Vaxt.Az

Moldovada səssiz çevriliş


 

Xalq tərəfindən seçilmiş prezidentin səlahiyyətləri əlindən alınır

Moldovada səssiz çevriliş Moldovada prezidentlə hökumət və parlament arasında qarşıdurma pik həddə çatıb. Bu kontekstdə baş verən növbəti insident bəzi dairələrdə az qala çevriliş kimi qiymətləndirilir. Belə ki, parlamentinin spikeri Andrian Kandu prezident İqor Dodonun əvəzinə dövlət başçısı səlahiyyətlərini icra edəcək. Bundan başqa, spiker müdafiə nazirinin təyin edilməsi haqqında fərman imzalayıb. Bu posta dünən Eujen Sturza təyin edilib. Elə həmin gündə onun andiçmə mərasimi baş tutub. Mərasim onu bu vəzifəyə təyin edən parlamentin sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Andrian Kandunun iştirakı ilə keçirilib. A.Kandu mərasimdən sonra Moldovanın funksional hökumətə ehtiyac duyduğunu bildirib.

Qeyd edək ki, Moldovada müdafiə naziri vəzifəsi ötən ilin sonundan - İ.Dodon Rumıniya ilə birləşmək ideyasını dəstəkləyən Anatoli Şalarunu istefaya göndərəndən sonra boş qalmışdı. Sentyabrın ortalarında ölkənin baş naziri bu posta Sturzanı təklif etsə də, Dodon onun namizədliyini geri çevirib. Hökumət İ.Dodonun qərarından məhkəməyə şikayət edib. Konstitusiya Məhkəməsi də Nazirlər Kabinetinin xeyrinə qərar çıxarıb. Prezident isə məhkəmənin qərarını siyasi və qeyri-qanuni adlandıraraq naziri qəbul etmədiyini və onu Ali Təhlükəsizlik Şurasının heyətinə daxil etmədiyini bildirib.

İ.Dodon bundan əvvəl parlamentin buraxılmasına, növbədənkənar seçkilərin və öz siyasətinə kütləvi dəstək aksiyalarının keçirilməsinə çağırmışdı: «Moldovanın növbədənkənar parlament seçkilərinin keçirilməsindən və prezident idarəçiliyi formasına keçiddən başqa yolu yoxdur».

Ekspertlər qeyd edir ki, Dodonun kömək üçün Moldova ilə Assosiativ sazişə imza atan Avropa İttifaqına müraciət etməkdən başqa yolu qalmır. Alman politoloq Aleksandr Rar hesab edir ki, Avropa İttifaqı üçün xalq tərəfindən seçilən bir şəxsin vəzifəsindən uzaqlaşdırılması vəziyyəti nonsensdir. Alman-Rusiya forumunun rəhbəri olan politoloq hesab edir ki, bütün bunların arxasında ABŞ dayanır. «Amerika elitası prezidenti xalqdan ayırmaq üçün əlindən gələni edir. Valday klubunda amerikalılar özləri mənə bildirirdilər ki, onların prezidentlərinin başı xarab olub və onu vəzifəsindən uzaqlaşdırmaq gərəkdir. ABŞ-ın özündə vəziyyətə müdaxilə etmək istəyən oliqarxlar var, onlardan biri də Sorosdur. Gürcüstanda bu şəxs Bidzina İvanişvilidir, Rusiyada 90-cı illərdə bu funksiyanı Boris Berezovski həyata keçirirdi. Moldovada isə ölkənin idarəetmə rıçaqları oliqarx Vladimir Plaxontyukun əlindədir. Özü də Moldovada amerikalı müşavirlər aktiv fəaliyyət göstərirlər. Onların məsləhəti ilə moldov elita xalqın seçdiyi namizədi zəif bir şəxs kimi təqdim etməyə çalışır», - deyə o bildirib. Onun qənaətincə, bütün bunlar Moldovada demokratik institutların məhvinə gətirib çıxaracaq: «Özü də bu proseslər tək Moldovada deyil, Qərbdə də gedir. Bütün bunlar xaosla başa çatacaq. O ki qaldı Dodona, onun çıxış yolu tək Rusiyaya deyil, həm də Avropa İttifaqına arxalanmaqdır. İ.Dodon Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edə bilər».

Digər ekspertlər isə hesab edirlər ki, qarşıdurma qarşıdan gələn parlament seçkiləri öncəsi daha da qızışacaq. Elita Rumıniya vasitəsilə Moldovanı Avropa İttifaqına üzv qəbul etdirməyə çalışacaq. Özünü rusiyapərəst prezident kimi tanıtdırmış bir prezident isə bu yolda onlara problem yaradır.

Öz növbəsində Moldovanın «Politicon» siyasi konsaltinq mərkəzinin rəhbəri Anatol Çaranu hesab edir ki, hazırda parlamentə Konstitusiya Məhkəməsinin köməyi ilə prezidentin vetosunu keçməyə imkan verən presendent yaranıb. «Hər dəfə prezident hakim koalisiyanın qərarını imzalamaqdan imtina edərsə, onda çoxluq Konstitusiya Məhkəməsinə müraciət edəcək və bu zaman dövlət başçısı müvəqqəti olaraq öz səlahiyyətlərini icra edə bilməyəcək bir fiqura çevriləcək». (kaspi.az)

 





25.10.2017    çap et  çap et