Vaxt.Az

İstəsələr də, istəməsələr də...


 

... o qatarın dalınca çox baxmalı olacaqlar

İstəsələr də, istəməsələr də... Təəssüf ki, real mənzərənin işığına toplaşmaq istəmədik. Təəssüf ki, tarixi hadisədən gen gəzməklə diqqətimizi daha cılız işlərə yönəltdik. Özü də necə... Həftənin hesabatını təqdim edirəm.


İtirdiyimiz böyük insanlardan biri


Tanınmış diktor Rafiq Hüseynlini də itirdik. O Rafiq Hüseynli ki, sağlığında Azərbaycan efir məkanının xarizmatik görünüşlü, səlis danışıq mədəniyyətinə malik insanı idi. Amma həyatda heç nə əbədi deyil. Bir neçə il bundan qabaq amansız xəstəliklə mübarizə aparan qocaman diktor canını təslim etdi.  Yeganə insanlardandır ki, onun itkisinə kimsə yalandan göz yaşı axıtmadı.

Vida mərasimində köhnə diktorların hamısı orda idi. Və ən çox da adama təsir edən məqam belə bir diktor nəslinin yetişməməsidir. Təəssüfedici məqamlara baxmayaraq, o, xalqın sevgisini boşuna qazanmamışdı. Ruhun şad olsun, böyük insan!

 

Mənzil başına çatmayan «sevgi»

 

Həə, sevgidən söz düşmüşkən, biz kriminal sevgilərə daha ağrılı ağı deyirik. Məsələn, Həbsxanadan qaçan «Qoca» ləqəbli məhbus Etibar Məmmədovla müğənni Fədayə Laçının «böyük» sevgisinə nə ağılar demədik ki!

Yola saldığımız həftə bu «böyük» sevgi kulminasiyadan finala eniş etdi. Film kimi hadisənin sonunda «Qoca» öldü. Fədayədən isə Oğuz eli hələ də xəbərsiz qalıb. Bu barədə çox danışmaq istəmirəm. Zatən, ötən həftə başıbəlalı mövzu hər kəsin dilində qəhrəmanlıq dastanına çevrildi.

Ehh, nə isə...böyük hadisələrə göz yumacaq qədər cılızlaşmışıq.

 

Trampın Ağ Evə «yumruq» göstərməsi

 

Amerika prezidenti Donald Tramp isə daha cılız görünmək istəmir. Bu dəfə yumruğunu Ağ Evin divarlarına elə çırpıb ki, əcnəbilər ABŞ-da yaşamaq barədə düşünməli olublar. Ötən həftə Nyu-Yorkda terror aktı törədən Özbəkistan vətəndaşı Seyfullo Saipov 2010-cu ildə, Dövlət Departamenti tərəfindən keçirilən  «Green Card» lotereyasını qazanaraq ABŞ-a köçüb. İndi Amerika rəsmisi «Green Card» haqqında necə düşünməsin?! Ona görə də əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən «Green Card» lotereyası ləğv oluna bilər. Bu məsələdə Amerikanın konkret böyük proyektlər  itirdiyini demək tezdir. Çünki Tramp bu lotereyadan çoxdan canını qurtarmaq fikrində imiş. Bundan sonrasını əcnəbilər düşünsün. Bir halda ki, əcnəbilərə verilən şans geri alınacaq, o zaman yaşamağın daha ağıllı yollarını axtarmaq lazım olacaq.


Qatarla bağlı ümidlərimiz


Yola saldğımız həftə dünyanın gözü Azərbaycana dikilmişdi. Odlar yurdunda tarixi hadisə yaşanırdı. O tarixi hadisə ki, kor kimi tamaşa etməyə haqqımız yox idi. Amma.... Amması bir qədər uzun məsələdir. Təəssüf ki, iqtisadi, siyasi, strateji maraqlarımızı əzmlə  kənara qoyub Fədayə-«Qoca» sevgisinin necə sonluqla bitməsini gözlədik.

Halbuki, dünyanın özündən deyən dövlətlərinin hədəfləri tarixi layihənin gerçəkləşməməsinə görə, siyasi manevr edə bilməmişdi. Nəhəng Amerika və Rusiya əli hər yerdən üzülmüş biçarə adamları xatırladırdı. Ermənistanın Bakı-Tiflis-Qars layihəsindən kənarda qalmasına ürək ağrısı ilə etiraz edən Amerika bir vaxtlar «ikibaşlı əjdaha»ya dönmüşdü. Halbuki, bu «ikibaşlı əjdaha» işğalçı dövlətin dost qılığında layihəyə qoşulmasının mümkün ola bilməyəcəyini çox gözəl bilirdi. Bu və ya digər səbəblərdən  layihənin gerçəkləşməsi nəhəng dövlətlər üçün nağıla bənzəyirdi. Amma təkcə,  nağılların sonunda göydən 3 alma düşmür axı!

Üç dövlət başçısının 2007-ci ildə  bir araya gəlməsi həm də böyük ümidlərin başlanğıcından xəbər verirdi. Baxmayaraq ki, həmin vaxt Gürcüstan prezidenti Mixail Saakaşvili idi, amma 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi layihənin işini yarımçıq qoymadı.

Elə 2017-ci ilin oktyabrında da qatar Bakıdan Qarsa yola düşdü. Qatarın hərəkətə başlaması başqa ab-hava diktə edirdi. Bu dəfə hər üç dövlət böyük dilemma qarşısında qalmağın sancısını çəkməyəcəkdi. Bu dəfə xalqların müqəddəratı prioritet məsələ olaraq ortaya atılmışdı.Cənubi Qafqazda təmsilçilik sferasından kənarda qalan Ermənistanın xiffət çəkməsi fonunda böyük qardaşların təsəllisi də bir işə yaramadı. Bilərəkdən qulaq ardına vururlar ki, Qarabağ münaqişəsi yoluna qoyulmadan normal qonşuluq siyasətinə töhfə verilməyəcək.

Maraq doğuran məsələlərdən biri də  bir vaxtlar prezident kürsüsündə təqdim olunan Mixail Saakaşvilinin keçirdiyi hal idi.

Görəsən, Kiyevin küçələrində siyasi sığınacaq axtarmaqla məşğul olan Saakaşvilini Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi hadisəsi sevindirə bildimi? Təməlini qoyduğu layihənin gerçəkləşməsinə az da olsa ürəyində xeyir-dua verdimi?!

Yoxsa, o da bizim kimi başqasının çömçəsini buladığından məsələnin vacib detallarını unutdu?! Bu arada, qatarın işə düşməsini nağıla bənzədənlər vardı ha, elə onların rahatlığının bir səbəbi də Rusiya-Gürcüstan müharibəsinin Cənubi Qafqaz regionu üçün yaratdığı təhlükə idi.

«Bu layihə nağıldan başqa bir şey deyil» prinsipi, elə nəhəng dövlətlər üçün nağıl olaraq qaldı. Zatən, tarix yazmaq iddiasında olanlar hər şeyi gözə almışdı.

İndi Saakaşvilinin hissiz halını  anlamaq olar. İllərdir ki, nə Rusiya Mişanın, nə də Mişa Rusiyanın  «ətəyində namaz qıla bilir».

Sadəcə, meydanda açıq mübarizə gedir. Kimin qalib gələcəyi də bəlli deyil. Bu baxımdan da, Saakaşvilinin «mən nə hayda, siz nə hayda» deyəcəyi fikir  də anlaşılan olar.  Yaxşı, bəs bizə nə olub?! Yanımızdan Bakı-Tiflis-Qars layihəsi  işə düşür, amma biz layihənin vacib detallarına göz gəzdirmək  sevdasına belə düşmürük. Elə buna görədir ki, xəritədə öz tariximizi Ermənistanın adına çıxarmaqla məşğuluq.

Görünür, başımızı xırda işlərə sərf etdiyimizdən düşmən böyük planlar cızmaqla məşğuldur. Halbuki, tarixi zəfərə hansısa avtoritetin sevgisindən daha çox can yandırmalı idik. Amma yandırmadıq.

99 ildən sonra Azərbaycanla Türkiyə «Mudros» sazişinin əksinə olaraq Bakı-Tiflis-Qars üzərindən birlik, qardaşlıq nümayiş etdirirdi. Nəhəng dövlətlərin «mətbəxində» bu dəmir yolu xəttinin açılmasının strateji, siyasi, iqtisadi tərəfləri «şişə çəkilirdi». Hər vəchlə, böyük proyektin gerçəkləşməsi kiçildilirdi.

Nə isə.. Kimlərin nə danışmasından asılı olmayaraq, qatar Bakı-Tiflis-Qars dəmir yolu ilə hərəkət etməkdə davam edir və edəcək. İstəsələr də, istəməsələr də hər kəs o qatarların dalınca baxmaq məcburiyyətində qalacaq. Çünki o qatarlarda  hədəflər, planlar, ümidlər daşınacaq.

 





05.11.2017    çap et  çap et