Vaxt.Az

«Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...»


 

Sakinlərin kompensasiya davası davam edir: «Həyət və yardımçı sahələr nəzərə alınmadı»

«Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...» Köhnə Sovetski məhəlləsində – Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində evlər ilin əvvəlindən sökülüb. Lakin sakinlərlə Yasamal Rayon İcra Hakimiyyəti arasında kompensasiya mübahisəsi hələ də davam edir. Bəşir Səfəroğlu küçəsi, ev 31-də yaşamış sakinlər kompensasiyanın yaşayış sahəsinə uyğun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.

Bu barədə virtualaz.org-a şikayətçilər məlumat verib.

Şikayətçi Vüqar Əsgərov deyir ki, ümumi sahəsi 216 kvadrat metr olan həmin ünvanda 3 ailə yaşayıb: «2014-cü ilin əvvəlində «Azer Ekspert» MMC tərəfindən evlərin ümumi sahəsi hesablandı. 189 kvadrat metr ümumi yaşayış sahəsi üçün 220 min 788 manat təklif edildi. Həyət və yardımçı sahələr nəzərə alınmadı».

Ekspertlər də həyətin ümumi qiymətləndirməsini aparıblar və ərazi 340 min manat dəyərləndirilib. Buna baxmayaraq, sakinlərə 189 kvadrat metr deyil, 115 kvadrat metrə uyğun kompensasiya ödənilib. Yəni yaşayış sahəsinin 74 kvadrat metri üçün ödəniş olmayıb. Buna görə də, sakinlər söküntüyə etiraz ediblər.

«Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev atama deyib ki, əlavə olaraq öz cibindən 10 min manat ödəyə bilər. Çünki söküntüyə özü nəzarət edir və buranın ağası odur, heç kim onun istəyi olmadan qərar verə bilməz. Atam isə icra başçısının təklifini qəbul etməyib», - şikayətçi deyir.

Əsgərovlar ailəsi məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi iddianı rədd edib, Bakı Apellyasiya Məhkəməsi isə kompensasiyanın evin ümumi sahəsinə uyğun ödənilməsinə qərar verib. «Hamı işdə olanda Mehdiyev öz qoçu dəstəsi ilə gəlib, atamı alqı-satqı müqaviləsinə qol çəkməyə məcbur edib. Sonra məhkəmənin qərarını nəzərə almadan evlərimizi yerlə yeksan ediblər», - şikayətçi deyir.

Sakinlər onu da söyləyirlər ki, gecəqondu tipli daxmalarda yaşayanlar üçün evlərini tərk etmək asandır. Onlar isə təmirli, tam şəraitli evlərdə yaşayıblar. Bu ilin fevralından, yəni söküntüdən sonra kirayədə yaşamağa məcbur olublar: «Bu mülk babamızdan miras qalmışdı. Sənədsiz evlərlə bizim evlər arasında arasında fərq qoyulmadı».

Sakinlər iddia edirlər ki, evlərin qiymətləndirilməsi İbrahim Mehdiyevin əhval-ruhiyyəsindən asılı olub. Keçmiş başçı kefinin kök vaxtında ödənilən məbləği artırıb, əsəbləşəndə isə ümumi sahənin azaldıldığını, etiraz edənlərin cəzalandırıldığını söyləyib. Məhz ona görədir ki, indi evləri sökülmüş onlarla sakin kompensasiya üçün məhkəmələrə müraciət edib.

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində sakinlərin iddia ərizəsinə təkrar baxılacaq.

Ülviyyə XUDİYEVA

 





18.11.2017    çap et  çap et