Vaxt.Az

«Əşi, mağazada var da…»


 

… Yaxud «Zavod çörəyi» yeyən kənd camaatı

«Əşi, mağazada var da…» Mənim atamın əmisi və onun yoldaşı sonsuz idilər, ona görə atam əsasən onların evində böyümüşdü, balaları kimi. Bu səbəbdən, mənim uşaqlığımın Babası Əmi olub, atamın həmin o əmisini belə çağırırdıq, əmidostuya isə Dodu deyirdik.

Babam məktəb direktoru idi, Əməkdar müəllim, ordenlı-medallı, qaraqabaq kişi idi, «Qara Məhəmməd» deyirdilər ona, daim kitab, dəftər, elm, təhsil, usi-pusi filana vaxtı yox idi, açığı elə həvəsi də, sizdən nə sirrim.

Əmi ilə Dodu, indi istəməsinlər, bizi lap çox sevirdilər, Bakıda olan nəvələrini. Biz də onları dəlicəsinə sevirdik. Hər yay aylarla qalırdıq, Əmi ilə Dodu dəridən-qabıqdan çıxırdılar ki, biz o anlar xoşbəxt olaq.

Qəbələnin Həmzəlli kəndinin ağsaqqalı idi Əmi, savadı olmayan, lakin çox müdrik, Dodu isə kəndin bütün qadın «razborka»larının son hökm instansiyası hesab olunurdu, sözü yek idi, Mələk Dostu deyirdilər ona.

Doğurdan da mələk dostu idi Dodu, çox ciddi ola bilirdi, amma hətta üzünün sərt cızgiləri altında da sərhədsiz məhəbbət oxunurdu, ana olmaq sevincindən məhrum olmuş bizim Dodumuz, mənim əsl Nənəm.

Bazar günü Əmi ağ atına minib gedirdi Nic bazarına və xurcunları dolu qayıdırdı - yemiş, qarpız, bağında olmayan meyvələr, qaçırdım qabağına, xurcunları boşaltmağa kömək edirdim.

Sonra o atını mənə etibar etməyə başladı, balaca uşaq idim, daşın üstünə qalxıb dırmaşırdım atın belinə, gedirdim Qəbələyə Babam gilin evinə, sonra bibilərim gilə, dünya mənim idi.

O zaman kənddə belə bir qayda var idi, hər evdən bir kişi növbə ilə kəndin mal-qarasını hər gün otarmağa aparırdı.

Sürü səhər gedirdi kəndin küçəsi ilə və darvazalardan heyvanlar çıxıb öyrəncəli qoşulurdular sürüyə. Axşam isə, eyni qayda ilə, sürü girirdi kəndə və mal-qara dönürdü hərə öz qapısına.

Muuu!! - darvazanın altından bu sirena səsi gələndə, cumurdum inəyi içəri salmağa, artıq tanıyırdı məni, salam-«privet».

Əminin mal otarma növbəsi çatanda, o gedirdi səhər tezdən, günorta nahara isə mən ona yemək aparırdım atla, yaşıllıqda oturub onunla nahar edirdik, ehh, o günlər.

Əmi bazara gedəndə, bazar günü, bu xüsusi gün idi, Dodu axşamdan sağırdı inəyi, başlayırdı yağ çalmağa, uzun proses idi, səhər isə təndiri yandırırdı, sonra çörək bişirirdi, sonra samovar qalayırdı, o vaxta Əmi qayıdırdı bazardan və masa açılırdı.

Süd, yağ, qatıq, pendir, bal, çörək, yumurta, toyuq, ət, pomidor, xiyar, göyərti, hər şey öz bağlarından idi, öz məhsulları idi.

Özləri yaşlı, uşaqları yox, yadımdadır, Əmi artıq toyuq tuta bilmirdi yem vaxtı, reaksiya artıq o deyil idi, tüfəngi götürüb - part! - çolpanın ayağından vururdu, gözü iti idi qocalanda da, sonra yaxınlaşıb ənənəvi ritualla başını kəsirdi ki, Dodu bizə qəşəng çığırtma hazırlasın.

Bu nostalji dolu sözümü nəyə gətirirəm.

Dünən Qəbələyə getdim, Əmi və Dodu bizə vəsiyyət edən böyük həyətə baş çəkdim, bağımızda Qızıl Əhmədi dərib yedim, qocalmış evə baxış keçirdim ustalarla, xatirələrimi oyatdım, doğma havadan aldım sinəmə və söhbət etdim yerli camaatla.

İnək saxlayanı barmağla saymaq olar, qoyun saxlayanı həmçinin, toyuq saxlayan az, bostan saxlayan az, çörəyi də gedib dükandan alırlar, zavodskoy çörək.

Soruşanda da, min dənə bəhanə eşidirsən - o problemdir, bu yoxdur, «əşşi mağazada var da» və s. və i.

Görən, mən deyingən olmuşam, yoxsa kənd camaatı tənbəlləşib…?

 





22.10.2017    çap et  çap et