Vaxt.Az

«Erməni» qıpçaqlar


 

İtmiş türk boyu

«Erməni» qıpçaqlar Azərbaycan türklərinin, Azərbaycan xalqının və müsəlmanlığın qan düşməni olan ermənilərin tarixinin saxta olduğu bəlli məsələdir. Onlar barədə ümumi fikir budur ki, «hay» adlı etnos yunan ortodoks (pravoslav) xristianlığını qəbul etdikdən sonra, bu dini milliləşdirmiş, yəni bu təriqətdə dini ayinlər hayların dilində icra edilməyə başlamışdı. Daha sonra isə, haylar bu dini, etnik kökü türk kimi müəyyən edilən «erməni» adlı etnosun dövlət qurumuna yeridərək, bu erməni etnosunu, onun tarixini öz adlarına çıxmışlar.

Ümumiyyətlə, xristianlığın milli təriqətlərini (yunan, rus, bolqar, gürcü, serb və digər pravoslavlıq, gibti, aysor ortodoksu, ingilis, alman-lüteran protestantizmi və s.) qəbul edən yadsoylu fərdlər, toplumlar, etnoslar nəsilbənəsil yunanlaşır, ruslaşır, gürcüləşir, ingilisləşir və digər milli assimilyasiyaya uğrayırdılar. Çünki bu təriqətlər milli dilli idi. Ona görə də milli özünüdərk, milli özünütanıma, milli qeyrət anlayışı bu soylardan güclü və dərin təməlli idi. Bu baxımdan da erməni qriqorian təriqəti istisna deyildi. Antropoloji və etnoqrafik tədqiqatlar göstərir ki, ermənilərin toplumunda Balkanlardan gəlmə triq (zriq) soylarının, Cənub-Şərq Mesopotomiya samilərinin (qədim yəhudi soylarının), yerli, avropoid və şərqdən gəlmə monqoloid irqi tipli türkköklülərin, həmçinin, farsdilli (fars, kürd, tat) və qafqazdilli (udin və d.) xalqların xüsusiyyətlərinə tez-tez rast gəlmək olar. Yəni, öz ana dilində dinə malik olaraq, müsəlman türklərdən fərqli, ermənilər tarix boyu yalnız qazanmışlar; istər keyfiyyət (milli özünüdərk, milli ideya, milli təşkilatlanma), istər say-kəmiyyət (hay-erməni təriqətini qəbul edən yad soyların assimiləsi), istərsə də milli ideya toplumunun istifadəsində olan, nəsilbənəsil ötürülən, ianələrdən və dövriyyədən artan milli maliyyə kapitalı baxımından. Öz tariximizdən bizə bəllidir ki, 708/709-cu illərdə hay-ermənilərin fitnəkarlığı və ərəblərin zoru ilə türk milli pravoslav təriqəti olan Alban kilsəsi erməni kilsəsinə tabe edildi. Bundan sonra isə, türkdilli milli xristian təriqətinin ardıcılları olan yerli türklər, tatlar və udinlər erməniləşməyə başladı. Amma hay-erməni təriqətini könüllü və zorən qəbul etmiş elə etnoslar var ki, onların haylaşması (erməniləşməsi) hələ tam başa çatmamışdı. Bu qəbildən tarixi vətəni hələ dəqiq müəyyənləşməmiş, Şərqi Avropada yaşamış, öz milli mənsubiyyətini «xristian-erməni» kimi tanımış, lakin ana dili qədim türkcənin bir ləhcəsi olan toplumu göstərmək olar. Bu toplum «erməni icması» kimi Ukraynada, Moldovada, Rumıniyada yaşamışdır.

Onlar öz ana dilinə «bizim tilimiz» («bizim dilimiz»), «tatarca» və ya «kipçax» deyirdilər. Adət-ənənələri, yaşayış tərzləri daha çox ruslaşmış türklər olan kazaklara yaxın idi. Antropoloji göstəricilərinə görə, onlarda Qafqaz tipi daha çox barizdir. Maraqlı bir özəllik də odur ki, onlar özlərinə «hay» («hayes») yox, «erməni» deyirdilər.

Onların mənşəyi olduqca mübahisəlidir. Əsasən, erməni və digər anti-türk tarixçilərin fikrincə, onlar «Ermənistan» ərazisindən («anti-türk tarixçilər bu ərazilərin və etnotoponimin məxsusluğunu araşdırmırlar) monqolların hücumu ilə əlaqədar, XIII-XIV əsrlərdə əvvəlcə cənubi Şimali Qafqaz və Qıpçaq Çöllərinə (indiki cənubi Rusiya), oradan isə, Krıma – Kaffa (indiki Feodosiya) ətrafına köçmüşlər. Rusların Krımı işğalı ilə əlaqədar Ukrayna və Rumıniya istiqamətində yayılıblar. Rəsmi anti-türk tarix elmi onların hay-erməni olduğunu, amma Qıpçaq Çölünün qərbində və Krım Xanlığında uzun müddət yaşadığına görə türk dillərinə keçməsini iddia edir. Amma 2000-ci illərdən etibarən onlarla qazax alimləri ciddi araşdırmalar aparmağa başlamışlar. Bu araşdırmalar nəticəsində qıpçaq «ermənilərin» türklüyünü itirmiş türklər olduğu fikri elmdə getdikcə güclənməkdədir. Əvvəla, hələ Musa Kalanqatlının «Alban tarixi» mənbəsində qeyd edilir ki, Ərmən hakimləri Qora və Qazana yer ayırdı. Yəni, dövrün siyasi gerçəkliyindən irəli gələrək, bu ərazilərdə qıpçaq türkləri artıq yaşayırdı. Beləliklə, əgər qıpçaq-«ermənilərin» Ərməndən gəlmə olduğunu götürsək, bu heç də hay-ermənilər olduğu demək deyil. Bu erməni-hay xristian təriqətini qəbul etmiş türkköklü əhali də ola bilərdi. Digər tərəfdən, əgər qəbul etsək ki, qıpçaq – «ermənilər» türkləşmiş erməni idilərsə, nəyə görə onlar dini kitabları («Bibliyanı») öz türkcələrində oxuyur, dini ayinləri hay dilində (qrabarda) yox, öz türkcələrində icra edirdilər və Allahı hay-erməni dilində «astvats» yox, «Tengri Xan» adlandırırdılar?! Ona görə də, bir sıra alimlərin (əsasən, qazax, polyak) fikrincə, qıpçaq – «ermənilər» hunlar dövründə Cənubi Qafqazda oturmuş və xristianlığı qəbul etmiş, amma «erməni qoşunu» adı ilə müsəlman tükrlər – səlcuqlara qarşı savaşda zərbə alaraq, Şimali Qafqazdakı Qıpçaq Çölünə köç etmişlər. Onların özələn türk olmasına digər bir sübut – hazırda qondarma «Hayastan respublikasında», yəni işğal edilmiş Qərbi Azərbaycanda XIII-XIV əsrlərə aid, hayca «Xpçaxavank», yəni «Qıpçaq kilsəsinin» mövcud olmasıdır. Beləliklə, onların Cənubi Qafqazda erməni-hay xristian təriqətini qəbul edib, sonradan Cənubi-Şərqi Avropaya miqrasiya etmiş türk-qıpçaq toplumu olduqlarını tam əminliklə israr etmək olardı. Amma bu toplumun türk dili şərqi türk dillərindən, daha çox qərbi (Azərbaycan, Anadolu, Türkmən, Qaqauz, Krım-tatar) türk dillərinə yaxındır…


Ermənistandakı Xpçaxavank


Onların ədəbi dilinə aid mənbələr az deyil. Məsələ ondadır ki, qıpçaq-ermənilər» Şərqi Avropaya köç etdikdən sonra həm slavyan və rumın kilsələri, həm macar, alman katolisizmi tərəfindən zorla sıxışdırmaya məruz qalmışdı. Erməni-hay kilsəsi də onlar içində öz işini XIX əsrdən etibarən gücləndirmiş, onların türkcə yazılı dini ədəbiyyatını məhv etməyə başlamışdı.

Amma hər tərəfdən milli sıxıntıya məruz qalmalarına baxmayaraq bir çox kilsə və dövlət arxivlərində onların müxtəlif əsrlərə aid olan öz türkcələrində, amma erməni-hay əlifbası ilə dini və dini-hüquqi xristian ədəbiyyat nümunələri qalmaqdadır. Onlardan bir neçəsini sadalayaq: Kamenetsk – Podolsk şəhərinin erməni kilsə məhkəməsinin 28 akt kitabı (1572-1663), bu illərə aid Lvov şəhər erməni kilsə məhkəməsinin qərardad, xəzinə və meyar kitabları, 1519-cu ildə Polşa Kralı Sigizmund tərəfindən təsdiq edilmiş Mxitar Qoşun dini-məhkəmə kitabı və ona əlavələr, şərhlər, 5 ədəd erməni-qıpçaq lüğəti, qıpçaq dilində kilsə dualarının (psaltır) 5 ədəd siyahısı, erməni dilindən qıpçaqcaya tərcümə edilmiş bir neçə dua kitabları, o cümlədən, 1618-ci ildə Lvovda mətbəə üsulu ilə, erməni hərfləri ilə çap edilmiş dua kitabı və digər ümumi tutumu bir neçə on min səhifə olan 1524-1669-cu illər arası tərtib edilmiş digər sənədlər. Polşa, Ukrayna və daha sonra qazax və həmçinin, Avropa türkoloqları qıpçaq–«erməni» mözusuna nəzərlərini dikdiklərindən sonra, qəribə hadisələr baş verdi. Belə ki, bir sıra qıpçaqdilli sənədlər yoxa çıxdı. Misal üçün göstərmək olar ki, bu mövzunu işləmiş erməni rahibi O.Yeganyanın göstərdiyi 81 saylı qıpçaqdilli kilsə duaları kitabını alimlər, onun yerləşdiyi Venetsiya və Vyana kilsə arxivlərində tapa bilmədilər. Həmçinin, bir sıra erməni türkoloqu işğal edilmiş Qərbi Azərbaycandakı Üç-müəzzin (hayca təhrifdə «Eçmiədzin») kilsə arxivlərində tapılmış, qıpçaqdilli xristian sənədləri ehtimal edilən mənbələrin tədqiqi üçün erməni patriarxından razılıq ala bilmədi. Türk dövlətlərindəki özünə «türkoloq-alim» deyənlərə xəcalət olsun ki, türkdilli qıpçaq xristianların mövzusunu daha geniş ukraynalı alim Aleksandr Qarkavets tədqiq etməyə başladı. Di gəl ki, onlar barədə məlumata artıq 100 ildir ki, Brokhauz və Yefronun tərtib etdiyi ensiklopediyada rast gəlmək olardı.

Ermənilər bu mövzuya birmənalı yanaşmırlar. Onlar qıpçaq-«ermənilər» barədə məlumatların üzə çıxması və bundan «pantürkistlərin» yararlanmasından çox narazıdırlar. Ermənilər iddia etməkdədirlər ki, qıpçaq–«ermənilər» türk dilinə keçmiş haylar (ermənilərdir). Həm də, ermənilikdə müəyyən problemlər təmiz ermənilər, yəni haylar ilə, erməni xristian təriqətini qəbul edən toplumlar arasında indiyədək yaşanmaqdadır. Erməni xristian təriqətini qəbul etmiş və erməniləşmiş udinləri, tatları, Qarabağın köklü türklərini (albanları) ermənilər «şurtvats», yəni «dönüklər», «dönmələr» adlandırır, yəni, onlar erməni (hay) olmayaraq, erməni xristian təriqətini qəbul edən yadköklülər kimi, ermənilikdə qəbul edilməkdədir. Qeyd edək ki, qıpçaq (tatar) dilli ermənilər də tarixən və onların indiki qalıqlarını haylar «şurtvats» kimi qəbul etmiş və edirlər. Amma erməni siyasəti çoxşaxəli olduğundan, «erməni»-qıpçaqlar barədə bir sıra məlumataları ermənilər gizlətməyərək elm aləminə təqdim edirlər. Məsələn, qondarma «Ermənistan respublikasının» Qazaxıstan Respublikasındakı keçmiş səfiri Eduard Xurşudyan öz əli ilə bir sıra qıpçaqdilli sənədlərin surətini və mikrofilmini Almatıda fəaliyyət göstərən Beynəlxalq Qıpçaqşünaslıq İnstitutunun rəhbəri, qıpçaq tarixinin görkəmli tədqiqatçısı akademik Qayrat Saparqaliyevə təqdim edib.

Görünür ki, ermənilərin qıpçaq tarixinin tədqiqi məsələsində bir sıra ideoloji məqsədləri var. Əvvəla, ermənilər qazaxlar və Qazaxıstan ilə yaxınlaşmaq üçün bu cür addımı atmışlar. E.Xurşudyan qazax mətbuatında bu məsələ ilə bağlı çıxışlarında erməniləri guya «beynəlmiləlçi», «öz sıralarına həmişə başqa xalqları qəbul edən sülhpərvər millət» kimi təqdim edib, erməni yaltaqlığına uyğun, bu sənədlərin qazaxlara verilməsini «erməni və qazax dostluğunun» bariz nümunəsi kimi göstərmişdir. İkincisi, ermənilər hətta «erməni»-qıpçaqların «haylaşmış qıpçaqlar» olmasını bəyan edərək, ilkin türklərin məhz şərqdən gəlmə olduğunu və guya «qədim Hayastanda» yerləşməsi fikrini daim vurğulamaq istəyirlər. Bu tezisi bizə qarşı ermənilər bir neçə istiqamətdə istifadə edirlər. Yəni, birincisi, qıpçaqlar kimi, digər türkdilli etnoslar da (ilk növbədə Azərbaycan türkləri) guya Cənubi Qafqaza gəlmədir. İkincisi, qıpçaqlar guya, yalnız şərqi türkdilli olmuş, bu isə, onların çağdaş qazax, qırğız, tatar və digər şərqi türk millətlərinin əcdadları sayılmasına işarədir. Bu cür incə siyasətlə ermənilər artıq bu fikirlərinə bir sıra qazax və Avropa alimlərini ortaq edə biliblər. Məsələn, yuxarıda göstərdiyim kimi, «erməni»-qıpçaqların dili daha çox Azərbaycan dilinin daxil olduğu qərbi türk dillərinə aiddir. Di gəl ki, qazax, qırğız, başqırd və bu qəbildən olan türk dilləri şərqi bölümə aid edilib. Bu yerdə, «erməni»-qıpçaqların türkköklü olmasını qəbul edən erməni alimləri, həmçinin, qazax və digər türkoloqlar belə bir fikir irəli sürürlər ki, guya «erməni-qıpçaqlar Krımda uzun müddət yaşadıqlarından qərbi türk dillərinə məxsus özəllikləri mənimsəyiblər. Bu tezisə qarşı çox irad gətirmək olar. Məsələnin mahiyyəti ondadır ki, hay-ermənilər «erməni»-qıpçaqların şərqdən gəlmə olmasını, bununla da türklüyün Cənubi Qafqaza gəlmə olması fikrini yürüdürlər. «Erməni»-qıpçaqların və ya digər tarixi türkköklü etnosun Cənubi Qafqazın yerli aborigeni olması fikri, hay-erməniləri çox narahat edir. Çünki, «erməni»-qıpçaq probleminin dərinliyinə varanda, həqiqi, haylara aidiyyəti olmayan «ərmənlərin», «aqvanların» türklüyü həqiqəti ortaya çıxır. Bunu isə ermənilər istəmirlər. Orta Asiyanın və Türküstanın bir sıra alimləri də ermənilərin fikrinə şərik olur. Çünki, əks halda belə bir nəticə çıxır ki, digər tarixi türk soyları kimi qıpçaqlar da Türküstana Qərbdən gəlmə və avropoid irqinə mənsub idilər.

Sonda onu da qeyd edək ki, «erməni»-qıpçaqların çox az bir qismi bu günədək qalıblar. Onların böyük əksəriyyəti erməni, rumın, polyak, ukraynalı, macar, hətta avstriyalı millətlər içində əriyib itmişlər. Məqaləmi indiyədək yazılı şəkildə qalmış «erməni»-qıpçaqların bir duasını misal gətirməklə bitirmək istərdim. Bütün xristian dünyasında «Müqəddəs Ata» duası müsəlmanlardakı «Kəlmeyi-şəhadət» kimi statusa malikdir. Rus pravoslavlığında bu dua «Otçe naş», latındilli katoliklərdə «Awe Padre», hay-ermənilərdə «Hajr mer» adlanır. «Erməni»-qıpçaqlarda bu dua «Tengri Xan Atamız» kimi adlanırdı.

«Atamız bizim ki köktesən, ari bolsun atin senin, kelsin xanilxin senin, bolsun erkin senin, necik kökta alay yerda, ötməkimizni bizim kündelik her bizga bu bügün, boşat borcumuznu bizim, necik ki, biz boşatir biz bizim borclularimizğa, bermagin bizni yamandan, zera senindir xanlix da, xuvat da, sana haybat menqilik. Amen».

Çevirməsi: «Atamız bizim ki, göydəsən, yüksək olsun adın sənin, gəlsin xanlığın sənin, necə ki, göydə, elə də yerdə sənin hökmün var olsun, gündəlik qismətimizi bizə bu gün ver ki, keç bizim borclarımızdan, necə ki, biz öz borclarımıza keçirik, (qismət) verməyinlə bizi sınayırsansa qurtar bizi yamandan, zira sənindir xanlıq (hakimiyyət) da, həyat da, əlbəttə, sənə tabeyik. Amin».

P.S.: Bu duanı nəzərdən keçirəndə istər-istəməz belə bir qənaətə gəlirsən ki, Ana dilimiz nə qədər ilahi, təmiz və pakdır. Öz gücü və dərinliyi ilə digər dini dillərdən (ərəb, yəhudi, latın və s.) geri qalmır.

 





22.10.2017    çap et  çap et