Vaxt.Az

Şimali Koreyada qadın əsgərlərə «təcavüz edilir»


 

Çəltik qabığından hazırlanmışdı döşəklərdə yatan, adi normal bezləri həsrət qalan, ümumi tualetdən istifadə edən zərif cinsin sərt nümayəndələri

Şimali Koreyada qadın əsgərlərə «təcavüz edilir» Şimali Koreyadan qaçan bir qadın əsgər, dünyanın ən böyük dördüncü ordusunda stress və qidalanma çatışmazlığı ucbatından qadınların aybaşı olmadığını, təcavüzün isə bir çox qadın əsgərlər üçün adi hal olduğunu deyir.

Təxminən 10 il əsgər olan və 10 ildən uzun bir müddət əvvəl Şimali Koreyanı tərk edən Li So Yon (Lee So Yeon) eyni otağı paylaşdığı 20-dən çox qadınla olan xatirələrini bölüşür.

«Çox tərləyirdik. Döşəklərimiz çəltik qabığından hazırlanmışdı və buna görə də vücudumuzun qoxusu döşəklərə çökürdü. Heç də xoş hal deyildi.

Ən çətin şeylərdən biri də duş qəbul etmək idi. İsti su yox idi və dağdan gələn suya bağlı bir borunun altında yuyunurduq. Borudan üstümüzə qurbağalar və ilanlar düşürdü».

Bir universitet professorunun qızı kimi ölkənin şimalında dünyaya göz açan So Yonun artıq 41 yaşı var. Ailəsindəki bir çox kişilər orduda qulluq edir. O, 1990-cı illərdə ölkədəki quraqlıq səbəbi ilə baş qaldıran qıtlığa görə könüllü əsgər olmaq qərarına gəlir. Hər gün yemək yeyə bilmək üçün bu ən yaxşı variant imiş.

O dövrdə minlərlə gənc qadın eyni yolu seçirdi.

«Qıtlıq xüsusilə də qadınlar üçün çox çətin bir dövrə yol açdı», Şimal Koreyanın Gizli İnqilabı kitabının müəllifi Jiun Bik (Jieun Beak) deyir.

«Orduya daha çox qadın qoşuldu və beləliklə də, pis münasibət, zorakılıq və təcavüzə məruz qalan qadınların da sayı artdı».


Şimali Koreyadan qaçanlara nə dərəcədə etibar etmək olar?


Jiun Bik, Li So Yonun danışdıqlarının daha əvvəl eşitdiyi hekayətlərə oxşar olduğunu söyləyir, lakin Şimali Koreyadan qaçanların sözlərinə şübhə ilə yanaşmaq lazım gəldiyini də vurğulayır.

«Şimali Koreyadan gələn məlumatlara dair böyük bir tələb mövcuddur. Bu vəziyyət ölkədən qaçan insanları mediaya şişirdilmiş hekayətlər danışmağa təşviq edir. Ələlxüsus da müsahibə verdikləri media qurumu onlara pul verirsə.

«Şimali Koreyadan qaçdıqdan sonra, mediaya müsahibə vermək istəməyənlər isə bu «karyera düşkünlərini» tənqid edirlər. Bunu unutmamaq lazımdır».

Bir tərəfdən də Şimali Koreyanın rəsmi qaynaqlarından gələn məlumatlar təbliğatdan başqa bir şey deyil.

BBC qeyd edir ki, Li So Yonun bu müsahibəsi üçün pul ödəməyib.

17 yaşında orduya qoşulan Li So Yon əvvəllərdə ordudakı həyatı bəyənib. Ona hətta, saç feni də verilibmiş. Elektrik enerjisi tez-tez kəsildiyinə görə həmin feni çox işlətmək So Yona nəsib olmayıb amma.

Qadınlar və kişilər üçün olan gündəlik rejimlər demək olar ki eyni imiş. Qadınlara daha az fiziki məşqlər etdirilirmiş. Fəqət kişilərin azad olduğu təmizlik və yemək bişirmək kimi işləri də qadınlar görməli olublar.

«Şimali Koreya ənənəvi bir patriarxal cəmiyyətə malikdir və cinsilərə aid edilən ənənəvi rollar hələ də hökm sürür», «Şimali Koreya 100 Sualda» kitabının müəllifi Cülyet Morilot (Juliette Morillot) deyir.

«Qadınlara ttukong unjeongsu, yəni «qazan qapağı sürücüsü» olaraq baxılır. Qadınlara «Aid olduğunuz yer olan mətbəxdə qalın» deyirlər».

Çətin məşqlər və azalan yemək rasionları Li So Yon və digər əsgərlər üzərində bir müddət sonra təsirini göstərməyə başlayır.

«6 aydan sonra az qidalanma və stressə görə aybaşı olmamağa başladıq», So Yon deyir.

«Bu, qadın əsgərlərin işinə yarayırdı. Çünki aybaşı zamanı daha çox əziyyət çəkirdik.

Ordu aybaşı olan əsgərlər üçün xüsusi bir şərait yaratmamışdı. Gigiyenik bezlərdən bir dəfədən daha artıq istifadə etməli olurduq.

Qadın əsgərlər kişilərin gözünə görünməmək üçün səhər tezdən durub, şəxsi gigiyenasının qayğısına qalmağa çalışırdılar».

Cülyet Morilot deyir ki, 20 yaşındakı bir qadın əsgər 2 ildir ki aybaşı olmayıb.


Kimlər qaçır?

 

Şimali Koreyadan qaçanların 70 faizi qadınlardır. Bunun qadın işsizliyi ilə bağlayanlar çoxdur.

Qaçanların yarısı 20 və 30 yaşlarındadır. Bunun gənclərin dənizləri daha rahat üzüb, çətinliklərə qarşı daha dözümlü olmasından qaynaqlandığı düşünülür.

 

 

Li So Yon orduya könüllü qatılsa da, 2015-ci ildə Şimali Koreya 18 yaşını keçən bütün qadınların əsgərliyə getməsini icbari sayan qanun qəbul edib. Qanuna görə, qadınlar 7, kişilər isə 10 il məcburi əsgərlik çəkməlidirlər.

Bir tərəfdən Şimali Koreya hökuməti bir qeyri-adi addım ataraq qadın əsgərlərə «Daedong» şirkətinə məxsus ən keyfiyyətli gigiyenik bezlər paylayacağını bildirib.

Jiun Bik deyir ki, bu, qadınların qarşılaşdıqları çətinlikləri yüngülləşdirmək üçün atılmış bir addım ola bilər.

«Qadınların şəraitinin əziyyətli olduğu düşüncəsinin qarşısını almaq üçün bu addımı ata bilərlər. Qadınların «Nə yaxşı, bizimlə maraqlanırlar» deməsi üçün də bu addıma əl atmış ola bilərlər».

Şimali Koreya lideri Kim Çen In 2016-cı ildə Şimali Koreyaya məxsus kosmetik vasitələrin «Lancome», «Chanel» və «Christian Dior» kimi ən məşhur markalarla rəqabət apara biləcəyini vurğulamışdı. Bundan bir az sonra «Pyongyang Products» adlı lüks kosmetika markasının məhsulları bəzi qadın təyyarəçilərə paylanmışdı.

Buna rəğmən, ucqar yerlərdə əsgərlik çəkən qadınların bir qisminin hələ də ayrıca tualeti yoxdur. Morilot ilə söhbət edən bəzi qadınlar bu vəziyyətin onları çıxılmaz halda qoyduğunu, kişilərin gözü qarşısında tualetə getdiklərini və beləliklə, müdafiəsiz qaldıqlarını deyiblər.


Şimali Koreyada əsgərlik


Şimali Koreyalı qadınlar ən azı 7, kişilər isə 10 il məcburi hərbi xidmətdə olmalıdırlar. Bu, dünyadakı ən uzun icbari xidmətdir.

18-25 yaş arası qadınların 40 faizinin orduda xidmət göstərdiyi zənn edilir. Qadınlara əsgərliyin məcburi olması qanunu 2 il əvvəl qüvvəyə mindikdən sonra, sayın gələn illərdə daha da artacağı gözlənilir.

Hökumət ölkə büdcəsinin 15 faizini orduya ayırdığını söyləsə də, araşdırma qurumları rəqəmin 40 faiz ola biləcəyini düşünürlər.

İdman və ya musiqi kimi sahələrdə üstün bacarıqları olan tələbələr əsgərlikdən azad edilə bilərlər.

Həm Bik, həm də Morilota görə, orduda cinsi zorakılığa tez-tez rast gəlmək mümkündür.

Morilot deyir ki, təcavüz mövzusunu araşdırmağa başladıqda qadınlar «başqalarının başına gələn hadisələrdən» bəhs etsələr də, özlərinin təcavüzə uğramadıqlarını söyləyirmişlər.

«Komandirimiz iş vaxtı başa çatdıqdan sonra, otağında qalar və qadın əsgərlərə təcavüz edərdi. Bu, beləcə davam edərdi».

Şimali Koreya ordusu isə cinsi təcavüzə ciddi nəzarət etdiyini deyir və təcavüzdə günahkar bilinən kişiləri 7 ilə qədər həbs cəzası gözlədiyini bildirir.

Cülyet Morilot ümumi olaraq heç kimin ifadə vermək istəmədiyinə görə təcavüzçülərin cəzasız qaldığını söyləyir.


«Eyni zorakılıq mədəniyyəti Cənubi Koreya ordusunda da mövcuddur»


Morilot, cinsi təcavüzlər haqqında səssiz qalınmasının səbəbini «Şimali Koreya cəmiyyətinin patriarxat olmasında» görür. Ən müdafiəsiz qadınlar isə yoxsul ailələrdən gələn, inşaat briqadalarında işləyən və kiçik koma və ya daxmalarda saxlanılan qadınlardır.

«Ailə zorakılığı normal qarşılanır və şikayət edilmir. Eyni vəziyyət orduya da hakimdir.

Bununla yanaşı, eyni zorakılıq mədəniyyətinin Cənubi Koreya ordusunda da mövcudluğunu vurğulamalıyam».

Li So Yon ordudan 28 yaşında ayrılıb. Əvvəl ailəsi ilə daha çox vaxt keçirə biləcəyinə sevinən Yon, bir müddət sonra, bu həyat ilə ayaqlaşa bilmədiyinin fərqinə varır.

2008-ci ildə isə Şimali Koreyadan qaçmaq qərarına gəlir.

Qaçmaq üçün ilk cəhddə Çin sərhədində həbs olunur və bir illik əsir düşərgəsinə göndərilir.

Həbsdən çıxdıqdan az müddət sonra, ikinci cəhddə Tümen çayını üzərək Çinə çatır. Sərhəddə onu qarşılayan bir avtomobillə So Yon, Çindən Cənubi Koreyaya keçir.

 





25.11.2017    çap et  çap et