Vaxt.Az

Ciddi reputasiya itkisidir


 

Əlaqələrin əhəmiyyətini təkcə iqtisadi mənfəətlə ölçmək doğru olmaz

Ciddi reputasiya itkisidir Avropa Şurası təkcə şura demək deyil.

«Avropa Şurasından çıxarıq, amma Avropa Birliyi ilə, digər Avropa qurumlarıyla əlaqələri inkişaf etdirərik, nə problem var ki?» düşüncəsi yanlışdır. Bu qurumların arasında təşkilati səviyyədə bağlılıq olmasa da, siyasi baxımdan hamısı bir-biri ilə əlaqəlidir və birinin qərarının zəncirvari şəkildə digərinə də təsiri var. İnsan haqları məsələsinə görə AŞ-dən çıxacaq (yaxud çıxarılacaq) ölkənin AB ilə münasibətlərinin inkişafını gözləmək gerçəkçi olmaz. Digər məsələləri qoyaq hələ bir kənara, bu, hər şeydən əvvəl ciddi reputasiya itkisidir və AB-nin belə bir dövlətlə oturub təntənəli şəkildə Strateji Tərəfdaşlıq haqqında Saziş imzalaması problemli görünür. (Bu sazişin imzalanmasını Azərbaycan özü təklif edib.)

«Lazım olsa, Avropa Birliyi ilə də əlaqələri kəsərik» düşünənlər varsa, iki tərəf arasındakı ticarət əməliyyatlarının həcminə nəzər salsınlar. Xarici ticarətimizin yarısından çoxu AB başda olmaqla, Avropanın payına düşür, əsas ixrac borularımız Qərbə doğru yönəlib. Əlaqələrin əhəmiyyətini təkcə iqtisadi mənfəətlə ölçmək doğru olmaz, bunun siyasi və təhlükəsizlik baxımından önəmi də böyükdür. Təsadüfi deyil ki, Avropa və Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında «Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri» sırasında qeyd olunub.

Ümumiyyətlə, AŞ-dən (Avropadan, Qərbdən) uzaqlaşmaq müasir, mədəni dünyadan təcrid olunaraq «izqoy»a çevrilmə təhlükəsi yaradır. Dağlıq Qarabağın gələcəkdə reinteqrasiyası ehtimalının (əgər belə ehtimal qalıbsa) tamamilə aradan qalxması və erməni separatizminin tam legitimlik qazanması, eləcə də dövlət olaraq müstəqilliyimizin real təhlükə altına düşməsi də daxil olmaqla, bunun Azərbaycan üçün fəlakətli nəticələri ola bilər. Dövləti və xalqı bu aqibətə düçar etməyə kimsənin haqqı yoxdur.

 





09.10.2017    çap et  çap et