Vaxt.Az

«Böyük və kiçik qardaş» siyasətinin «qazancı»


 

Qırğızıstan Qazaxıstanla Özbəkistanın toqquşma meydanına çevrilir

«Böyük və kiçik qardaş» siyasətinin «qazancı» Bazar günü - oktyabrın 15-də Qırğızıstanda prezident seçkiləri baş tutmalıdır. Səsvermə ərəfəsində ölkədə və ümumilikdə, regionda vəziyyət gərginləşir. Seçkilərdən sonra qarışıqlığın olacağı ilə bağlı ehtimallar səslənir. Qazaxıstan Qırğızıstan sərhədinə qoşun yığır. Eyni zamanda, rəsmi Bişkək Astananı ölkədə seçki prosesinə qarışmaqda ittiham edir.

Regionda baş verənlərlə bağlı virtualaz.org-un əməkdaşı siyasi məsləhətçi, Qırğızıstan Respublikası prezidentinin yanında milli birliyin möhkəmləndirilməsi və dini siyasət üzrə Şuranın eksperti Denis Berdakovun fikirlərini öyrənib.

«Qazaxıstan və Qırğızıstan qardaş ölkələrdir, lakin son 20 il ərzində bu ölkələrin hakimiyyətləri «böyük və kiçik qardaş» xətti üzrə güzəştlər axtarışındadır. Ümumilikdə, ölkədə vəziyyət sakitdir. Lakin seçkiöncəsi mübarizənin gərginliyi həddən artıqdır», - həmsöhbətimiz deyir.

Onun sözlərinə görə, Qırğızıstan prezidenti Almazbek Atambayev «hazırkı şəraitdə maksimum mümkün ola biləcək şəffaf seçki» keçirmək qərarına gəlib: «O ümumiyyətlə çox orijinal şəxsiyyətdir. Nə sifarişli qətllər var, nə də yüksək vəzifələrdə xeyli qohum-əqrəba... İdealistdir».

«Və bu demokratiya oyununun nəticəsi olaraq nəzərə çarpmadan güclü qarşıdurmaya gəlib çatmışıq. Qırğızıstanda Qərb anlamında vətəndaş cəmiyyəti yoxdur. Burada partiyalar daha çox maliyyə maraqlarına köklənmiş dərnəklər kimidir. Nəticə etibarilə bu seçkilər elə rəqabətli oldu ki, elektoratı iki yerə parçaladı», - D.Berdakov deyir.

Bununla belə, ekspert hesab edir ki, bu halda yeni inqilab gözləməyə dəyməz. «Nə Qırğızıstanın özündə elə bir vəziyyət var (elitanın əksəriyyətini hakimiyyət partiyasının namizədi Sooranbay Jeenbekov qane edir), nə də ölkənin xaricində (Rusiya və Çin özləri üçün vacib regionda sabitliyin pozulmasına yol verməzlər)».

Ekspertin fikrincə, vəziyyətin ən maraqlı cəhəti odur ki, Qırğızıstandakı seçkilər «Özbəkistanla Qazaxıstanın regional liderlik uğrunda mübahisəsidir».

 





12.10.2017    çap et  çap et