Vaxt.Az

Suriya danışıqlarında fasilə


 

Rusiya konfransı Türkiyəyə görə təxirə salıb?

Suriya danışıqlarında fasilə «The Daily Mail» qəzeti yazır ki, Türkiyə Rusiyanın bu ay keçirilməli olan Suriya sülh konfransını təxirə saldığını bəyan edib. Rusiyanın belə bir konfrans keçirmək planı Ankara və Qərb tərəfindən çox soyuq qarşılanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalının bu bəyanatı Moskva tərəfindən rəsmən təsdiq edilməyib.

Rusiya «Suriya Milli Dialoqu» adlı konfransı noyabrın 18-də Soçidə keçirməyi planlaşdırırdı. Bu konfransa prezident Bəşər Əsədin hökumət üzvləri və müxalifət nümayəndələri dəvət edilmişdilər.

İbrahim Qalın bunu da deyib ki, Türkiyə bu konfransa qatılmağı planlaşdırmırdı.

Bu konfrans barədə bir neçə Qərb dövlətləri də şübhələrini ifadə etmişdi. Onlar deyirdilər ki, Suriya üzrə sülh prosesi BMT çərçivəsində getməlidir.

Türkiyə həm də bir neçə Suriya kürd qruplaşmalarının bu konfransda iştirak etmək ehtimalından narahat idi. Ankara PYD başda olmaqla bu qruplaşmaları qanunsuz hesab edir.

Bundan əvvəl Rusiya elan etmişdi ki, Suriyaya dair konfransın keçirilməsi barədə qərar İran və Türkiyənin də iştirak etiyi Astana görüşündə qəbul olunub.

«Biz bundan dərhal imtina etmişdik, - Qalın NTV telekanalına deyib, - Bundan sonra Kreml bizimlə əlaqəyə girərək konfranası təxirə saldığını bildirdi».

Qalın deyib ki, əgər həmin söhbətdən sonra planlar dəyişməyibsə, noyabrın 18-də heç bir konfrans olmayacaq. O bildirib ki, konfrans daha gec bir tarixdə keçirilə bilər.

Türkiyə prezidentinin sözçüsü bunu da əlavə edib ki, bu konfransda Suriya qrupları iştirak edəcəklər, lakin əgər PYD bu konfransda olsa, Ankara ora yalnız müşahidəçisini göndərəcək.

«The Mail» yazır ki, Türkiyə və Rusiya Suriyada döyüşən qarşı tərəfləri dəstəkləsələr də, 2016-cı ildən bəri bu münaqişənin başa çatdırılması naminə birgə işləyirlər.

Rusiya İranla birlikdə Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir.

Bir çox təhlilçilər deyirlər ki, Rusiyanın Suriya münaqişəsinə hərbi müdaxiləsi bu ölkədə hökumətlə qiyamçılar arasındakı münaqişədə qüvvələr balansını Dəməşqin xeyrinə dəyişib.

Türkiyə isə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir.

Türkiyənin bu siyasəti rəsmən dəyişməz qalsa da, Ankara Dəməşq rejiminə qarşı ritorikasını bir az yumşaldıb.

Rusiya və Türkiyə hazırda Suriyada atəşkəsin bərqərar edilməsi üçün «təhlükəsiz zonaları» işlək hala gətirməyə çalışır.

 





06.11.2017    çap et  çap et