Vaxt.Az

İran və Səudiyyə Ərəbistanı


 

Regionun dostları və düşmənləri...

İran və Səudiyyə Ərəbistanı İran və Səudiyyə Ərəbistanı uzun zamandır ki, regionun düşmənləridir. Əsas oyunçuların mövqeyi ilə tanış olaq.


Səudiyyə Ərəbistanı


Sünnilərin üstünlük təşkil etdiyi krallıq, İslamın doğulduğu yerdir və İslam dünyasının ən mühüm ziyarətgahlarının məskənidir. Dünyanın əsas neft ixracatçısı olmaqla yanaşı, həm də ən varlı ölkələrindən biridir.

Səudiyyə Ərəbistanı İranın Orta Şərqi idarə etməsindən çəkinir və şiələrin dominant olduğu bu ölkənin regiondakı təsirinə qarşı çıxır.

Onun İran ilə qarşıdurması ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı bənzəri münasibəti ilə üst-üstə düşür.

Gənc və getdikcə nüfuzu daha da artan vəliəhd şahzadə Məhəmməd bin Salman, qonşu Yəməndəki husi üsyançılarına qarşı müharibənin tərəfdarıdır.

Səudiyyəlilər deyirlər ki, üsyançılar maddi baxımdan İrandan dəstək alırlar. Tehran isə iddianı təkzib edir.

Səudiyyə Ərəbistanı eləcə də, İranın əsas müttəfiqi Suriya prezidenti Bəşər əl-Əsədi devirməyə çalışan üsyançı qüvvələri dəstəkləyir.

Səudiyyə Ərəbistanı regionda ən güclü təchiz olunmuş orduya sahibdir və dünyanın ən böyük silah idxalçılarından biridir. Ordunun sayı 227.000 kimi göstərilir.


İran

 

İran 1979-cu ildə İslam respublikasına çevrilib. Monarxiya devrildikdən sonra, siyasi idarə ali lider Ayəttulla Xomeyninin əlinə keçib.

İranın 80 milyonluq əhalisinin böyük hissəsi şiə müsəlmanlarıdır və ölkə regionun aparıcı şiə gücüdür. Hazırkı lider Əli Xamneyi əsas xarici və daxili siyasət məsələlər üzrə son sözə malikdir.

İran Suriya prezidenti Bəşər əl-Əsədi müxalif qruplar və özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmaya qarşı mübarizəsində dəstəkləyir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriya və İraqda sünni cihadçılarına qarşı əsas rolu oynayıb.

İran həmçinin inanır ki, Səudiyyə Ərəbistanı, Livan hakimiyyətinin bir hissəsini təşkil edən şiə hərəkatı Hizbullaha terror təşkilatına görə orada sabitliyi pozmağa çalışır.

İran ABŞ-ı əsas rəqibi görür.

Deyilənlərə görə, İran regionun ən müasir raket sistemlərinə malikdir.

Daimi ordu və SEPAH da daxil olmaqla ölkənin xidmətdə olan personalına 534.000-dən çox adam daxildir.

 

ABŞ

 

ABŞ-İran münasibətləri demək olar ki, həmişə gərgin olub. 1953-cü ildə Mərkəzi Kəşfiyyat Agentliyi (MKİ) tərəfindən İran baş nazirinin işdən atılmasından tutmuş, İran inqilabı və 1980-ci illərdə Tehrandakı ABŞ səfirliyi işçilərinin girov götürülməsinə qədər müxtəlif hadisələr gərginlik yarasına, necə deyərlər duz səpib.

Digər tərəfdən isə Səudiyyə Ərəbistanı həmişə ABŞ-ın müttəfiqi olub. Hərçənd ki, Barak Obama administrasiyası altında münasibətlər yaxşı olmayıb.

Prezident Tramp İrana qarşı kəskin münasibət göstərmək sözü versə də, Obama administrasiyası zamanı İran ilə əldə olunan nüvə sazişi barədə sözünü hələ ki, tutmur.

Ağ Ev və Səudiyyənin ali simaları isə bir-birləri üçün qırmızı xalı sərməkdə davam edirlər.

Nə cənab Tramp, nə də onun administrasiyası krallıqdakı radikal İslamı İrandakı terrorizm qədər tənqid etmirlər. Nə də ki, Səudiyyə onların mübahisəli səyahət qadağası siyahısına daxildir.

Donald Trampın prezident kimi ilk səfəri Orta Şərqə olub və o, Səudiyyə və İsrail liderləri ilə görüşüb.

Səudiyyə Ərəbistanı ABŞ-ın silah satdığı əsas ölkədir.

 

Rusiya

 

Rusiya həm Səudiyyə Ərəbistanı, həm də İran ilə müttəfiqdir. Hər iki ölkə ilə iqtisadi əlaqələri var. Eləcə də hər iki ölkəyə müasir silahlar satıb.

Rusiya Tehran ilə Riyad arasındakı gərginlikdə görünür ki, tərəf saxlamır. Əksinə arada vasitəçi rolunu oynamağa üstünlük verdiyini göstərir.

Moskvanın Orta Şərqdəki məsələlərə Soyuq Müharibə dövründən qarışdığını görmək olar. Belə ki, Sovet İttifaqı Suriya hərbçilərini silahla təmin edir və təlimlər keçirdi.

Suriyadakı və regiondakı təsiri, Sovet İttifaqı dağıldıqdan sonra səngisə də, Moskva yenidən bu yolda işləyir.

Suriya müharibəsində Rusiyanın havadan müdaxiləsi, və İranın dəstəyi Bəşər əl-Əsədin xeyrinə olub.

 

Türkiyə

 

Türkiyə, Orta Şərqdə artan hərbi və siyasi inkişafda İran ilə Səudiyyə Ərəbistanı arasındakı incə xətti basdalayıb.

2002-ci ildə hakimiyyətə gələn İslam-yönlü Ədalət və İnkişaf Partiyası Ankaranın regional məsələlərə müdaxiləsini artırıb.

Sünnilərin üstünlük təşkil etdiyi Türkiyə, Səudiyyə Ərəbistanı ilə məzhəb qohumluğu və Suriya hökumətinə qarşı ortaq mövqeyi vasitəsilə yaxın olub.

Türkiyənin İran ilə soyuq münasibəti, onların ərazidəki kürd təsirinə qarşı birgə addım atmasının qarşısını almayıb. Belə ki, hər iki ölkə kürdləri təhlükə kimi görürlər.

 

İsrail

 

İsrail dövləti 1948-ci ildə qurulub və əhalisinin əksəriyyətini yəhudilər təşkil edir. bununla belə, ərəb dünyasından Misir və İordaniya ilə diplomatik münasibətləri mövcuddur.

İran və İsrailin bir-birlərini görməyə gözləri yoxdur. İran İsrailin dövlət kimi mövcudluğunu qəbul etmir.

İsrailin baş naziri Benjamin Netanyahu beynəlxalq ictimaiyyəti İranın nüvə silahı almasına qarşı səsləyib.

O bildirib ki, regionun bəzi ərəb ölkələri ilə əməkdaşlıq etmək istəyinə İranın artan təsiri mane olur. Səudiyyə Ərəbistanı, İsrail mediasının sentyabrda səudiyyəli şahzadənin İsrailə səfəri xəbərlərini inkar edib.

 

Misir

 

Misir Orta Şərq siyasətində adətən əsas rolu oynayıb və tarixən Səudiyyə Ərəbistanı ilə münasibəti İrandan daha yaxşı olub. Xüsusilə də İslam inqilabından sonra.

Səudiyyə Ərəbistanı da islamçı prezident Məhəmməd Mursinin 2013-cü ildə ordu tərəfindən devrilməsini də dəstəkləyib.

Lakin Misir ilə İran arasında yaxınlaşmalar da olub. Belə ki, 2016-cı ildə Səudiyyə Ərəbistanı şirkəti «Aramco» Misirdə neft ixracatını dayandırdıqdan sonra, İran Misir-İraq neft sazişinə sponsorluq etmişdi.

Səudiyyə Ərəbistanı ilə İran arasında son zamanlar artan gərginlik arasında, Misir prezidenti Əbdül Fəttah əl-Sisi «regiondakı artan gərginlikdən yayınmaq çağırışları edib, amma Körfəz ölkələrindəki təhlükəsizlik və stabillik bahasına başa gəlməsinə də göz yuma bilməyəcəyini deyib».

«Körfəzin milli təhlükəsizliyi, Misirin milli təhlükəsizliyi deməkdir. Səudiyyə Ərəbistanının ağıllı və iradəli liderliyinə inanıram», cənab Sisi deyib.

 

Suriya

 

Prezident Bəşər əl-Əsəd rəhbərliyi altında Suriya hökuməti İran ilə çiyin-çiyinə irəliləyir.

İran tarixən Suriya liderlərini dəstəkləyib və üsyankar və cihadçı qruplara qarşı mübarizədə Suriya ordusuna hərbi və şəxsi yardımlar edib.

İran cənab Əsədi heterodoks şiə ələvi məzhəbinin ən yaxın ərəb üzvü kimi görür. Eləcə də Suriya, İranın Livandakı şiə qruplaşması Hizbullaha silah ötürmələrinin əsas tranzit mövqeyidir.

Hizbullah Suriya hökumətini müdafiə məqsədilə minlərlə döyüşçü səfərbər edib.

Suriya hökuməti tez-tez Səudiyyə Ərəbistanını Orta Şərqdə dağıdıcı siyasət aparmaqla ittiham edir.

 

Livan

 

Livanın Səudiyyə Ərəbistanı ilə münasibəti qarışıqdır.

Livanın baş naziri Saad Həririnin Səudiyyə hökuməti ilə yaxşı münasibətləri var. Təbii ki, o da İrana qarşıdır.

Digər tərəfdən isə Livanın Hizbullahı İran ilə müttəfiqdir və kifayət qədər dəstək göstərir. Hizbullah lideri Həsən Nəsrullah tez-tez Səudiyyə Ərəbistanı hökumətinə «hücum» edir.

 

Körfəz ölkələri

 

Körfəz ölkələri Qətər, Bəhreyn və Küveytin Səudiyyə Ərəbistanı ilə münasibətləri keçmişdə İrana nisbətən daha dostcasına olub.

Lakin Qətər- Səudiyyə Ərəbistanı münasibətləri, bu ilin əvvəlində Səudiyyə Ərəbistanının Qətərdən İran ilə əlaqələrini kəsməsini istəməsindən sonra gərginləşib.

Səudiyyə Ərəbistani, BƏƏ, Misir və Bəhreynin Qətərə qarşı iyulda yaratdığı blokadadan sonra, İran Qətərə qida ilə dolu beş təyyarə yollayıb.

Avqustda Qətər və İran diplomatik münasibətlərini tam bərpa ediblər

Bəhreyn və Küveyt isə daha çox Səudiyyə Ərəbistanına meyllidirlər.

Bəhreynin sünni kralı və ailəsi siyasi və hərbi postları tutsa da, ölkənin 70%-i şiələrdən ibarətdir.

Bəhreyn İranı ölkə daxilində hakimiyyəti devirmək üçün «terrorçu qruplara» təlim keçməkdə ittiham edir. Eləcə də ölkənin şiə müxalifətini İranla əlaqələr qurmaqda günahlandırır.

Hökumət oktyabr ayında bildirib ki, «İran İnqilabı Keşikçilərinin genişlənmə siyasətinin ən çox təsir etdiyi ölkədir».

Küveyt Qətər ilə blokada qurmasa da, İran ilə münasibətdən daha çox Səudiyyə Ərəbistanına meyllənib.

Küveyt fevral ayında Ərəb-İran münasibətlərinin yaxşılaşmasına səsləyib və İran prezidenti Həsən Ruhani 2013-cü ildə prezident seçildikdən sonra, ilk dəfə İran-Körfəz ölkələri gərginliyini müzakirə etmək üçün buraya səfər edib.

Səudiyyə-Qətər böhranının ardından, Küveyt 15 İran diplomatını ölkədən xaric edib və İranla əlaqəli hərbi, mədəni və ticarət missiyaları daşıyan obyektləri bağlayıb.

 





13.11.2017    çap et  çap et