elan edilib. Devalvasiya qorxusuna gəlincə, bununla bağlı əhalinin acı bir təcrübəsi var. Oxşar situasiya 2015-ci ilin dekabrın 21-də şənbə günü baş vermişdi. O zaman da ilkin məlumatlar bankların şənbə günü işə çıxması ilə bağlı idi. İnsanların narahatlığı buradan qaynaqlanır və buna haqq vermək olar. Əgər həssas məsələlərlə bağlı hər hansı göstəriş verilirsə, bu əmrlərin izahlarının verilməsi daha məqsədəuyğun olardı. Digər bir məsələ də odur ki, devalvasiya ilə bağlı qərarların faktiki olaraq adminstrativ formada verilməsi hələ də risk olaraq qalmaqdadır. Bu da insanları narahat edən ikinci bir məqamdır. O baxımdan bu narahatçılıq başadüşülən idi».

Manatın məzənnəsi ilə bağlı vəziyyət gəlincə, iqtisadçı vurğuladı ki, ciddi bir risk yoxdur: «Faktiki olaraq, məzənnənin kəskin şəkildə devalvasiyaya uğramasını zəruri edən hər hansı ehtimal və təhlükə yoxdur. Tədiyyə balansı və ticarət balansında vəziyyət normaldır. Neftin qiyməti də son günlər Yaxın Şərqdə baş verənlər səbəbindən daha da bahalaşıb. Bunlar manata müsbət təsir edən məqamlardır. Bu baxımdan hər hansı devalvasiya ehtimalı yoxdur.

Mərkəzi Bank da rəsmi olaraq elan edib ki, manatın məzənnəsi 2017-ci ilin əvvəlindən etibarən üzən valyuta rejimindədir. Bu isə onu deməyə əsas verir ki, devalvasiyalar dövrü geridə qaldı. Məzənnənin hələ də adminstrativ formada tənzimlənməsi qüvvədə olsa da, ən azından Mərkəzi Bank öz elan etdiyi siyasətin hörmətini saxlamaq üçün risklər yarandığı zaman manatın ucuzlaşdırılması prosesini mərhələli şəkildə həyata keçirməlidir. Bunun kəskin formada həyata keçirilməsi doğru olmazdı. Bu məzənnələr hərraclarda formalaşmalıdır. O baxımdan insanların narahatlığı başadüşülən olsa da, 30 sentyabr üçün hər hansı devalvasiya riski yoxdur. İqtisadi konyuktur da bunu gərəkdirmir. Aidiyyatı qurumlar isə əhalinin bu mövzudakı narahatlığını nəzərə alaraq davamlı şəkildə izahedici məlumatları paylaşmalıdırlar».

 





29.09.2017    çap et  çap et