Vaxt.Az

Erməni nəşri ölkəsinin rəzilliyini etiraf etdi


 

«Aykakan jamanak»: «Azərbaycan prezidentinə təşəkkür etmək gərəkdir ki, ...»

Erməni nəşri ölkəsinin rəzilliyini etiraf etdi Son vaxtlar Rusiya rəsmilərinin Cənubi Qafqazda forpostları elan etdikləri Ermənistana səfərlərinin sayı artıb. Bu dəfə Rusiyanın baş naziri Dmitri Medvedyev erməni həmkarı Karen Karapetyanın dəvəti ilə İrəvana səfər edib.

Səfər həm də Avrasiya İqtisadi Şurasının dünən keçirilən hökumətlərarası şurasının toplantısı ilə bağlıdır. Məsələ ondadır ki, son vaxtlar Ermənistanda antirus əhval-ruhiyyə güclənib. Gah rus dilinin sıxışdırılması halları müşahidə edilir, gah Avrasiya İqtisadi İttifaqına üzvlüyün Ermənistana heç bir mənfəət gətirmədiyi deyilir, hətta parlamentdə qurumdan çıxmaq barədə qanun layihəsi müzakirəyə çıxarılır. Sözsüz ki, deputatların Avrasiya İqtisadi İttifaqı əleyhinə çıxışı elə belə deyil və bunun arxasında hakimiyyət durur. Məsələ ondadır ki, Rusiyanın lider olduğu quruma üzv qəbul olmaqla Ermənistan hansısa əlavə üstünlüklər əldə edəcəyini düşünürdü, lakin bunun əksi baş verdi. Bu qərar veriləndən sonra Qərb strukturları Ermənistanla əməkdaşlıqdan da boyun qaçırmağa başladılar. İndi hakimiyyət məsələni parlamentdə qaldırmaqla Rusiyaya mesaj vermək istəyir və əlavə güzəştlər qoparmaq arzusundadır. Layihənin müəllif olan «Çıxış» blokunun rəhbəri Nikol Paşinyan bildirir ki, Avrasiya İqtisadi İttifaqına inteqrasiya Ermənistanın suverenliyinə mane olur. O hesab edir ki, Avrasiya İqtisadi İttifaqından çıxmağın ardınca, dərhal Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişin imzalanmasına nail olmaq gərəkdir.

Rusiya da forpostunun könlünü almaq üçün ən müxtəlif üsullara əl atır. Bu yaxınlarda antirus əhval-ruhiyyəsini səngitmək üçün işğalçı ölkəyə 100 mln. dollarlıq kredit ayırılıb. Bundan əlavə, Avrasiya İqtisadi Şurasının növbəti toplantısının İrəvanda keçirilməsi barədə qərar qəbul edib. Lakin məsələ ondadır ki, bu və buna bənzər faktlar rusları ermənilərin gözündə yüksəltməyib. Erməni mətbuatında dərc edilən materiallar da bu qənaətə gəlməyə əsas verir. Məsələn, «Aykakan jamanak» qəzeti yazır ki, «bu tədbir haqqında nə demək olar? Birincisi, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etmək gərəkdir ki, Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin baş nazirlərinə İrəvanda toplaşmalarına icazə verdi. Buna bənzər toplantı hələ 2016-cı ilin aprel ayında İrəvanda keçirilməli idi. O zaman Avrasiya İqtisadi İttifaqı və Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatına (KTMT) üzv dövlətlər – Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan hesab etdilər ki, onların strateji müttəfiqi Ermənistan müharibə həddindədir və bu səbəbdən də İrəvana gəlmək düz çıxmaz. Belə çıxdı ki, belə bir ağır gündə onlar hətta bizə mənəvi dəstəkçi belə olmaq istəmədilər. Onlar bunu sadəcə, Azərbaycana xoş gəlməyəcəyi səbəbindən etmədilər», - deyə qəzet yazıb.

Beləliklə, erməni mətbu orqanlarında Rusiya və onun himayəsi altında olan quruma qarşı münasibət hələ də nifrət səviyyəsində qalır. Rusiya baş nazirinin səfəri həm də Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq barədə sazişə imza atmağa hazırlaşması ilə də bağlı ola bilər. Ermənistanda həm də yüksək səviyyədə Aİİ-nin Ermənistan üçün faydasız olduğu, heç bir xeyir gətirmədiyi barədə fikirlər güclənib.

Baş nazirin səfərində bu məsələyə toxunduğu da şəksizdir. Amma hələ ki, tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması barədə razılığa gəliblər. Maraqlıdır ki, bununla bağlı tərəflər fərqli rəqəmlər təqdim ediblər. Erməni tərəfi 23,5 faiz artım, ruslar isə 30 faiz artımdan dəm vurublar. Ermənistanın baş naziri K.Karapetyan  ölkəsinin statistika idarəsinin məlumatlarında bu qədər rəqəmin qeydə alınmadığını vurğulayıb. «Kommersant» yazır ki, nəticədə tərəflər daha optimist qiymətləndirmələr ortaya qoymaq barədə razılıq əldə ediblər. Danışıqların yekun nəticəsi 2018-ci ildə də Ermənistan üçün satılan Rusiya qazının qiymətinin hər min kub metr üçün 150 dollar həcmində saxlanılması olub. «Ermənistana bu il 2,1 milyard kub/metr qaz idxal ediləcək». Bunu jurnalistlərə açıqlamasında Rusiyanın «Qazprom» korporasiyasının rəhbəri Aleksey Miller söyləyib. O, Ermənistan üçün qazın dəyərinin gələn il də dəyişməyəcəyini bildirib: «Ermənistan satılan qazın qiyməti 1000 kub metr üçün 150 dollar olaraq qalacaq. Ermənistanın bu gün daha çox qaza ehtiyacı var. 2017-ci ilin ilk 9 ayında keçən illə müqayisədə tədarük 200 milyon kub/metr artıb». Rusiya Ermənistana təbii qazın tədarük edən əsas dövlətdir. Ermənilər türkmən qazının İran vasitəsilə da ölkəyə ixracına çalışsalar da, bu, ideya olaraq qalır.

Qeyd edək ki, Rusiya Ermənistana mineral məhsullar, ərzaq, maşın, metal, kimya məhsulları və qiymətli daşlar ixrac edir. Ermənilər isə Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları ixrac edirlər.

«Rusiya Abxaziya ərazisindən dəmiryol və avtomobil tranzitinin yenilənməsi istiqamətində Gürcüstanla danışıqlara hazırdır». Bunu İrəvanda jurnalistlərə açıqlamasında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov söyləyib. «Dialoqa hazırıq. Danışıqlar Xarici İşlər Nazirliyi tərəfindən aparılır. Sonuncu əlaqə sentyabrda olub. Danışıqların nəticəsi tranzit yolun təkcə Abxaziya yox, həm də Cənubi Osetiyadan açılması ola bilər. Hələlik Tbilisi ilə danışıqlarda nəticə əldə etməmişik», – deyə o bildirib.

Qeyd edək ki, Rusiya və Ermənistan Moskva-Suxumi-Tbilisi-İrəvan dəmiryolunu bərpa etmək istəyirlər. İrəvan bu dəmiryolu vasitəsilə blokadadan çıxmağa çalışır. Tbilisi və Bakı hələlik bu layihəyə qarşı kəskin mövqe tutur. (kaspi.az)

 





26.10.2017    çap et  çap et