Vaxt.Az

... Müdafiə naziri istefa verdi


 

15 il əvvəl əlini radioaparıcının dizinə qoyduğuna görə...

... Müdafiə naziri istefa verdi Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bu ölkənin aparıcı KİV-lərinin onun barəsində yaydıqları xəbərlərdən dərhal sonra istefa verib. Virtualaz.org «The Guardian»a istinadən xəbər verir ki, həmin xəbərlərə əsasən Maykl Fellon 15 il əvvəl radioaparıcı Culiya Hartli-Bryuerə qarşı «seksual qısnamaya» yol verib.

Belə ki, Culia Hartli-Bruyer amerikalı kinorejissor Harvi Vaynşteynin ətrafında yaranmış qalmaqaldan sonra sosial şəbəkələrdə təşkil edilən «Mən də» (Mee to) kampaniyasına qoşularaq 15 il əvvəl Fellonun ona qarşı «yaraşmaz hərəkətə yol verdiyini» bildirib. Harvi Vaynşteyn filmlərdə rol verdiyi aktrisalara qarşı seksual qısnamada və zorlamada ittiham olunur.

Bəs Mayk Fellonun radioaparıcıya qarşı yol verdiyi «yaraşmaz hərəkət» nədən ibarətdir? Belə məlum olur ki, Culiya Hartli-Bryuer «Sunday Express»ə müsahibəsində Fellonun Mühafizəkarlar partiyasının konfransı zamanı əlini onun dizinə qoyduğunu deyib. Jurnalist onu da deyib ki, Fellonun həmin hərəkəti onun kefini pozmayıb.

Bu xəbərin dərcindən bir sutka sonra müdafiə naziri yol verdiyi hərəkəti təsdiqləyib və etiraf edib ki, 15 il əvvəl radioaparıcıya qarşı yaraşmaz hərəkət edib. «Son vaxtlar mənim keçmişim barədə bir sıra ittihamlar irəli sürülür. Bu ittihamların çoxu yalandır, lakin mən etiraf edirəm ki, təmsil etmək şərəfinə nail olduğum Silahlı qüvvələr üçün keçmişdə yaraşmayan hərəkətə yol vermişəm. Bundan nəticə çıxarıram və istefa verirəm», - Maykl Fellon bildirib.

«Mədəniyyətlər dəyişib. 10-15 il əvvəl məqbul hesab edilənlər indi yolverilməzdir. Baş nazir aydın şəkildə bildirdi ki, davranışlarımızı yaxşılaşdırmalıyıq», - Fellon istefadan sonra bildirib.

Baş nazir Tereza Mey Fellonun istefasını qəbul edib. Bunun yeganə düzgün addım olduğunu qeyd edib.

 





02.11.2017    çap et  çap et