Vaxt.Az

Abidələr düşməni - Abidin ...


 

... və sonuncu mogikan Mehparə: «Dedilər dövlətin layihəsidir, çıxmalısınız...»

Abidələr düşməni - Abidin ... Bakının Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 13-15 ünvanında tarixi tikili kimi qorunan 5 mərtəbəli yaşayış binası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi xəbərdarlıqlarına baxmayaraq sökülüb. Bu barədə fotoları ötən buraxılışmızda dərc etmişdik və nazirlik açıqlamışdı ki, binanın sökülməsinin yolverilməz olduğu barədə Nərimanov rayon İcra Hakimiyyətinə iki dəfə xəbərdarlıq edilib. Ancaq İcra Hakimiyyətinin sifarişçisi ilə podratçı şirkət binanı sökməyi dayandırmayıb.

Bu gün tarixi binanın sökülməsindən hiddətlənən sakinlərin virtualaz.org-un redaksiyasına şikayəti əsasında söküntü gedən ünvana yollandıq. Binanın söküntüsünü «Çarbağ» MMC adlı şirkət aparır. Şirkət tərəfindən hasarlanan ərazidə buldozerlər işləyir, özül qazılır.

Lakin sakinlər binanı çoxdan tərk edib. Təkcə  Aqşin adlı sakindən başqa heç kimi görmədik. Onun sözlərinə görə, binada yaşayanlara dövlət layihəsi əsasında binanın söküldüyünü deyərək evlərindən çıxmağa məcbur ediblər.

 

«Təxminən bir ay əvvəl başladılar sökməyə...»

 

«Bu binada 30 ailə yaşayırdı. Təxminən bir ay əvvəl başladılar buraları sökməyə. Bizə də dedilər ki, dövlətin «pilot layihə»dir, bizimlə razılaşmalısınız. Bu binanı söküb yerində çoxmərtəbəli bina tikəcəyik, çıxın buradan. Başqa çarəmiz yox idi. Biz özümüz də bu binanın qorunan tarixi bina olduğunu təzə öyrənmişik. Bizə vəd veriblər ki, evimizin sahəsindən 20 faiz artıq sahədə mənzil veriləcək. Amma bununla bağlı notariusda təsdiq olunmuş hər hansı sənəd verməyiblər. Ona görə narahatıq, necə olacaq, bilmirik»-əşyalarını yır-yığış etməklə məşğul olan sonuncu sakin deyir.

 

Sonuncu «mogikan» Mehparə

 

Həmsöhbətimiz hamının köçdüyünü, yalnız bir sakinin – Mehparə adlı qadının razılaşmayaraq hələ də binada yaşadığını dedi. Ancaq həmin qadının qapısını nə qədər döysək də, açan olmadı. Qonşuluqdakı kafedə çalışanlardan öyrəndik ki, həmin qadını buradan çıxara bilmədiklərindən hələ binanı tam dağıda bilmirlər.

Məlum oldu ki, burada yaşamaq təhlükəli olduğundan ötən gecə onu qızı yanına aparıb.

«Burada yaşamaq çox təhlükəlidir, özünüz də görürsünüz ki, hər yeri uçururlar. Hamını aldadıb çıxardılar, bircə o qadın razılaşıb çıxmırdı. Onun da evinin qazı, suyu, işığı kəsilib. Buldozerlər işləyir, bina xarabalığa dönüb. Yəqin qızı da qorxduğuna görə ötən gecə gəlib anasını buradan apardı. Amma o qadın çıxmaq istəmir, harada olsa indi gələr», - deyə kafenin işçiləri bildirirlər.

Həqiqətən də mənzildə yaşamaq çox təhlükəli idi. Elə qapını döyərkən bayıra açılan kiçik pəncərədən içəriyə dolmuş kəskin qaz iyini hiss etdik. Qapıdan aralanmağa imkan tapmamış tikinti şirkətinin əməkdaşları başımızın üstünü kəsdirdi.

Özünü şirkətin əməkdaşı kimi təqdim edən Sadiq Vəliyev bildirdi ki, bütün sənədlər qaydasındadır və sakinlərlə aralarında heç bir narazılıq yoxdur.

 

«Özü də burada erməni yaşayıb...»

 

«Axı Mədəniyyət və Turizm Nazirliyi bu binanın söküntüsünün yolverilməz olduğunu bəyan edib», «Bəs binanın tarixi tikili olduğunu bilirdinizmi?», sualına isə şirkət rəsmisi burada heç bir tarixi tikili görmədiyini dedi: «Bəs nazirlik bizə niyə bu barədə bildirmir? Tarixi bina deyəndə burada əvvəllər cəmi bir mərtəbə olub və «JEK» yerləşib. Özü də burada erməni yaşayıb. Sonradan üstünü tikiblər. Bu «pilot layihə»dir, bina söküləcək, yerində daha gözəl, əzəmətli bina tikiəcəyik».

S. Vəliyev deyir ki, tikintiyə Nərimanov Rayon İcra Hakimiyyəti (icra başçısı Abidin Fərzəliyrv - red.) tərəfindən icazə verilib: ««Pilot layihə»dir, icazə verməsələr, şəhərin ortasında necə söküntü apara bilərik? Bizə dövlət icazə verib, Nərimanov Rayon İcra Hakimiyyəti icazə verib».

Şirkət rəsmisi bizə əvvəlcə tikinti şirkətinin rəhbərliyi ilə danışmağı məsləhət görür: «Siz əgər araşdırmağa gəlmisinizsə, yaxınlaşın rəhbərliyə ondan sonra şəkil çəkin».

 

Burada niyə şəkil çəkmək olmaz ki?

 

Biz də elə rəhbərliklə görüşmək istədiyimizi dedik. Elə bunu demişdik ki, şirkətin özünü təqdim etməyən digər bir əməkdaşı kobud şəkildə üzərimizə şığıdı: «Siz niyə burada şəkil çəkirsiniz? Burada şəkil çəkmək olmaz. Çıxın gedin buradan. Rəhbərlikdən də heç kim yoxdur».

Həmin işçi kobud tərzdə tikintiyə rəsmi icazələrinin olduğunu, lakin onu bizə göstərməyəcəyini dedi: «Biz sizə niyə icazəni göstərməliyik ki? Sizin kimi bura yüz nəfər adam gəlir. Çıxın gedin buradan, dünən çəkmisiniz də», - deyə bildirdi.

Lakin aydın olmur ki, Bakının mərkəzində tarixi əhəmiyyətli binanın söküntüsünü çəkmək niyə qadağan imiş. Axı burada hansısa hərbi təyinatlı obyektdən söhbət getmir.

Beləcə Bakının daha bir tarixi binası tarixə qovuşmaqdadır və yəqin ki, tezliklə onun yerində daş-daş üstə qalmayacaq, əvəzində hansısa göydələn ucalacaq...

 





21.11.2017    çap et  çap et