Vaxt.Az

Tatarıstanda milli kart məsələsi


 

Kimlik böhranı: Liderlərdən biri həbs olunan gün, tanınmış yazıçıya da cinayət işi açılıb

Tatarıstanda milli kart məsələsi 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ərəfəsində Baltik respublikalarından tutmuş Orta Asiyayadək bütün regionda milli məsələ qabarıq üzə çıxdı. Məhz bu dövrdə bir sıra tatar milli və millətçi hərəkatları yarandı. Bunların arasında Ümumtatar ictimai mərkəzi, «İttifak» partiyası və «Azatlık» gənclər hərəkatı da var.


Hökumət onda ağıllı tərpəndi...


Tatar millətçilərinin liderləri də o zaman meydana çıxıb. Onların arasında ən çox tanınanlar Fauziya Bayramova, Rafis və Nafis Kaşapovlardır. Sonra Tatarıstanın birinci prezidenti Mintimer Şaimiyev Moskva ilə münasibətlərdə milli kartdan çox savadlı yararlanaraq, onu respublikanın iqtisadi və siyasi suverenliyinə konvertasiya edə bildi.

Arxa plana keçirilmiş tatar millətçiləri tədricən sosial dəstəyi və siyasi təsir imkanlarını itirdilər. On il keçmiş dövlətin ekstremizmlə mübarizə kampaniyası kontekstində həmin şəxslər yenidən gündəmə gəldi.

2003-cü ildə Rafis Kaşapova cinayət işi açıldı. Onu İraqa dəstək mitinqi zamanı milli nifaq salan vərəqələr yaymaqda ittiham etdilər. Ancaq hökumət yetərincə ağıllı tərpənərək Tatarıstanın siyasi hökmlərin kəsildiyi regionlar siyahısına düşməsini əngəllədi. Kaşapova tam bəraət verildi, prokurorluqsa ondan rəsmən üzr istədi.

Kaşapova ikinci cinayət işi isə 2009-cu ildə ittiham hökmüylə nəticələnib. Bu dəfə onu bloqunda «Xristianlaşdırmaya yox» adlı yazı da daxil olmaqla 6 materialın dərcində suçlayıblar. Kaşapov il yarımlıq şərti cəzaya məhkum edilib. Bu ilin sentyabrında Avropa Məhkəməsi Kaşapovun şikayəti üzrə kommunikasiyaya başlayıb.


Krım məqaləsinə görə 3 il həbs

 

2014-cü ilin sonlarında Rafis Kaşapov yenidən saxlanılıb. Bu dəfə ona ekstremizm və separatizmə çağırış ittihamıyla cinayət işi açılıb. Səbəb Kaşapovun sosial şəbəkələrdə Krımdakı vəziyyətlə bağlı məqalə dərc etməsi idi. Məhkəmə ona koloniya rejimində üç illik həbs cəzası kəsib. Hazırda o həbsdədir. Kaşapov 2018-ci il ərəfəsində azadlığa çıxmalıdır.

2014-cü ildə isə Fauziya Bayramovaya millətlərarası ixtilafı qızışdırmaq ittihamıyla hökm oxunub. Ona «Facebook»da paylaşdığı posta görə bir illik şərti cəza kəsilib. 2003-cü ildən bəri Tatarıstanda millətçiliklə bağlı 10-a qədər cinayət işi açılıb. Onlardan üçü Kaşapov barəsindədir. Yeddisi isə son 3 ildə açılıb.

2016-cı ildə «Altın Urda» Tatar Vətənpərvər Cəbhəsinin lideri Danis Safargali təqibə məruz qalıb. Bu il avqustun 31-də məhkəmə onu «VKontakte» sosial şəbəkəsində yaydığı 15 posta görə 3 illik həbs cəzasına məhkum edib. Vətəndaş fəalı Ayrat Şakirov da özünə qarşı açılmış cinayət işinin tatar milli hərəkatı ilə bağlı olduğunu deyir.


Milli kimlik böhranı necə yarandı?


Rafis Kaşapova hökm oxunduğu gün tanınmış tatar yazıçısı Aydar Halimlə bağlı cinayət işi açılıb. O, Kazanın Ivan Qroznı tərəfindən tutulmasının ildönümündə tatar xalqının yaddaş və matəm günü mitinqində çıxış edib. Buna görə onu nifrət və nifaq yaratmaqda suçlayırlar. Qeyd edək ki, Aydar Halim müasir tatar mədəniyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. O, tatar ədəbiyyatının canlı klassiklərindən sayılır.

Hökumət tatar millətçilərini marginallaşdırmaq və kriminallaşdırmaqla, faktiki, hazırda qızışmış milli kimlik böhranına şərait yaradıb. Qeyd edək ki, təqiblərə məruz qalan ictimai xadimlərin heç biri zorakılığa çağırış etməyib. Onların çıxışları adi polemika qaydalarına uyğundur. Onların hər birini, sadəcə, dövlət siyasətindən daha radikal baxışlara görə ittiham ediblər.

Ancaq bu şəxslərin spektrdən kənarlaşdırılması Tatarıstan Respublikasının hakim dairələrini, faktiki, ən radikal kəsimə çevirib. İndi artıq tatar dilinin tədrisinin vacibliyi haqda istənilən söhbətlər hökumət rəsmilərinin dilindən eşidiləndə radikalizm kimi qəbul edilir. Tatarıstanın Federasiya çərçivəsində xüsusi statusuna dair müqavilənin uzadılması mövzusu isə separatizmə çağırış kimi qələmə verilir.

 





13.10.2017    çap et  çap et