Vaxt.Az

Dovşana qaç, tazıya tut siyasəti


 

Moskva İrəvana daha 100 milyon dollar kredit verir

Dovşana qaç, tazıya tut siyasəti Rusiya Ermənistana yeni müasir silahlar almaq üçün daha 100 milyon dollar güzəştli kredit ayıracaq.

Bilirsiniz ki, ötən ilin aprelindəki döyüşlərdən sonra Rusiya Ermənistana eyni məqsədlə 200 milyon dollar vermişdi. Bu kredit razılaşması həyata keçirildi, indi yəqin Ermənistan ordusunun silahlanma səviyyəsinə görə hələ də Azərbaycandan geri qaldığını düşündükləri üçün paritet yaradırlar, yaxud Ermənistan bu cür düşündüyü üçün paritetə nail olmaq istəyir. (Dovşana qaç, tazıya tut siyasəti.) Eyni zamanda, Rusiya bu tip razılaşmalarla Ermənistanı daha sıx özünə bağlayır və onun nə vaxtsa ovcundan uçub Qərbə tərəf getməsinin önünü möhkəm-möhkəm tıxayır. (Bizdə hələ də Ermənistanın Rusiyanın Qafqaz və Yaxın Şərq siyasəti baxımından nə qədər böyük strateji əhəmiyyətə malik məntəqə olduğunu anlamayanlar var.)

Gəlin, özümüzü aldatmayaq. Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ehtimalı sıfırdır. Yalnız Rusiyanın nəzarətində və onun maraqlarına xidmət edən qısammüddətli, lokal toqquşmalar mümkün ola bilər. Hazırkı şəraitdə münaqişənin sülh yolu ilə ədalətli, yəni bizim xeyrimizə həlli də mümkün deyil. Və ən faciəlisi odur ki, üzərindən 26 il keçdikdən sonra bu gün Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə zərrə qədər də təminat yoxdur. Rəngləri tündləşdirməyi xoşlamıram, amma bu gün Azərbaycan dövlətinin taleyinin tükdən asılı vəziyyətdə olduğunu söyləmək mübaliğə deyil, acı gerçəklikdir. Bizim üçün tamamilə dalan vəziyyəti yaranıb və aparılan bu yanlış siyasətlə çıxış yolu tapmaq da imkansızdır.

Ermənistan-Rusiya münasibətlərinə yenidən qayıdaraq hazırda işğalçı ölkənin ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) geniş hərbi təlimlərinin keçirildiyini də xatırlatmaq istərdim. Lakin Azərbaycan susur. Yəqin yeni silah anlaşmasına da XİN mətbuat xidməti adından quru bəyanatla münasibət bildirib, üstündən keçəcəklər. Halbuki Rusiyanın etdiklərini ABŞ və Avropa etsəydi, indi yeri-göyü inlədirdilər.

Cənablar, Avropa Şurasına göstərdiyiniz etirazın heç olmasa, yüzdə birini Rusiyaya da göstərin...

 





12.10.2017    çap et  çap et